Ana səhifə / Siyasət / “20 yanvar” dairəsindəki xaosa DYP və Nəqliyyat Nazirliyi niyə laqeyddir? – VİDEO, FOTOLAR

“20 yanvar” dairəsindəki xaosa DYP və Nəqliyyat Nazirliyi niyə laqeyddir? – VİDEO, FOTOLAR

“20 yanvar” dairəsində nəqliyyatın hərəkəti iflic olub. Problemin daha acınacaqlı tərəfi odur ki, bu durum illərdir ki, davam edir. Hər gün səhər və axşam saatlarında “20 yanvar” dairəsindən “Şamaxinka” istiqamətində uzun bir məsafədə tıxac yaranır. Nəticədə nəqliyyatın hərəkəti məhdudlaşır. 
Bu məsələ ilə bağlı musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və baş verənləri videolentə alıb.
Daha çox “20 yanvar” metrostansiyasının “Xırdalan avtobusları” adlanan hissəsində böyük tıxacın olduğu müşahidə olunur. Həmin istiqamətdə iki yolayrıcı nişan olsa da, bu yol nişanlarına heç kim əməl etmir.
“Üçüncü mikrorayon” dairəsindən “20 yanvar” metrostansiyası istiqamətində gələn sərnişin avtobusları və şəxsi avtomobillər də metronun yaxınlığında, magistral yolun kənarında dayanan taksi sürücülərinin törətdiyi əngəl ilə üzləşirlər. Yolda 3-4 cərgə dayanan taksilər yolu daraltmaqla, nəqliyyatın hərəkətini tamamilə iflic edir.
Taksilər demək olar ki, yolun yarı hissəsini tuturlar. Bu zaman ikinci xətdə hərəkət edən nəqliyyat vasitələri “Üçüncü mikrorayon” istiqamətindən gələn avtomobillərin qarşısını kəsməli olur. Nəticədə demək olar ki, hər gün “20 yanvar” dairəsində sıxlıq yaşanır.
Bu sıxlığın yaranma səbəbi isə Xırdalan, Qaradağ, Sumqayıt və digər Bakıətrafı qəsəbələrə işləyən taksilərdir. Taksi sürücüləri razılaşdırılmış şəkildə avtomobillərini yolun kənarında saxladığından tıxac da qaçılmaz olur. Lakin tıxac problemini aradan qaldırmaq üçün hər hansı bir addım atılmır.
Nəqliyyat Nazirliyindən mətbuata açıqlamada bildirilib ki, bu ilin aprel ayında “Azəryolservis” ASC yollarda sıxlığı aradan qaldırmaq məqsədi ilə “Şamaxinka” adlanan ərazidə nəqliyyatın dayanmadan hərəkət etməsi göstərişi verilib.
I Avropa Oyunları zamanı bu sıxlıq aradan qalxsa da, yenidən adıçəkilən ərazini taksi və avtobuslar qısamüddətli olsa da, dayanacağa çevriblər. Bu isə “20 yanvar” dairəsində tıxacın yaranmasına gətirib çıxarır.
Elə biz ərazidə olduğumuz zaman da yollarda tıxac yaranmışdı. Problemi işıqlandırdığımızı görən taksi sürücüləri ilə aramızda mübahisə də yaşandı:
– Bizim çörəyimizə bais olursan… Sən bunu mətbuata versən, bu qədər taksi sürücüsü işsiz qalar. Çəkmə bizi, bir tikə çörək qazanmağa çıxmışıq. Burada 100-dən çox sürücü var…
– Bu yüz sürücü minlərlə insanın yolunu kəsir, insanlar evlərinə, işlərinə vaxtında gedib, çata bilmilər. Bunun səbəbi isə sizin burada dayanmağınızdır. Bəs, bu haqda düşünmürsünüz? Bu yoldakı insanlar çörək dalınca getmir? 
– Biz neyləyə bilərik, axı…
Təqribən yarım saat ərazidə müşahidəmizi davam etdirdik. Yolda yaranmış nəqliyyat xaosunu tənzimləyən nə bir DYP əməkdaşı, nə də bir nəqliyyat müfəttişi gözümüzə dəymədi. “20 yanvar” dairəsində, körpünün altına Nəqliyyat Nazirliyinin bir neçə xidməti maşını olsa da, işçiləri tapmaq mümkün olmadı.
Daha bir maraqlı məqam qəza tərədən iki sürücünün mübahisəsi oldu. Sürücülər avtomobillərini yolun hərəkətin daha intensiv olduğu hissəsində saxlayıb, kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırmağa çalışırdılar. Nəticədə həmin istiqamətdə hərəkət edən nəqliyyatın fəaliyyəti 20 dəqiqə müddətində iflic vəziyətinə düşdü, yoldakı digər sürücülər də etiraz etməyə başladılar.
Nəhayət ki, DYP əməkdaşları hadisə yerinə gəlib, yaranmış mübahisə ilə maraqlanıb, hərəkəti bərpa etdilər. Bir qədər sonra nəqliyyat müfəttişlərinin “20 yanvar” metrostansiyasının çıxışında dayandığını görüb, onlara yaxınlaşırıq. 10-PL-921 dövlət nömrə nişanlı xidməti avtomobildə olan nəqliyyat müfəttişləri taksi sürücülərinin yaratdığı sıxlığın səbəbini belə izah etdilər: “Biz metrodan “Tbilisi” prospekti istiqamətinə doğru olan yola nəzarət edirik. Dediyiniz əraziyə biz baxmırıq”.
 










Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın