Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / 40 yaşında muradına çatan “Komandir”

40 yaşında muradına çatan “Komandir”

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant, Milli Qəhrəman Murad Mirzəyevin həyat və döyüş yolu haqqında

“Kiçik yaşlarından idmana çox böyük marağı var idi. Kənddə karate dərslərinə gedirdi. 12-13 yaşı olanda anası mənə dedi ki, uşaq hərbçi olmaq istəyir. Dedim qoy böyüsün, 10-cu sinfi bitirsin, sonra ölçüb-biçib seçimini edər… Ancaq 14 yaşında qəti qərarını verdi. İsrarla xahiş etdi ki, ”ata, məni Bakı şəhərindəki Cəmşid Naxçıvanski adına Hərbi Liseyə apar!” 
Aprelin 4-də, Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Murad Mirzəyevin atası Telman Mirzəyevin dediklərindəndir. Son döyüşü ilə bütün Azərbaycanın iftixarına çevrilən oğlundan fəxrlə danışan şəhid atası hələ uşaq yaşlarından onun hərb sənətinə olan marağından bəhs edir.
O zaman Muradın hərbçi olmaqla bağlı təkidini görən ata onun sənədlərini toplayıb liseyə təqdim edir. Üç imtahan verərək liseyə qəbul olunan Murad Mirzəyev təhsil dövründə çoxlarından fərqlənir, hər kəsin rəğbətini qazanır. Şah İsmayıl Xətainin şah taxtına çıxdığı yaşda hərbi məktəbə qəbul olunan Muradı atası elə o vaxtdan “Komandir” çağırır. Muradgil ailədə 4 uşaq olub: 2 qız, 2 oğlan. Gələcəyin polkovniki uşaqların böyüyü idi…
 
Uşaqlıq dostu Hacı Mirtərlan Mirişovun dediklərindən: “Uşaqlıqdan idmana böyük həvəsi var idi. Ancaq çox qapalı adam idi, sirr verməyi xoşlamırdı. Çox intizamlı şagird idi. 8 il Sabirabadın Muğangəncəli kənd məktəbində bir yerdə oxuduq, sonra Murad bizdən ayrıldı, Naxçıvanskiyə oxumağa getdi. Ancaq sonrakı illərdə də əlaqəni kəsmədik. Valideynlərimiz yaxın dost olub. Elə bizim dostluğumuz da oradan başlamışdı. Onun hərbçi olması sinfimizdə çoxlarını həvəsləndirmişdi. 11-ci sinfi bitirəndə daha 3 nəfərimiz  hərbi məktəbdə oxumaq üçün sənəd verdik. İkimiz imtahanlardan keçə bilmədi, ancaq bir sinif yoldaşımız hərbi məktəbə qəbul olundu”.
Dostu deyir ki, Muradgil hələ Hərbi Liseydə təhsil aldığı zaman, 1992-ci ildə Qarabağda döyüşmək üçün müraciət edibmiş. 13445435_1719862968294165_3104594519933192823_n.jpg göstərilir
13445435_1719862968294165_3104594519933192823_n.jpg göstərilir
Ehtiyatda olan zabit Vəkil Piriyev isə Murad Mirzəyevlə ilk dəfə 1992-ci ildə, Naxçıvanski adına Hərbi Liseyin idman zalında tanış olub: “Murad karate ilə məşğul olurdu. İlk gündən aramızda səmimiyyət yarandı. Daha sonra bu səmimiyyət Mədəniyyət Evindəki tədbirlərdə daha da artdı. Axı, Murad qeyri-adi istedada malik idi. O, idmanla yanaşı, musiqi ilə də məşğul olurdu, qarmonda bir-birindən gözəl musiqilər ifa edirdi”. Vəkil Piriyev o illəri xatırladıqca çöhrəsindəki təbəssümlə acı təəssüf hissi bir-birini əvəz edir…
***
Naxçıvanski adına Hərbi Liseyi fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1994-cü ildə Murad Mirzəyev Türkiyə Ali Hərbi Quru Qoşunları məktəbinə (Kara Hərb Okuluna) qəbul olunur. Növbəti il Vəkil Piriyev də həmin məktəbə qəbul olmaq şansı qazanır və liseydən başlayan dostluq davam edir.
Dostu deyir ki, Murad qardaş ölkədə də ancaq idman və təhsillə məşğul olmaqla bir nümunə idi: “Sonradan mən Türkiyə Karate Do Federasiyasına, Murad isə Cüdo Federasiyasına üzv oldu. Tətil vaxtı da bir yerdə olurduq, ya mən onlara gedirdim, ya o bizə gəlirdi, ailələrimiz də doğmalaşmışdı. Oranı da əla qiymətlərlə bitirdi. 24 ilin dostu haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Amma bir insana olan hörmət onun həyatda olmadığı zaman bilinir. Muradın necə bir insan, necə hərbçi olduğunu onu son mənzilə yola salan insan seli bir daha sübut etdi”.
***
Zəruri qeyd: Murad Mirzəyevə Kara Hərb Okulunun diplomunu və xatirə qılınc və məzun “üzüyü”nü o zaman Türkiyənin prezidenti olan Süleyman Dəmirəl şəxsən təqdim edir. Bu təqdimat isə TRT 1 kanalı ilə canlı yayımlanır. Üstəlik, Murad 1998-ci ilədək birgə təhsil aldığı 600 yerli və əcnəbi tələbələr arasında birinci olur və “Onur başkanı” təyin edilir. Elə həmin ilin sentyabrından Eyirdir Dağ Komando məktəbində 3 aylıq, 1999-cu ilin yanvar-iyun aylarında isə İstanbuldakı Tuzla Piyada Məktəbinin kurslarını uğurla başa vurur. Onun şücaəti və bacarığı dünyanın ən güclü ordularından birinə malik olan qardaş ölkədə də diqqətlə izlənildiyindən Türkiyə Silahlı Qvvələrinin 4-cü Motoatıcı Briqadasında tağım komandiri vəzifəsinə təyin olunur. Oğlunun bu cür yüksək göstəricilərindən isə ata-ananın ürəyi dağa dönürdü…
Uşaqlıqdan Qarabağ torpaqlarını azad etmək arzusu ilə yaşayan Muradın ürəyi Azərbaycanda idi və Azərbaycanın Müdafiə Nazirliyi onu ölkəmizə xidmətə dəvət edəndə təklifi can-başla qəbul edib geri dönür… 
Bir müddət Gəncədəki “N” saylı hərbi hissədə xidmət edən baş leytenant Murad Mirzəyev daha sonra öz arzusu ilə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirir. Cəsarəti, peşəkarlığı, böyük uğurları, yüksək bacarığı zaman-zaman qiymətləndirilir, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində xidmət etdiyi dövrdə briqada komandiri vəzifələrinə qədər yüksələn Murad Mirzəyev dəfələrlə mükafatlandırılır.
***
Ana dili ilə yanaşı, türk, rus, ingilis və erməni dillərini mükəmməl bilən Murad Mirzəyev peşəkar və yüksək hazırlıqlı kadr kimi Azərbaycan Ordusunu ölkə xaricində də yüksək səviyyədə təmsil edir və əcnəbilərin diqqətini çəkir. O, 2005-2007-ci illərdə ABŞ-ın Virciniya ştatında ingilis dili və xüsusi təyinatlılar üçün nəzərdə tutulmuş “Ranger” kursunu yüksək səviyyədə tamamlamaqla bir ilkə imza atır. Murad Mirzəyev hələ ki, bu kursu bitirən yeganə azərbaycanlı hərbçidir. Sonrakı illərdə 8 ölkədə, o cümlədən Türkiyə, Ruminiya, Macarıstan, Yunanıstan, İordaniya Krallığındakı kursları da üstün dərəcə ilə başa vurur.
Sonuncu ali mükafatı isə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə alır. Ölkəmizin ərazi bütövlüyünün qorunub-saxlanmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür…
***
Həyat yoldaşı Fizzə Əliyeva üçün danışmaq elə də asan deyil. Amma çətin də olsa, bu fədakar xanım düşüncələrini bölüşür: “Murad həddən artıq sadə, mərd, qorxmaz, ailəsinə bağlı insan idi. Hərbidə öz işinin öhdəsindən yüksək səviyyədə gəlirdi, eyni zamanda qayğıkeş ata idi. Hələ biz ailə qurmamışdan mənə demişdi ki, mənim işim çox ağırdır. Bir var hərbçi, bir də var xüsusi təyinatlı… Amma düzü, mən ailə qurandan sonra onun dediyi sözləri dərk elədim, gördüm ki, doğrudan da həddən artıq çətin peşənin sahibidir. Amma məni ən ağır günlərə belə psixoloji cəhətdən hazırlayırdı. Deyirdi birdən belə bir şey olar, hər zaman mətin ol, mərd dayan! Biz bir-birimizi tamamlayırdıq. O, evimizdəki bayrağı mənə təhvil verib gedib. O insan mənimçün ölməz insandır, ölüm sözünü yaxına buraxmıram. Mən onu əbədi yaşadacağam…”
Murad Mirzəyev iki övlad atası idi. Oğlu Nurlan artıq 1-ci sinfi bitirib, qızı Dəniz isə sentyabrdan məktəbə gedəcək. Uşaqlar hələ də nələrin baş verməsindən xəbərsizdir. Nurlan elə bilir ki, atası əvvəllər olduğu kimi haradasa səfərdədir. Qızı isə “atam erməni öldürməyə gedib” deyir…


Və son zəng… 

Fizzə xanım danışır ki, Murad bəy sonuncu dəfə martın 28-i evdən gedib, amma aprelin 2-dək evlə telefon əlaqəsi saxlayıb: “Artıq Lələtəpə yüksəkliyi alınmışdı. Mən israrla ondan harda olduğunu soruşdum, ancaq döyüşdə olduğunu, ya döyüşə gedəcəyini qəti bildirmədi. Sonda da dedim ki, təki sağ-salamat evə, övladlarının yanına gəl… O zəngdən sonra əlaqə kəsildi. Muradın bir xasiyyəti var idi ki, heç zaman heç nəyi büruzə verməzdi. Üz cizgilərindən də, hərəkətlərindən də bildirmədi ki, o, cəbhəyə, döyüşə gedir. Sonuncu dəfə də həmişəki kimi, gülə-gülə, övladları ilə görüşərək evdən getdi…”
13501911_1719862928294169_301692388880616135_n.jpg göstərilir
Atasına da son görüşü xatırlamaq çox ağırdır: “Martın sonlarında nəvə zəng eləyib dedi ”baba, gəl də yanıma, xəstələnmişəm”. Dedim “baş üstə”. Getdik, “Komandir” işdən gec gəldi, gecə yarısına qədər oturduq, söhbətləşdik. Ata-bala oturub söhbət edəndə ən çox dediyi bu idi ki, “ata, gərək Qarabağ məsələsi həll oluna”. Biz həm ata-bala, həm qardaş, həm dost idik. Bizim bütün sirrimiz bir idi. Martın 31-də doğum günü idi, ancaq soyqırıma görə həmin gün ad günü keçirmirdi. Ya 1-2 gün qabaq, ya da sonra qeyd edirdik. Martın 31-də 40 yaşı tamam oldu, aprelin 3-də isə həlak oldu. Bu da Allahın qismətidir…”
Dostu Hacı Mirtərlan hələ də bu itkiyə inanmır: “Allah-Təala elə bil ki, onu hərb üçün yaratmışdı. Səsində xüsusi, zəhmli bir ton var idi. Amma uşaqla uşaq, böyüklə böyük idi, sadəliyi ilə adamı heyran edirdi. Son dəfə bizim iş yerimizə martın 18-də gəlmişdi. Oğlunu da gətirmişdi. Hər gəlişində görüşümüz qısamüddətli olurdu. Amma bu dəfə çox oturduq, xeyli söhbətləşdik, sanki vida görüşü idi…Elə orda da dedi ”Hacı, 40 yaşım olacaq e, illər keçir…”
Böyük ürək sahibi olan atanın isə ona təskinlik vermək istəyənlərə heyrətamiz cavabı var: “Min şükür Allaha ki, o, son nəfəsinə qədər arzusuna, muradına çatdı. Həm də prezidentimizi, xalqımızı arzusuna çatdırdı. Onun ən çox dediyi söz torpaqların azad olunması ilə bağlı idi. Heç olmasa torpaqların bir hissəsinin, yüksəkliklərimizin düşməndən azad olunmasında iştirak etdi. Düzdür, ağır itkidir. Amma müharibənin də öz qanunları var, qan da tökülməlidir, şəhid də verməliyik. Tarixən belə olub, qansız torpaq alınmayıb. Təsəllimiz budur ki, təkcə Murad Mirzəyev yox, bütün Azərbaycanın zabit və əsgərləri Azərbaycana qələbə gününü yaşatdılar. Müdafiə naziri Zakir Həsənov mənimlə görüşəndə boynumu qucaqlayıb kövrəldi. Dedi ”bəli, siz valideynsiniz, ancaq sizə təsir etdiyi qədər bizə də təsir edir”.
Biz Muradı 14 yaşından dövlətə, xalqa əmanət etmişdik. Aprelin 11-də torpağa tapşırdıq. Bəli, o vaxta qədər bizim övladımız idi. Amma artıq Murad bütün Azərbaycanın övladıdır”.
Murad Mirzəyev İkinci Fəxri Xiyabanda uyuyur, döyüş yoldaşlarının əhatəsində. Rəhbərlik etdiyi hərbi hissənin qonşuluğuna köçüb, əbədilik… Mübariz İbrahimovla, Təbriz Musazadə və digər onlarla qəhrəman oğullarımız eyni məkanda uyuyurlar. Şəhidlərimizin müqəddəs ruhu Qarabağ torpaqlarının tam azad olunmasından sonra rahatlıq tapacaq, İnşallah…
Yazı Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və Azərbaycan Mətbuat Şurasının “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Həmçinin oxuyun

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. Bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin …

Bir cavab yazın