Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / 50 rayonun icra başçısından Prezidentə ilginc ŞİKAYƏT…

50 rayonun icra başçısından Prezidentə ilginc ŞİKAYƏT…

Moderator.az-a bir qrup sahibkar tərəfindən prezident İlham Əliyevə ünvanlanmış çox ilginc bir şikayət məktubu daxil olub.
Müraciətdə deyilir:
“Düz 15 gündən sonra hamımız ümumxalq səsverməsi günü Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi konstitusiya islahatlarına dəstəyimizi ifadə etmək üçün seçki məntəqələrinə axışacağıq. Bəli, biz 26 sentyabrda heç bir tərəddüd etmədən cənab prezidentin yanında olduğumuzu yekdilliklə ifadə edəcəyik. Çünki onun özünün və yürütdüyü siyasətin alternativi olmadığına tam əminik və buna görə də cənab prezidentə dəstəyimizi bildirməyi həm vətəndaşlıq, həm də mənəvi borc hesab edirik.
Amma onu da bildirməyi vacib hesab edirik ki, ölkə vətəndaşları, ölkənin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən kəsimi çox ağır və acınacaqlı durumdayıq. Bəli, bizi elə günə salıblar ki, hətta sahibkar olduğumuzu bildirməyə çətinlik çəkirik. Çünki bir ölkədə arxasında prezidentin dayandığı sahibkarlar ordusuna qarşı məmur korpusu tərəfindən belə yaramaz münasibət sərgilənməz. Bir sözlə, bizə bir sahibkar kimi özümüzü ifadə etməyə imkan vermədilər, hər addımda bizi müflisləşdirmək, əlimizdə-ovcumuzda olanı qamarlayaraq bizi quru yurdda qoymaq siyasəti ilə üzləşdik. Hansı rayonda icra başçılarının çağırışına səs verərək abadlıq-quruculuq işlərinə girişsək də hər dəfə peşmançılıq hissindən qurtula bilmədik.
Cənab prezident!
Sizə inamımız və etibarımız sonsuzdur və heç bir şübhəmiz yoxdur ki, Sizin səmimi olaraq ölkə sahibkarlarının üzləşdiyi çeşidli problemlərdən və məmurlar ordusunun bizə tutduğu divandan təfsilatı ilə məlumatınız yoxdur. Əgər olsaydı tam əminik ki, sizin cəmiyyətdəki nüfuzunuza sarsılmaz zərbə vuran bu nankorları, bu “balaca padşahlar”ı ən sərt şəkildə cəzalandırarsınız.
Amma çox xahiş edirik son 5-6 ildə dövlət büdcəsindən rayonlara ayrılan vəsaitlərin necə xərclənməsini yoxlamaq üçün ayrıca komissiya yaradasınız və büdcə vəsaitlərinin icra başçıları tərəfindən necə amansızlıqla, sanki yağı malı kimi talandığının şahidi olarsınız. Konkret olaraq rayonların adını çəkməyə də gərək yox, çünki istisnasız olaraq elə rayon yoxdur ki, orada icra başçıları ilə sahibkarlar arasında münaqişə və xərclənən vəsaitlərin halalca sahibinə ödənilməsindən imtina edilməsi faktına rast gəlinməsin. Demək olar ki, bütün rayonlarda icra başçıları bizləri aldadaraq külli miqdarda vəsaitə başa gələn yenidənqurma işlərini gördürdükdəın sonra pulumuzu ödəməkdən imtina ediblər və pulumuzu tələb edərkən polis və prokurorluq orqanlarının əli ilə özümüzü, ailə üzvlərimizi və yaxın qoyumlarımızı təhdid ediblər.
Ona görə də ümid edirik ki, referendumdan sonra mərkəzi hakimiyyətin möhkəmlənməsi prosesini başa çatdırmaqla kifayətlənməyəcəksiniz və icra başçılarının istisnasız olaraq hamısından sahibkarlara tutduqları divanın hesabını soracaqsınız. Biz heç şübhə etmirik ki, şəffaf və tərəfsiz yoxlama aparılsa az qala 50 rayonun icra başçısı nəinki vəzifəsindən kənarlaşdırılar, onların əksəriyyəti Cinayət Məcəlləsinin bir sıra maddələri ilə dəmir barmaqlıqlar arxasına düşər. Çünki bu illər ərzində icra başçıları sözün həqiqi mənasında rəhbərlik etdikləri rayonlarda allahsızlıq ediblər və zülmün ərşə dayanmasının baiskarı olublar. Ona görə də həmin icra başçılarının qanun qarşısında məşhər ayağına çəkilməsi ilə vətəndaşın Sizə olan sonsuz inamını onqat artırmış olarsınız.
Biz bir daha əmin olduğumuzu bildirmək istəyirik ki, referendumdan dərhal sonra icra başçılarının bu hegemonluğuna son qoyacaqsınız, onların sahibkarlardan oğurladıqları pulların geri qaytarılması üçün xsusi tapşırıq verəcəksiniz. Sizi əmin edirik ki, geri qaytarılan həmin vəsaitləri yenidən Sizin çağırışınıza qoşularaq yeni iş yerlərinin açılmasına, nəhayət ölkə sahibkarlığının rahat fəaliyyətinə sərf edəcəyik”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın