Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / 180 azərbaycanlı fəhlə Qazaxıstanda qul durumuna düşüb

180 azərbaycanlı fəhlə Qazaxıstanda qul durumuna düşüb

Abid Şərifovun şirkətində çalışan fəhlələrin həbsi davam edir; vitse-primyerə yalan məlumat verilib

 
“EVRASCON” ASC-nin xətti ilə Qazaxıstanın Almatı vilayətinə işləməyə gedən 180 azərbaycanlı fəhlə qul durumuna düşüb. Fəhlələrə işçi icazəsi alınmadığından Qazaxıstan Miqrasiya Xidmətinin əməkdaşları onları saxlayaraq məhkəmə qarşısına çıxarır, cərimə ödəməyə pulları olmayan azərbaycanlı fəhlələr bir neçə sutkalığa həbs olunurlar.
 
Ötən saylarımızdan birində bu haqda manşetdən yazı dərc edəndən sonra baş nazirin 1-ci müavini Abid Şərifov qəzetimizə açıqlama vermişdi.
Telefonla “EVRASCON” ASC-nin Direktorlar Şurasının sədri İsmiyev İsmayıl – Əfəndi Hacımurad oğlu ilə əlaqə saxlayan vitse-primyer demişdi ki, belə bir hal yoxdur. Bundan sonra redaksiyamızla əlaqə saxlayan fəhlələr A.Şərifova yalan məlumat verildiyini bildiriblər.
Redaksiyamıza göndərilən müraciətdə deyilir: ““EVRASCON” Almatı vilayətinin Jarkənd şəhərində çalışır. Biz hazırda buradayıq. Balaca bir şəhərdir. Məsələ burasındadır ki, indiyə qədər şirkət harada işləyibsə,  fəhlələrə işləmək üçün icazə almayib. Bir-iki nəfərə icazə alırlar. Həmin işçilər də öz adamları olur. Yerdə qalan işçilər isə başqa ölkənin sərhədini dəyişməklə Qazaxıstanda qalma vaxtını təzələyib yenidən qayıdır. Fəhlələri iş icazəsi almadan qaçaq şəklində işlədirlər. Ən əsası da Azərbaycandakı işsizlikdən istifadə edib fəhlələrə təzyiq göstərirlər. Kim bir balaca haqqını tələb edirsə, müdiriyyət işdən qovmaqla və bilet pulunu ayağına vurmaqla hədələyir. Şirkətin Almatıdakı nümayəndəliyinin rəhbəri iş icazəsi olmayan fəhlələrlə polisə, məhkəməyə getmir. Deyir ki, orada ondan pul istəyəcəklər. Şirkət fəhləyə gördüyü işə gərə ödəməli olduğu pulun beşdə bir hissəsini vermir. Şirkətdə işləyən qazaxların da pulunu vaxtında ödəmirlər. Ona görə də bizlərə qarşı da pis fikir oyanır, münasibət formalaşır. 4 aydır maaş almırıq. Hazırda düşüb buradakı xəbərləri jurnalistlərə deyənləri axtarırlar”.
Qeyd edək ki, “EVRASCON” ASC azərbaycanlı fəhlələri Almatıya bu il mayın əvvəllərində aparıb. Şirkətin Qazaxıstanın Almatı vilayətində tikinti işlərinin görülməsi üçün müqaviləsi olub. 4 ay ərzində azərbaycanlı fəhlələr Qazaxıstan Miqrasiya Xidməti ilə problemlər yaşamayıb. Ayda 2 dəfə olmaqla qonşu ölkənin ərazisinə keçib yenidən Qazaxıstana qayıdıblar. Təxminən 10 gün əvvəl isə məsələnin üstü açılıb və bu ölkənin Miqrasiya Xidməti rəsmi sənədlərdə Qazaxıstana qonaq kimi getmələri göstərilən azərbaycanlılar haqda sərt addımlar atmağa başlayıb. 10 nəfər azərbaycanlı fəhləni Jankənd şəhər Məhkəməsinə aparıb  Qazaxıstan ərazisində qanunsuz olaraq fəaliyyət göstərdiklərinə görə 1-2 sutka həbsə alırlar. 
Yada salaq ki, bu şirkət Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan  “Azərkörpü” ASC-dir. Sadəcə adını dəyişib. Yeni adı “EVRASCON” ASC-dir.“Azərkörpü” Bakı şəhərində SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılıb və fəaliyyətə “Körpütikintidəstəsi-100″ kimi başlayıb. Bu müddət ərzində müəssisə Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində təcrübə toplayıb. 2001-ci ildə həyata keçirilən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alıb. Şirkət 5 min 423 nəfərlə müqavilə bağlayıb. Şirkətin baş nazirin müavini Abid Şərifovun patronajlığı altında fəaliyyət göstərməsi barədə məlumatlar var.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın