Şənbə , Fevral 4 2023
Ana səhifə / Siyasət / 2023-cü il danışıqlarının baş qəhrəmanı kim olacaq? (TƏHLİL)

2023-cü il danışıqlarının baş qəhrəmanı kim olacaq? (TƏHLİL)

2022-ci ildə Ermənistanla sülh sazişi imzalamaq mümkün olmadı. İrəvan Fransanı vasitəçi seçmək tələbi ilə “Brüssel formatı”nı pozmuş oldu.  

MDB başçılarının son sammitində də Bakı və İrəvan arasında sülh müzakirələri aparılmadı. Əslində, MDB sammiti Rusiyanın təkbaşına vasitəçi olmaq perspektivini dəfn etmiş oldu. Növbəti ildə Kreml yenidən əsas vasitəçi olmağa cəhd göstərəcək. Lakin unutmaq olmaz ki, Rusiya Ukraynada apardığı müharibə ilə zəifləyir. Müstəqil Ukraynanı işğal edən Rusiyanın vasitəçilik missiyası dünya tərəfindən də qəbul edilməyəcək. 

Ümumiyyətlə, danışıqlar zamanı müzakirə predmeti nə ola bilər? Dağlıq Qarabağın statusunun danışıqlar predmeti olmayacağı məlumdur. Qarabağın erməni icmasının gələcək taleyi də Azərbaycan qanunları ilə həll ediləcək və bu məsələ də müzakirə predmeti deyil. Ermənistan da bu məsələni müzakirə etmək istəmir. İrəvan belə hesab edir ki, Xankəndi və separatçı rejim Bakının nəzarətində deyil, Rusiya sülhməramlılarının nəzarətindədir, odur ki, Bakıdan bu məsələ ilə bağlı nəyisə tələb etmək yersizdir. Status və erməni icmasının taleyi beynəlxalq hüquq normalarına görə, Azərbaycan-Ermənistan arasında sülh sazişinin mövzusu ola bilməz. Bu, Azərbaycanın daxili problemidir və ölkə qanunları ilə tənzimlənəcək.
Lakin beynəlxalq aləm bütövlükdə münasibətləri tənzimləyəcək hüquqi sənədin olmasını istəyir. Hüquqi sənəd isə Bakı və İrəvan arasında deyil, erməni icması ilə mərkəzi hakimiyyət arasında müəyyən bir razılaşma nəticəsində əldə olunmalıdır. Bakı öz vətəndaşı olan erməni icmasının bütün hüquqlarını tanıyacağını bəyan edir. 
Ermənistan baş naziri Nikol Paşinyanın “Rusiya Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın mövqeyini bölüşmür” açıqlaması da manipulyasiyadır. Bölgədə Rusiyanın öz maraqları mövcuddur. Kreml üçün Ermənistan və Azərbaycanın maraqları önəmli deyil. Əgər münaqişə “Azərbaycanın maraqları” çərçivəsində həll olunub, ilk növbədə Rusiyanın maraqlarını təmin edərsə, yəni regionun tamamilə Moskvanın nəzarətinə keçməsini asanlaşıdırarsa, onda Kreml Qarabağ ermənilərinin də, Ermənistanın da mənafelərini asanlıqla qurban verə bilərdi. Rusiyanı Bakı və İrəvan deyil, öz maraqları düşündürür.
Burada bir məqama diqqət yetirək. Ruben Vardanyanın Qarabağa gəlməsi də təsadüf deyil. Vardanyan danışıqlar masasında erməni icmasının lideri kimi oturmaq və Kremlin şərtlərini erməni dilində səsləndirmək istəyir.
Digər tərəfdən, Vardanyan da Ermənistanın baş naziri vəzifəsinə iddia etdiyini gizlətmir. Bu, Rusiyanın Ermənistanın siyasi həyatına yeni fiqurlar atmasından xəbər verir. İstənilən halda, Kreml Bakının Vardanyanı münaqişə tərəfi kimi tanımasını istəyir. Bakı isə Rusiyanın vassalı olan bir biznesmenlə ölkənin taleyini müzakirə etmək fikrində deyil. İstənilən halda, 2023-cü il Vardanyan və onun arxasında duran qüvvələr üçün həlledici olacaq. Onu da unutmayaq ki, növbəti ildə Türkiyədə prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə Ərdoğanın qalib gəlmək şansları az deyil. Deməli, danışıqların baş qəhrəmanı Vardanyan yox, yenə də Ərdoğan olacaq…
Azər Rəşidoğlu

Həmçinin oxuyun

“Şeyx İranın Azərbaycan dövlətinə qarşı atılan xəyanətkar addımına…” – Deputat

“Şeyxin bir zamanlar münasibətlərin normallaşması üçün dediyi fikirləri konteksdən çıxarmağa gərək yoxdur. Çünki münasibətlər artıq …