Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Siyasət / ABŞ Yaxın və Orta Şərq siyasətini məcburən dəyişmək ərəfəsində…

ABŞ Yaxın və Orta Şərq siyasətini məcburən dəyişmək ərəfəsində…

Qabil Hüseynli: “Zənn etmirəm ki, ABŞ Yaxın Şərqdən əl çəkəcək, ancaq taktikada və öz prioritetlərinin irəli sürülməsində dəyişiklik nəzərə çarpacaq”

“Bunlar edilməsə, onsuz da günü-gündən azalan Obamanın nüfuzunda aşağıya doğru uçurum baş verəcək”

“The New York Times” qəzeti ABŞ hökumətini hərbi təlimlərə ayırdığı pulların boşa çıxmasına görə sərt tənqid edib. “Bakı-xəbər” xarici mətbuata istinadən xəbər verir ki, qəzet son illər Obama Administrasiyasının bu sahəyə milyardlar ayırmasından və bu vəsaitin havaya sovrulmasından yazıb:
“Son illər ABŞ-ın təlim keçdiyi hərbçilər ya məğlubiyyətə uğrayır, ya da ordudan qaçırlar. Bu da milyardlarla pulun itirilməsi deməkdir. Həm də Obama Administrasiyasının münaqişələrin idarə olunması ilə bağlı yanlış siyasətinin göstəricisidir”.
ABŞ prezidentliyinə respublikaçı namizədi Donald Trampın sözlərinə görə, ölkəsinin silah problemi yoxdur, xəstə insanlar problemi var. Respublikaçı milyarder Oreqon ştatındakı kollecdə baş verən faciəyə münasibət bildirərkən prezident Obamanın çıxışını tənqid edib və ölkəsinin silah problemi yaşamadığını deyib: “İnsidentdən sonra ABŞ prezidentinin çıxışını izlədim. O təkidlə hər kəsi inandırmağa çalışır ki, ABŞ-ın silah və onlara nəzarət problemi var. Əslində isə belə deyil. Bizim ruhi xəstə olan insanlarımız var ki, bu gün ABŞ-ın əsas problemi məhz onlardır”.
Xatırladaq ki, oktyabr ayının 2-də Oreqon ştatının Rozberq şəhəri yaxınlığında tədris müəssisəsinə edilən hücum zamanı 10 nəfər öldürülüb, 20 nəfər yaralanıb.
Qəzet ABŞ-ın Əfqanıstdankakı keçmiş komandanı və səfiri Karl V.Eykenberriyə istinadən onu da qeyd edir ki, Birləşmiş Ştatlar son illər təlim keçdiyi üç əsas ölkədə – Suriya, Əfqanıstan və İraqda uğursuzluğa düçar olub: “Bu ölkələrin üçü də ABŞ üçün xüsusi əhəmiyyət daşıyırdı. Məsələn, Pentaqonun İraqın Ənbər əyalətindəki fəaliyyəti nəticəsiz qaldı. Əfqanıstanda da bir neçə min hərbçi hazırlandı, onlar da taliblərin hücumu ilə zərərsizləşdirildilər. Suriyada hərbi təlimlərə 500 milyon ayrıldı, məlum oldu ki, bu qədər vəsaitin müqabilində ortada cəmi bir neçə əsgər var”.
Amerikalı milyarder, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp başqa bir mövzu ilə də bağlı ABŞ-ın siyasətini tənqid edib. O bildirib ki, Səddam Hüseyn və Müəmmər Qəddafi devrilməsəydi, Yaxın Şərqdə vəziyyət daha stabil olardı. Tramp bütün bunlara ABŞ-ın yanlış siyasətinin səbəb olduğunu deyib: “Liviyaya nəzərə yetirin. Görün, biz orada nələr törətmişik?! Orada xaosdur. Səddam Hüseynə və İraqa baxın. Orada nələr törətmişik?! Yenə xaos.
Bəşər Əsəd devrilsə, eyni şey Suriyada təkrarlanacaq. ABŞ Əsədə qarşı çıxır, amma onun əvəzinə real olaraq kimi dəstəklədiyini bilmir. Bəlkə də o adamlar Əsəddən daha pisdir”.
Tramp Rusiyanın İŞİD-i bombardman etməsindən olduqca məmnun qaldığını da bildirib: “Putinin İŞİD-i bombardman etməsi çox xoşuma gəlir.
Putin İŞİD-dən azad olmalıdır. Çünki bu qruplaşmanın Rusiyaya qədər gəlib çıxmasını istəmir”.
“ABŞ İraq və Liviyanın sabiq diktatorlarının iqtidardan devrilməsi üçün bu ölkələrə girməsəydi, indi Yaxın Şərqdəki vəziyyət bundan yaxşı olardı”. Belə bir açıqlama ilə də ABŞ prezidentliyinə namizəd Respublikaçı Donald Tramp çıxış edib.
Donald Tramp hesab edir ki, Yaxın Şərqin vəziyyəti İraqda Səddam Hüseyn və Liviyada Müəmmar Qəddafinin olduğu dövrdə indikindən daha yaxşı idi.
Tramp hazırki Vaşinqton rəhbərliyinin Suriya ilə bağlı siyasətini müqayisə edərək, nəticənin əvvəlkilərlə eyni olacağını bildirib.
O, həmçinin, İraqdakı İŞİD terrorçularının yaranmasında Ağ Evi ittiham edərək, onları düşünülməyən sistemin qalıqları adlandırıb.
Bu cür ciddi tənqidlər ABŞ-ın Yaxın Şərq siyasətində nə kimi dəyişikliyə səbəb ola bilər?
Politoloq Qabil Hüseynliaçıqlamasında bildirdi ki, ABŞ-ın Yaxın Şərqlə bağlı belə tənqidlərə görə siyasətini dəyişəcəyinə inanmır:
“Ora elə bölgədir ki, dünyanın bütün gücləri həmin məkanda güclənməyə çalışır. ABŞ bu istiqamətdə uzun illərdən bəri formalaşdırdığı doktrina əsasında fəaliyyət göstərir. Həmin siyasətin taktiki tərəfləri isə başqa bir mövzudur. Bu məsələni prezident həyata keçirir. Yaxın Şərqdə ABŞ yox, Obama səhvə yol verib. Tramp doğru olaraq qeyd edir ki, diktatorların devrilməsində yanlışlıq olub. Bir ölkədə məsələ həll edilməmiş başqasına keçiblər. İraqdan qoşunların məsələ tam həll edilməmiş çıxarılması da yanlış siyasətin tərkib hissəsi idi. Bunun nəticəsində oradakı qüvvələr balansı pozuldu. İndi fikir verin, Rusiya həmin bölgədə meydan sulayır. Bu, Obama administrasiyasının buraxdığı kobud səhvin nəticəsində baş verdi. Zənn etmirəm ki, ABŞ Yaxın Şərqdən əl çəkəcək, ancaq taktikada və öz prioritetlərinin irəli sürülməsində dəyişiklik nəzərə çarpacaq. Bunlar edilməsə, onsuz da günü-gündən azalan Obamanın nüfuzunda aşağıya doğru uçurum baş verəcək”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Elçibəyin sabiq silahdaşı müxalifət liderlərini topa tutdu

Elçibəy onlara “adam olun” deyərdi Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin yaxın silahdaşı Cahandar Bayoğlu müxalifət …

Bir cavab yazın