Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / ABŞ-da qərargahlaşan şəbəkələr barədə ABŞ qərarı… – Ümumdünya “e-nizam”ımı yaranır?

ABŞ-da qərargahlaşan şəbəkələr barədə ABŞ qərarı… – Ümumdünya “e-nizam”ımı yaranır?

Ən böyük sosial şəbəkələrin qərargahlaşdığı ölkənin – ABŞ-ın Prezidenti həmin sosial şə­bə­kələrlə bağlı bir sərəncama imza atmış bulunur.

Sosial şəbəkələr deyərəkən –

“Facebook” –Yaranıb: fevral 2004, Kembric, Massaçusets, ABŞ;

“YouTube” – Yaranıb: 14 fevral 2005, San Mateo, Kaliforniya, ABŞ;

“Twitter” – Yaranıb: 21 mart 2006, San-Fransisko, Kaliforniya, ABŞ;

“Instagram” – Yaranıb: oktyabr 2010, Sahibi: “Facebook”… –

Bəli, son 16 ilin icadları olan sosial şəbəkələr artıq elə bir inkişaf (və görünür həm də, “in­kişaf”!) mərhələsinə gəlib çıxdı, insanların, cəmiyyətin (və görünür, həm də, dövlətlərin!) həyatına elə daxil oldu ki… onlar haqqında yeni yanaşmalara, qərarlara ehtiyac yarandı; budur, söz-söhbətlər aləmi başına götürdü və 28 may 2020-ci ildə məhz ABŞ-da, məhz prezident sə­viyyəsində ciddi hüquqi münasibətlə qarşılaşdı: Prezident Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” Sərəncam imzaladı. – Nə baş verir?

– Bu Sərəncamın mahiyyəti nədən ibarətdir? Diqqət edək:

–  “Facebook”, “YouTube”, “Twitter” və “Instagram”  informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələrlə insanların baxışlarını istədikləri istiqamətdə cəm etməyə, yönləndirməyə (formalaşdırmağa) çalışır;

– Sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir;

– “Onlayn” platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyil;

– “Onlayn” platformaların genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzim­lənməsini zəruri edir;

– Daha ümumi şəkildə desək, nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur, bununla da “təhlükəli güc” tətbiq edir;

– Bütün bunlar isə ABŞ qanunlarına, özəlliklə “Kommunikasiya Etikası Qanunu”nun 230-cu bən­dinə uyğun gəlmir. – Ona görə də, ABŞ-ın bu sahədə toxunulmazlığının sınırları aydın­laş­dı­rıl­ma­lıdır;

– ABŞ Prezidentinə görə, özəlliklə, “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir;

-D.Trampın bu mövqeyi sosial şəbəkə yaradıcıları, çoxmilyonlu istifadəçilərin hamısı tərəfindən eyni məhəbbətlə qarşılana bilməz, əlbəttə; əlbəttə, razılaşanlar, anlayış göstərənlərlə yanaşı, tə­rəddüd edib, daha yeni izah və qərarlara ümid edənlər də, razı qalmayanlar, qarşı çıxanlar da olacaq. – Ancaq gəlin etiraf edək, bütün hallarda, sosial şəbəkələr (özəlliklə, yuxarıda adı­ke­çənlər) nəhəng təsir gücünə malikdir və sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyi bugün ABŞ-ın özündə dərindən dərk olunursa, sabah-birisgün bu planda idrak prosesi bütün ölkələri əhatə edəcək. – Necə bilirsiz, ABŞ boyda, ABŞ güc və nüfuzda ölkənin prezidenti belə bir narahtçılıqları bölüşürsə, bu narahatçılıqlar başqa – özəlliklə, inkişaf etməkdə olan ölkələrə şamil deyilmi? Bəs, müstəqillik tarixi cavan ölkələrə necə..?

-Yəqin heç təsadüfi deyil ki artıq Avropada da bir sıra dövlətlər (örnəyi, Almaniya), sosial şəbəkələrin zərərli təsirlərindən qo­runmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib (və proses davam edir);

-Sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada “feyk” bilgilərin, mənəvi-əxlaqi normalara uyğun gəlməyən materialların, terrora, zorakılığa çağırışların, qeyri-qa­nuni ticarətin, digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil edilməsinə, siyasi təlatümlər yaradılmasına münbit ortam yaradır;

-Elə bizim öz respublikamız özü dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, “on­layn” platformalar üzərindən qərəzli kampaniyalarına məruz qalmayıbmı? – Ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam etmirmi? –

Ağzını söyüşlə açıb, qarğışla yumanların “yuvalandığı” (demək olar, yatıb-durduğu) yer olan sosial şəbəkələr… necə deyərlər, isitmir, yandırır; bir az da obrazlaşdırıb, böyütsək, “atom elektrik enerjisi” vermir, “atom bombası”na dönüşür, sanki;

-Azərbaycanın özünəxas siyasət yürüdən bir müstəqil dövlət kimi beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və bərabərindəki ermənipərəst dairələri, əlbəttə, rahatsız edir, bu rahat­sızlıqlar səbəbindən də, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur;

-İnternet azadlığı heç bir vəchlə digər azadlıqları sıxışdırmamalı, gözardı (istərsəniz, qulaqardı, vicdanardı deyək…) etməməlidir, burada dəngənin təmin edilməsi (yaxud qorunması) üçün hüquq tənzimləmələri qaçılmazdır;

-Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı dartışmaların getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələrin qəbul olunduğu, yeni qanunların qəbuluna hazırlıq getdiyi bir vaxtda, belə bir ritorik sual meydana çıxır: respublikamız bu qlobal prosesdən qıraqda qala biləcəkmi? – Qalmalıdırmı? – Yoxsa, ümumdünya “e-nizam”ına öz töhfələrini verməyəmi çalış­ma­lıdır?

Elə bilirəm, bizimçün bu planda ən önəmli məsələlər ərazi bütövlüyümüzlə, su­ve­renliyimizlə, dövlət atributlarımızla bağlıdır. Hər kəlmələri terrorla “error” verənlərin, bayaq da vurğuladğımız kimi, ağzını söyüşlə açıb, qarğışla yumanların yaramazlığı da, sepa­rat­çıların, işğalçı zehniy­yət­lilərin müxtəlif təxribatları da, daha nələr, nələr də, insan hü­quqlarına, ümumxalq maraqlarına, Vətən və ali dövlət çıxarlarına uyğun, bəşəri çağırışlara cavab verən tərzdə “çəki-düzən”ə gətiril­məlidir. Elə deyilmi?  

Əkbər Qoşalı

Həmçinin oxuyun

Putin: “Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”

“Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”. APA-nın Moskva müxbirinin …