Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / “Bu məsələdə biz hamılıqla ölkə başçısının yanında olub, ona dəstək verməliyik”

“Bu məsələdə biz hamılıqla ölkə başçısının yanında olub, ona dəstək verməliyik”

Məlum olduğu kimi, son günlər ölkədə ciddi antikorrupsiya əməliyyatları keçirilir. Həbs edilənlər sırasında kiçik məmurlardan tutmuş, general rütbəsində olanlara qədər var. Həbslərin davam edəcəyini proqnozlaşdıranlar da az deyil. Maraqlıdır ki, ölkədə həyata keçirilən korrupsiya ilə bağlı həbslərə vətəndaşların və siyasi təsisatların əksəriyyətinin müsbət reaksiyası var. Kiminsə həmin korrupsionerlərin müdafiəsinə qaldığının şahidi olmadıq. Əksinə, hətta hakimiyyətə müxalif olan bəzi təsisatlar da həbsləri alqışlayır.

Bu məsələdə radikal müxalifətin mövqeyi maraqlıdır. Görünən budur ki, onlar baş verən proseslərə dəstək ifadə etmirlər. Həmin cameənin başında duranlardan sayılan Əli Kərimli müsahibəsində deyir ki, bu həbslər hakimiyyətin korrupsioner mahiyyətini ortaya qoyur. Bunu nə dərəcədə doğru mövqe saymaq olar? Əslində radikal müxalifət bununla bağlı hansı mövqedə olmalıdır?

  • “Bütün bu kompleks islahatları və onun fonunda baş verən antikorrusiya həbslərini bütün siyasi qüvvələr dəstəkləməlidir”

Sabiq millət vəkili, Naftalanın sabi icra başçısı, YAP Siyasi Şurasının üzvü Musa Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə çıxışlarla kimlərsə ölkədə gedən müsbət dəyişiklərə kölgə salmaq istəyir:“Mən hesab edirəm ki, hazırda Azərbaycanın qarşısında həlli vacib olan məsələlər durur. Onlardan başlıcası ölkəmizin müstəqilliyini qorumaqdır. Sonra ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad olunmasıdır. Bura korrupsiya və rüşvətxorluqla mübarizəni də əlavə edə bilərik. Çünki bu amil də dövlətin təməlini sarsıdır. Mən korrupsiya ilə mübarizə sahəsində atılan addımları dəstəkləməyənlərin məntiqini anlaya bilmirəm. Radikal müxalifətin buna başqa don geyindirməsi qəbuledlməzdir. Əli Kərimlinin özünün təmsil olunduğu və ömrü bir il çəkməyən hakimiyyətdə də rüşvətin olduğu dəfələrlə həmin komandanın üzvləri tərəfindən etiraf edilib. Belə əməllərdən, hətta dünynın ən inkişaf etmiş ölkələri belə sığortalanmayıb. Korrupsiya bəşəri bəladır və onunla hər yerdə mübarizə aparırlar. Belə halların olmasının tam olaraq bütün məsuliyyətini hakimiyyətin üzərinə yıxmaq olmaz. Qəbul edirəm ki, yaxşı hal deyil, hakimiyyətin imicinə zərbə vurur, ancaq qərəzli yanaşmanı da qəbul etmirəm. Əgər həmin radikallar daima çıxışlarında ölkədəki korrupsiya və rüşvət amillərinin mövcudluğundan gileylənirdisə, indi niyə bu addımları dəstəkləmirlər? Artıq bu, qərəzin olduğunun göstəricisidir”.

Musa Musayevin sözlərinə görə, bu məsələdə biz hamılıqla ölkə başçısının yanında olub, ona dəstək verməliyik: “Bütün müxalif dairələr belə bu məsələdə həmrəylik nümayiş etdirməlidir. Çünki bu ümummilli  problemdir. Baş verən hadisələrlə bağlı bizim də təkliflərimiz, tənqidi yanaşmalarımız olur. Məsələn, mən dəfələrlə demişəm ki, icra başçılarına nəzarət edən, onların təqdimatını səhv verən adamların da məsuliyyət dairəsi müəyyənləşməlidir. Bu başqa məsələdir. Amma ümumən prosesə ləkə atmaq yolverilməzdir. Biz görürük ki, ölkədə cənab Prezidentin rəhbərliyi altında müsbət dəyişiklər yaşanır. İslahatlar hətta Prezident Admistrasiyasını da əhatə etdi. Ordan da yüksək vəzifəli adamlar vəzifələrindən azad edildilər. Bütün bu kompleks islahatları və onun fonunda baş verən antikorrusiya həbslərini bütün siyasi qüvvələr dəstəkləməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …