Ana səhifə / Siyasət / “907-ci düzəlişi ləğv etməyin zamanı çatıb”

“907-ci düzəlişi ləğv etməyin zamanı çatıb”

“İllər öncə ABŞ tərəfindən “Azadlığa Dəstək Aktı”na edilmiş 907-ci düzəliş həmin dövrün anormal siyasi gedişlərindən biri idi”.

Bunu Azvision.az-a açıqlamasında 90-cı illərin əvvəllərində Azərbaycanda dövlət müşaviri vəzifəsində işləmiş Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, “Azadlığa Dəstək Aktı” adlanan məlum qanun keçmiş SSRİ-nin 12 ölkəsinə müstəqil dövlət quruculuğu, demokratiya və bazar iqtisadiyyatına keçidlə bağlı maliyyə yardımı göstərilməsini nəzərdə tuturdu.

“Amerika dünyanın bir sıra ölkələrinə analoji yardımlar edirdi və bununla bağlı hər il Konqres tərəfindən xüsusi büdcə qanunu qəbul olunurdu. 907-ci düzəlişə gəldikdə isə, bu 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na qəbul edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını yasaqlayan haqsız, ədalətsiz düzəliş idi. Düzəliş guya Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı “blokada”sını dayandırmaq məqsədilə Senator Con Kerrinin və konqresmen Ueyn Ouens tərəfindən irəli sürülmüş və Konqres tərəfindən qəbul edilmişdi.

Maraqlıdır ki, düzəliş amerikalıların özlərinin zamanında “demokratik” hakimiyyət adlandırdıqları cəbhənin dövründə baş tutub. Yəni guya həmin illərdə demokratik qaydalar gündəmə gəlmişdi və belə bir vaxtda ölkəmizə qarşı ədalətsiz addım atdılar. Bu düzəliş sırf ermənilərlə bağlı məsələ idi. Həmin dövrdə Azərbaycan ərazilərində qızğın döyüşlər gedirdi. Müharibənin gedişində hiss olunurdu ki, Azərbaycan hücuma keçmiş qonşularına qarşı az da olsa müqavimət göstərməyi bacarır. Hətta kiçik uğurlar da önə çıxırdı. Beləcə, qərblilərin damarlarında cuşa gələn xristian qanı öz sözünü dedi, konqresmenlər bu düzəlişi reallaşdırdılar. Azərbaycana qarşı yardımların dayandırılmasını özündə ehtiva edən həmin düzəliş Azərəbayacana şamil etməklə bizə təzyiq metodu yaratdılar. Sonrakı illərdə dondurulan düzəlişi tam ləğv etmədilər”.

Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan hökuməti dəfələrlə ortaya konret təkliflər qoyurdu ki, bu ədalətsiz düzəliş ləğv edilsin. Amma ABŞ bu məsələdə maraqlı görünmədi:

“Rəhmətlik Heydər Əliyev belə təkliflə çıxış etmişdi. O, zamanında bu istiqamətdə xeyli səylər göstərdi. Şəxsən Corc Buşla məlum mövzu ətrafında danışmışdı, düzəlişin yersiz olduğunu, Azərbaycanın belə dəyərləndirməyə layiq olmadığını ABŞ prezidentinin diqqətinə çatdırmışdı. Corc Buşun mövqeyi isə belə idi ki, onsuz da bu qanun işləmir, hüquqi gücünü dondurub. Sizə hansısa sanksiya tətbiq edilməyəcək, maliyyə yardımlarımız isə davam edir. Ona görə də, bu düzəliş həmin dövrdən əhəmiyyətsiz sənəd kimi ortalıqda qalıb. Bu günlərdə Azərbaycan Prezidentinə zəng edən ABŞ dövlət katibi isə bir daha məlum ədalətsiz qərardan söz açdı, bildirdi ki, onlar düzəlişi bu il də müvəqqəti dayandırdılar”.

Sabiq dövlət müşaviri hesab edir ki, zamanında erməni məsələləri ilə bağlı qəbul edilmiş 907-ci düzəliş qətiyyən reallığı əks etdirmir. Bu gün sənədin tamamilə ləğv edilməsi gündəmə gəlir:

“Erməni hərbi birləşmələri hücum edərək bütün dünyada tanınan tarixi torpaqlarımızı zəbt etmişdilər, Azərbaycan Ordusu pərakəndə halda olsa da, nisbətən uğurlu müqavimət göstərməyi bacarırdı. 92-ci ildə bir qədər qarışıq situasiya yaranmışdı. O zaman ABŞ yenicə müstəqillik qazanmış müsəlman ölkəsi olan Azərbaycana təzyiq göstərməyə çalışdı. Onda bir qədər informasiya mühiti də fərqli idi. Ermənilər haray-həşir salıb bir çox xarici ölkələri inandırmağa çalışırdılar ki, guya müsəlmanlar Qafqazda xristian ermənilərə qarşı “soyqırımı” tətbiq edirlər.

Düzəliş tətbiq olunanda mən dövlət müşaviri işləmirdim deyə hökumətin hansı formada reaksiya verməsinin detallarını bilmirəm. Amma sonradan hökumət bu məsələlərə ciddi reaksiya verirdi, müəyyən tədbirlər görülürdü. Mən dövlət müşaviri vəzifəsindən gedəndən sonra yəqin ki, ayrı-ayrı rəhbər şəxslər bu məsələ üzərində işləyiblər, qarşı tərəfə qərarın ləğv edilməsinin əhəmiyyətini xatırladıblar. Əslində bu elə də çəkinəcək, qorxulu düzəliş sayılmır. Bizə maliyyə yardımı göstərmirlər, vəssalam.

İstənilən halda bu sənəd artıq ləğv edilməlidir. Çünki münaqişə həllini tapıb, bölgəyə sabitlik gəlib. Bu, çoxdan ləğv edilməli olan qərardır. Məncə, Azərbaycan bununla bağlı hazırlıqlar görürdü ki, məsələ qaldırılsın, okeanın o tayında hazırlanmış məlum ədalətsiz düzəliş aradan qalxsın. Qarşıdakı illərdə sülh danışıqları uğurla nəticələnsə, Amerika da düzəlişin ləğvinin qaçılmaz olduğunu başa düşəcək”.

Həmçinin oxuyun

İRƏVAN TÜRK CÜMHURİYYƏTİNİN ELAN OLUNMASINDAN 1 İL ÖTDÜ

Bu gün İRƏVAN TÜRK CÜMHURİYYƏTİNİN (İTC) birinci ildönümüdür. İTC-nin mühacirətdə elan olunmasına baxmayaraq iki əsrə …