Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / 17 oktaybr –“Qanqster nazir”dən qurtuluş günü –Eldar Mahmudovun ildönümünə sözardı

17 oktaybr –“Qanqster nazir”dən qurtuluş günü –Eldar Mahmudovun ildönümünə sözardı

17 oktaybr. Bu tarix hələ uzun illər Azərbaycanda çoxlarının yaddaşında  qalacaq. Çünki, 11 il Azərbaycan dövlətini və millətini təhdid altında saxlayan, ölkənin milli təhlükəsizlik sistemini sarsıdan bir “qanqster” nazirdən xalqın canı qurtardı.

Bu xəbəri 13 saylı cəzaçəkmə müəssisəsinin kitabxanasında məhbəs yoldaşım Əli İnsanovla birlikdə radiodan duydum. Səmimi etiraf edim. Çox sevinmişdim. Əli İnsanov həmin an kitab oxuyurdu və anidən necə “Uraaa” deyib qışqırdımsa, kişi dik atıldı.

Ona görə sevinmədim ki, qarşıda azadlıq şansım yaranmışdı. Vicdan məhbusuydum və azadlıq haqqımın ölkə başçısının iradəsindən asılı olduğunun fərqindəydim.

Sadəcə bu xəbəri ona görə sevinclə qarşıladım ki, istər Bakı Ağır Cinayətlər Məhkəməsindəki çıxışlarımda, mediaya bəyanatlarımda və mənimlə ünsiyətdə olan Penitensiar Xidmətin yüksək rütbəliləri ilə söhbətlərimdə çəkinmədən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində mütəşəkkil cinayətkar dəstənin olduğunu, bu dəstənin artıq dövlət və millət üçün ciddi təhlükəyə çevrildiyini deyirdim. Onu da bəyan edirdim ki, bir gün bu dəstə ifşa olunacaq.

Yaxşı xatırlayıram: Hələ Eldar Mahmudov “vurulmazdan” təxminən 1 ay əvvəl rəis Mirzəli Medhiyevə bəzi məlumatlarıma istinadən “yaxın zamanlarda Eldar Mahmudov gedəcək” deyə bir xəbər söylədim. O zaman Eldar Mahmudovun MTN-dən uzaqlaşdırılması çoxlarına xəyal kimi görünürdü. Hətta bu barədə xəbərləri belə duymaq, danışmağı çoxları özünə təhlükə görürdü. Məhz bu səbəbdən də rəisimiz əllərini qulaqlarına tutaraq, “Pərviz mən heç nə eşitmirəm” deyə yanımdan dərhal kənarlaşdı.

eldar

17 Oktyabrdan bəri bir  il keçir. Yola saldığımız bu bir ildə Eldar Mahmudov və onun MTN-də yaratmış olduğu mütəşəkkil cinayətkar dəstəsinin vətəndaşlara qarşı təsəvvürlərə belə yad olan əməllərinin üstü açılır. Hər gün ölkə insanı MTN-nin yeni bir sensasion cinayəti barədə eşidir.

Eldar Mahmudovun Azərbaycan dövətinə vurduğu zərbənin də fəsadları tez aradan qalxmayacaq.

Bu adam MTN-ni elə bir hala saldı ki, ölkə başçısı “MTN” adlı nazirliyi ləğv etmək məcburiyyətində qaldı.

Ölkədə ayrıca bir hakimiyyət sahibi olan Eldar Mahmudov və dəstəsi özünü tam cəzasızlıq mühitində hesab edib. Otən 11 il ərzində istədikləri adamı şərləyib, işgəncə verib, əmlakını ələ keçiriblər.

Həbsimin ilk ayları idi. Bu gün artıq həyatda olmayan İlqar Əliyev və onun həbsdəki rəisi Elçin Quliyev mənlə ənənəvi mözvuzda söhbətlərini davam etdirirdilər. Soruşdum ki, qorxmursunuz ki, bir gün sizi də həbs edəcəklər? Oturduğu kreslodan ayağa qalxaraq, boynumun arxasına keçən Elçin Quliyev əlini çiynimə qoyaraq, “Bu ölkədə tutan da azad edən də bizik” deyə arxayınlıqla, danışırdı.

Doğrudan da ölkənin digər hüquq-mühafizə orqanları bu dəstənin təhdidi, şantajı altında yazıq duruma düşmüşdü. Baş Prokurorluğun MTN-də İstintaqa Nəzarət İdarəsinin Prokuroru Alim Cəbrayılovun yanında məni MTN Maskalıları sürüyürdü. Ondan bu olanlara niyə susduğunu soruşanda səmimi etiraf elədi: Nəinki, mənim, hətta rəhbərliyimin belə bunlara nəsə demək imkanı yoxdur.

Bu adamların başqa cinayətkarlardan təm fərqli olub. Bunlar törətdiyi cinayətlərini qanun adı altında edirdilər. Aristotel yazırdı ki, Ədalətsizliklər arasında ən dözülməsi qanun adı altında törədilənlərdir.

Doğrudan da çox ağırdır. Heç bir cinayət törətmədiyini məhkəmədə sübuta yetirirsən, sonucda hakim səni azadlıqdan məhrum edir.

Amma sonucda vətəndaşlarımız qalib oldu.

Eldar Mahmudov isə bu 1 ildə dəfələrlə ölüb-dirildi. O bu gün cismən həyatda olsa da belə ruhən ölü sayılır. Çünki, biabırçı formada məğlub oldu. İstər ölkə vətəndaşına, istərsə də illərdir arxasınca düşdüyü adamların qarşısında yerə düşdü.

Pərviz Həşimli

Keçmiş vicdan məhbusu

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın