Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Adi adamların sələm vermək səlahiyyətləri yoxdur

Adi adamların sələm vermək səlahiyyətləri yoxdur

Hüquqşünas:” Sələmçi verdiyi pulun müqabilində girova götürdüyü əmlakı mənimsəyərsə, borclu hüquq mühafizə orqanlarına müraciət etməlidir”

Banklarda problemli kreditlərin sayı çoxaldığından kredit ala bilməyən xeyli insan əlacı sələmçilərdə görür. Sələmçilər heç bir sənəd vermədən, qarşı tərəfin maliyyə vəziyyətini qiymətləndirmədən, ona məxsus əmlakını dəyər-dəyməzinə girov götürərək istədiyi faizi də pulun üstünə qoyaraq borca pul verir. Bu proses rəsmiləşdirilmədiyindən nəzarətsizdir və hər hansı problem yaranarsa, qanuni yolla həll etmək qəlizləşir. Sələmçi xeyli faiz götürdükdən sonra girovu mənimsəyə, geri verməyə də bilər.

“VHS Consulting Hüquq MMC”nin direktoru, hüquqşünas Vüqar Səfərli “Ekspress”ə bildirib ki, sələm anlayışı şəxsin özündə olan pul vəsaitlərinin üzərinə aylıq faizlər qoymaqla başqa birinə borc verməsidir: “Təəssüflə qeyd etmək lazımdır ki, vətəndaşlar əksər hallarda pul vəsaitlərinin qanuni yolla, rəsmiləşdirilməklə kreditə borc olaraq verən təşkilatlara banklara və bank olmayan kredit təşkilatlarına yox, sələmçilərə üz tuturlar. Banklardan kredit almaq üçün müəyyən hüquqi sənədləşmə işləri aparılmalıdır. Borc alanın maddi vəziyyəti, borcu faiz dərəcələri ilə birlikdə qaytarma perespektivləri və s. yoxlanılır. Lakin sələmçidən borc alanda belə bir prosedura ehtiyac olmur. Məhz bu səbəbdən də insanlar sələmçiyə müraciət edirlər. Kreditdən fərqli olaraq, sələm hüquqi yolla tənzimlənmir. Sələmçi ona müraciət edən şəxsin maliyyə vəziyyətini qiymətləndirmədən ona məxsus əmlakını dəyər-dəyməzinə girov kimi qəbul etməklə sələmə pulu verir”.

Səfərli qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə sələm vermək və ya almaq ancaq banklar, bank olmayan kredit təkilatlarına və s. məxsusdur: “Sələm alıb-vermək Azərbaycan Respublikasının mülki qanunvericilik, bank haqqında qanunvericilik və digər normativ aktları ilə tənzimlənir. Ayrı-ayrı şəxslərin sələm vermək səlahiyyətləri yoxdur. Bu özü özlüyündə cinayət məsuliyyətinə səbəb olan hallara gətirib çıxarır. Belə ki, Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə-cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Onu da qeyd edim ki, eyni əməllər külli miqdarda ziyan vurduqda; külli miqdarda gəlir əldə etməklə törədildikdə; mütəşəkkil dəstə tərəfindən törədildikdə – cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
V.Səfərlinin dediyinə görə, əgər sələmçi sələmə verdiyi pulun müqabilində girova götürdüyü əmlakı mənimsəyərsə, əlbəttə, borclu hüquq mühafizə orqanlarına müraciət etməlidir: “Bu zaman sələmçinin əməlinə müvafiq olaraq cinayət işi açılacaq. Həmçinin əmlakı mənimsənilən borclu mülki iddia da qaldıraraq əmlakını və onda dəymiş digər maddi zərərin əvəzini tələb etməlidir”.

Hüquqşünasın bildirdiyinə görə, çox vaxt sələmçilərə müraciət edənlər düşünür ki, sələmə aldıqları pul və bunun müqabilində qoyduqları girov rəsmiləşdirilməyib. Buna görə də sələmçi tərəfindən onların ünvanına baş verə biləcək hər hansı hüquqa zidd əmələ görə aidiyyatı orqanlara müraciət etmək faydasızdır: “Deyək ki, şəxs evini sələmçiyə girova qoymaq müqabilində ondan pul götürüb. Adətən belə hallarda sələmçilər pul verdikləri şəxslərlə həmin girova götürdükləri mənzillə bağlı notarial qaydada alqı-satqı müqaviləsi imzalayırlar. Zərərçəkmiş buna görə də hesab edir ki, onsuz da onun mənzili əldən gedib. Heç cür haqqını tələb edə bilməz. Bildirmək istəyirəm ki, burada niyyət önəmlidir və qanunsuz əqdin etibarsızlığı məsələsi var. Mülki qanunvericiliyimizə görə, qanunsuz tərəflərin iradəsinə zidd olaraq və s. hallarla bağlanan əqdlər bağlandığı andan etibarsızdır. Buna görə də məsləhət görürəm ki, sələmçilərin hərəkətlərindən bu və ya digər formada zərərçəkmiş şəxslər hüquqlarının müdafiəsi üçün aidiyyəti orqanlara müraciət etsinlər”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın