Cümə , Avqust 7 2020
Ana səhifə / Siyasət / 3M və ya VƏTƏNDAŞ ANLAYIŞI…

3M və ya VƏTƏNDAŞ ANLAYIŞI…

Bu gündən respublikamızda “COVİD-19” pandemiyası ilə bağlı daha yeni bir dönəm başlayır – paytaxt Bakı başda olmaqla, ölkəmizin bir çox şəhər və rayonunda ciddi karantin rejimi uzadılır, yeni qadağalar, qaydalar qüvvəyə minir. Nəzər alsaq ki Bakı respublikanın döyünən ürəyidir, üstəlik, ikinci və üçüncü böyük şəhərlərimiz də karantin rejiminə tabe tutulur, ayrıca, karantinə tabe tutulan digər şəhər-rayonlarımız fərqli bölgələrimizdə yerləşir… demək, bu karantin rejimi ümum-respublika səciyyəsi da¬şıyır. Ancaq həmən də vurğulamalıyıq: bütün bu qadağalar, məhdudlaşmalar müvəqqəti xarakter daşıyır və pandemiyanın yayılmasının qarşısının alınması işinə xidmət edir.

Onu da mütləq vurğulamalıyıq ki, cənab Pre¬zidentin tapşırıqları, şəxsi nəzarəti sayəsində, bu qlobal bəlanın qarşısının alınması məqsədi ilə önəmli işlər görülüb (və görülməkdədir). Mövzuya az-çox bələd olan kəslərin görməsi, etiraf etməsi çətin deyil ki, operativ qərarlara uyğun informasiya-kommunikasiya imkanları – proqram təminatı yaradılıb, yaradılır; maarifləndirmə işi aparılıb, aparılır; həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə “COVİD-19”a qarşı bəşəri mübarizəyə özünəməxsus Azərbaycan töhfələri verilib, verilir; olumlu təşəbbüslər, ideyalar irəli sürülüb, sürülür…

Məhz cənab Prezidentin birbaşa rəhbərliyi ilə, tez bir zamanda geniş məzmunlu tədbirlər planı hazırlandığını, o planın icrasına başlanıldığını qeyd edərkən, həmin o tədbirlər planında vətəndaşın sağlamlığının düşünüldüyünü deməliyik; eləcə də, qlobal bəladan birbaşa təsirlənən sahələrdə çalışanların sosial durumu və biznesin aktivliyinin qorunması nəzərdə tutulmaqdadır.

Bəs, belə bir ortamda hansı ilkin və ya sabitləşmiş sonucları, ümumiləşdirmələri fərqləndirə bi¬lərik? Başqa nələr diqqəti cəlb edir? Daha hansı tövsiflər vardır?

İndiyədək həyata keçirilən tədbirlər “COVİD-19”un geniş yayılmasının qarşısını almağa, sosial-iqtisadi aktivliyin tez bir zamanda bərpasına imkan verdi. Bu da, öz növbəsində, əhalinin psixoloji durumuna, sosial ovqatına müsbət, qalıcı izlər bəxş etdi.

Vətəndaş görür ki, digər ölkələrlə müqayisə etsək, respublikamızda daha qabaqlayıcı tədbirlər həyata keçirilib; bu tədbirlər hesabına koronovirusla mübarizə işində uğurlu sonuclar əldə edilib; lakin çox təəsüflər, karantin rejimi yumşalandan sonra yoluxma səviyyəsində günbəgün artım görsəndi. – Rəsmi göstəriclər açıqca bəlli edir ki, təxirəsalınmaz, gözardı edil¬mə¬yəcək vacib tələblərə o qədər də güclü əməl edilməyib, bu da, yoluxma səviyyəsinin artmasına rəvac verib. Təsəvvür edin ki hələ son günlər yenidən ciddi karantin rejiminin tətbiqi hesabına, dinamikada müsbət meyillər güc¬lən¬mək¬dədir; yəni, virusa yoluxma səviy¬yə¬sinin daha da kəskinləşməsinin qarşısı, məhz davamlı preventiv tədbirlər sonucunda alınır. – Siyasi iradə – var, dövlət vəsaiti – var, imkanlı şəxslərin, işadamlarının yardımı – var, ixtisaslı kadrlar – var, xəstəxanalar (o cümlədən) modul tipli yeni xəstəxanalar – var, beynəlxalq ideya və fikir mübadiləsi – var… – necə deyərlər, var da, var! – Bax, bu varlar da öz sırasında, əmin-amanlığın, inamın, əhalinin sağlamlığının var-lığını şərtləndirməkdədir.

Bəli, məhz bu “VAR”ların təmin edilməsi, əldə edilmiş müsbət so¬nucların qorunması, tirajlanması – “COVİD-19”-un geniş yayılmasının qarşısının tam alınması üçün karantin rejiminin yenidən bərpası zərurətini də yaratmış olub. Ötən ayın üçüncü ongünlüyündən başlayan karantin rejimi bu gün tamamlanır, lakin yoluxma səviyyəsi hələ də yüksək olduğu üçün, (daha öncədən məlumat verməklə) karantin 5 iyuldan yenidən uzadılır və ya bugündən etibarən yenilənmiş karantin rejimi tətbiq olunur.

Yəqin xatırlatmağa xüsusi ehtiyac yoxdur ki “COVİD-19” ölkəmiz üçün spesifik deyil və əldə olan məlumatlar da təsdiq edir ki karantin rejimi yumşaldılan bütün ölkələrdə infeksiyanın yayılması müşahidə olunur. Ona görə də, indi əksər ölkələr karantin rejimini yenidən sərtləşdirir. Əlbəttə, bu məqamda bir daha vurğulamalıyıq ki karantinlər, qadağalar, təcridlər heç də könüloxşayan, qəlbi riqqətə gətirən, hələ-hələ bir qələm adamının öyməli olduğu hadisə deyil; amma, ancaq və lakin bunlar ölümdən yaxşıdır, ağırlaşmalardan, nəfəs kəsilmələrindən, boğulmalardan yaxşıdır! Ən əsası: hamımız idrak edirik ki bu sərt rejimlər əbədi deyil, gecədən gündüz çıxacaq, qaranlıqlar yarılacaq! Və hər birimiz, dövlət babanın məcburən atmalı olduğu addımları anlayışla qarşılamaqla, özümüz də bu işə töhfə verməklə Günəşi, gündüzü yaxınlaşdırmış oluruq. Bunu kim istəməz?.. Gəlin bu məqamda yerəbaxan olmayaq, Günəbaxan olaq…

Dünyanı gözəllikmi, sevgimi, sənətmi xilas edəcək? – fikirlər fərqlidir, hətta deyərdim, dağınıqdır, bizim bu dağınıqlığı yığıb-yığışdırmağa, bəlkə məsələyə bir qədər səlislik gətirməyə indilərdə (bu darmacalda) elmimiz, eşqimiz çatarmı? – hələ bilmirəm; üstəlik, rəhmətlik Lütfizadənin “qeyri-səlis” nəzəriyyəsi çıxandan bəri, səlislik də məna dərinliyini itirib, sanki… Odur ki, gəlin hələlik, “dünyanı anlayış xilas edəcək” deyək. – Anlayış! – “nə gözəl səslənir bu söz”. – Ustad Bəxtiyar Vahabzadə bu sərzənişli səslənişi VƏTƏNDAŞ üçün etmişdi (Ruhu şad olsun!); olsun – bizim də burdakı, bu dəmki sözümüz VƏTƏNDAŞ ANLAYIŞI olsun..!

Çox da ümumi fikirlərə, fəlsəfi-bədii ricətə varmadan, mövzunun özünə qayıtmaq istərdim. Deməli, karantin rejiminin tətbiqini, uzadılmasını və sərtləşdirilməsini anlayışla qarşı¬lamaq şüurlu, peşəkar vətəndaşlıqdır – rəhmətlik Qalib Əhmədov demiş, vətənkeş¬lik¬dir. – Problem – ümumxalq prob¬lemidir, daha doğrusu problemdən çıxış vəzifəsi ümumxalq vəzifəsidir. Və gözəgörünməz bəla ilə mübarizədən qalib çıxmaq üçün hamı səfərbərolma öhdəliyi daşıyır..! Bu öhdəliyin mənəvi planı, dərinliyi, üfüq qazanması… öz yerində, bununla belə, sadə, sadə, çox sadə və üçcə tələb var ki – onu etmək mümkündür də mümkündür. – Buna 3M də deyə bilərik:

1) maska,

2) məsafə,

3) mədəni sanitar(-gigiyenik) davranış!

Əlbəttə, infeksiya qaydalarına əməl edilməsi, yalnız əsgərlərin, çevik polisin – ümumən dövlət orqanlarının nəzarət etməsi ilə deyil, vətəndaş anlayışı və sadədən sadə 3M tələbinə uyum sağ-lamaqla təsirli sonuclara gətirib çıxara bilər. Bu, həm hər bir vətəndaşın fərdi işi, həm də ümumxalq işidir! – Məşhur kəlamda deyildiyi kimi: Hamı bir nəfər, bir nəfər hamı üçün…

Və məhz bu şüura yiyə dursaq, o zaman, pandemiya tez başa çatacaq; çatsın da, zatən, çatsın…

Beləliklə,

-“COVİD-19”un mövcudluğu kimi, yayılması da spesifik xarakter daşıyır;

-hələlik bu sahədə vahid dünya təcrübəsi, hamı tərəfindən qəbul görmüş elmi sonuc,

sınaqdan keçmiş vaksin mövcud deyil;

-infeksiyanın yayılmasının qarşısını almaq üçün ən ümumi qəbul görmüş yanaşma, bizim 3M dediyimiz sadə qaydalara hamı tərəfindən (və ciddi!) əməl etməkdən keçir.

Başqa hansı tibbi (elmi) fikirlər daha yayğındır, inandırıcı və məntilidir? –

a) İstənilən epidemiyanın qarşısını almaq üçün onun lokallaşdırlması və izolyasiya edilməsi tələb olunur;

b) Ppandemiyanın qarşısını almaq üçün hər bir xəstənin tapılması, onun müalicəyə cəlb edilməsi vacibdir;

c) Yoluxanların özünü təcrid etməməsi artıq sosial deyil, cinayət məsuliyyətidir..!

Uzun sözün qısası, çevrəmizdə, məsələn, ictimai nəqliyyatda hamının maska taxmasına ən yaxşı nəzarət çevik polisdən daha çevik reaksiya verməli olan sərnişinlərin özündən keçir. Bu, ictimai nəzarətin bir qolu, ictimai təşviqin ta özüdür. İctimai nəqliyyatı niyə qabardırıq? – məlumunuz, bugündən Bakı metrosu öz işinə yenidən ara verəcək; bu da, avtobuslara tələbatı artırmış olacaq; lakin burada da təlaş keçiriləcək bir hal yoxdur – öncəki karantin dövründə olduğu kimi, əlavə av-tobuslar xəttə buraxılacaq, əhalinin rahatlığı mümkün miqdar təmin ediləcək. (Proses monitorinq olunacaq, sıxlıq olan yerlərə yenə avtobuslar cəlb olunacaq).

Bu sırada, yəqin başqa bir həyati vacib ehtiyaca da qısa vurğu yapmaqda yarar var: bu da, hər bir adi rahatsızlığa görə “Təcili tibbi yardım”a deyil, məhz ərazi üzrə təhkim edilmiş poliklinikalara müraciətlə bağlıdır. Əlbəttə, vətəndaş ev ortamında özünü müalicəyə deyil, məhz peşəkar mü¬da-xiləyə üstünlük verməlidir. Poliklinikaya isə telefon üzərindən müraciət olunması Operativ Qə¬rar-gahın da, TƏBİB-in də, sadə məntiqlə hər birimizin də dediyi, dedirtidiyidir… – Belə olunca, “Təcili tibbi yardım”a müraciət sıxlığını aradan qaldırmaq imkanı genişlənmiş olcacaq. – Bir sözlə, həkim nəzarəti olmadan, müxtəlif dərmanlardan istifadə, əlavə problemlərə yol aça bilər. – Elimizin bu barədə yaxşı sözü var: “Qaşınmayan yerdən qan çıxartmayaq”..!

Koronovirusa yoluxan adamların həkimə müraciət etməməsi, sonradan infeksiyanın yayılmasına, daha çox cana qəsd etməsinə səbəb olur… Deməli, vətəndaşlar ya özünün ya tanıdığı-bildiyi birinin infeksiya ilə yoluxması və ya şübhəli xəstəlik əlamətləri daşıması barədə, aidiyyatı üzrə məlumat verməli və bundan nəinki çəkinməməli, tam tərsinə, bunu bir vicdan borcu bilməlidir. – Həm yo-luxmuş vətəndaşın özünün tez sağalması, həm də, ölkədə infeksiya ilə mübarizəyə dəstək üçün zəruri olan bu yanaşmanın özü də, onun təbliği də… əllə toxunulan, adi gözlə görünən, aydın eşidiləndir… – Bununla da, biz sadə bir həqiqətdən danışmış bulunuruq…

Sonda, gəlin bir daha o fikrə ortaq çıxaq ki pandemiya rejiminə əməl edilməsinin məsuliyyəti hamı tərəfindən dərk olunmalı, ümumvətəndaş anlayışı ilə süslənməlidir.

Tanrı vətəndaşımıza, vətənimizə, dövlətimizə zaval verməsin!

Dövlət bayrağımız da, sağlıq-salamatlıq bayrağımız da uca olsun!

Əkbər QOŞALI

Həmçinin oxuyun

Prezident AZAL-ı tənqid etdi: “Bəs, bunun gəliri haradadır?”

“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi …