Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Siyasət / Vüqar Qədirov: “Ölkə başçısı qonşularımızla bağlı yürüdülən siyasətin tam və aydın izahını verib”

Vüqar Qədirov: “Ölkə başçısı qonşularımızla bağlı yürüdülən siyasətin tam və aydın izahını verib”

Məlum olduğu kimi, Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib və bir sıra maraqlı açıqlamalar verib.
Ölkə başçısı Azərbaycanın yaxın qonşuları ilə yürütdüyü siyasi kursa da aydınlıq gətirib: “Sözsüz ki, qonşuluq problem də ola bilər, üstünlük də. Bu, sizin siyasətinizdən və qonşularla əlaqələrdən asılıdır. Məncə, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda. Azərbaycanda daxili risq və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə – Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir.
Regionumuzda olan hər bir ölkə ilə bizim xüsusi əməkdaşlıq formatımız var. Biz gənc müstəqil ölkəyik – cəmi 26 yaşımız var. Ancaq hesab edirəm ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olmuşdur və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan vermişdir. Bu siyasət milli maraqlarımıza əsaslanır və heç bir qonşu dövlətin maraqlarına zidd deyil.
Hesab edirəm ki, coğrafi baxımdan əsas qonşularından kiçik olan ölkə üçün düzgün balansı tapmaq və bu qonşuluqdan üstünlük kimi istifadə etmək çox vacibdir. Çünki böyük qonşular həm də böyük bazar deməkdir. Bizim üçün isə ən yaxşı bazar qonşu dövlətlərin bazarlarıdır.
Beləliklə, qarşılıqlı maraq, maraqların balanslaşdırılması və digərlərinin daxil işlərinə müdaxilə olunmaması, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu ölkəmizin uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərin səbəblərindəndir”.
Prezidentin yaxın qonşularımızla əlaqələrin hansı səviyyədə qurulması istiqmətində verdiyi açıqlamadan hansı nəticələri çıxarmaq olar? İlham Əliyev bu fikirlərilə Azərbaycanın öz qonşuları ilə praqmatik və səmərəli siyasətinin prinsiplərini necə izah etdi?

Politoloq Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısı Azərbaycanın yaxın qonşularla bağlı yürütdüyü xarici siyasət konturlarını açıqladı: “Ümumən götürdükdə, Azərbaycan balanslı xarici siyasət kursu həyata keçirir. Ancaq xarici siyasət kursu geniş məfhum olduğundan, yaxın qonşularla münasibətlərin hansı səviyyədə qurulması da önəm daşıyır. Bəzən bu yöndə aparılan siyasətlə ümumi xarici siyasət kursu arasında fərqlər nəzərə çarpır. Azərbaycan bu istiqamətdə də praqmatik və səmərəli kurs yürüdür. Məhz bunun nəticəsidir ki, bizim qonşularımızla çox yaxın münasibətlərimiz var. Bilirsiniz ki, hər bir müstəqil dövlət özünəməxsus, milli maraqlarına uyğun xarici siyasət yeridir. Bu siyasəti yeridərkən mütləq milli maraqlar ön planda tutulur. Bir dövlətin milli maraqlarına onun ərazi bütövlüyü, suverenliyi, xalqın mənafeyi və milli təhlükəsizlik kimi məsələlər daxildir. Demokratik sistemlərdə dövlət və ya hökumət rəhbərləri qərar verərkən milli maraqlarla xalqın tələbi arasında bir balans qurmağa çalışırlar. Xarici siyasəti yürüdərkən xalqın mənafeyi mütləq öz əksini tapmalıdır. Çünki Konstitusiya əsasında onun tam bir varlıq kimi yaşamasına, fəaliyyətinə, ictimai-siyasi və mənəvi həyatının azadlığına təminat verilib.
İkinci bir məsələ isə bütün dövlətlərin ən çox əhəmiyyət verdiyi milli təhlükəsizlik məsələsidir. Bu da, öz növbəsində, xarici siyasət strategiyasını müəyyənləşdirir.
Həmçinin, xarici siyasətdə dövlətlərin sərhəd qonşuları ilə olan münasibətləri də öz əksini tapır. Bundan əlavə, beynəlxalq təşkilatlara, layihələrə qoşulma, regionda baş verən hadisələrə münasibət bildirmə kimi məsələlər də var.
Azərbaycanın yerləşdiyi region hər cəhətdən, istər geosiyasi, istərsə də strateji baxımdan önəm kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələrilə münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Bu da Azərbaycanın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlir. Bütün bunları əldə rəhbər tutaraq Azərbaycan Respublikası xarici siyasətində ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirməkdədir. Bununla yanaşı, Azərbaycan milli maraqları, dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə sıx əməkdaşlıq qurmaq, müttəfiqlik etmək, bunlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini möhkəmləndirmək siyasəti aparır. Azərbaycanın çoxşaxəli xarici siyasətində regionda baş verən hər hansı bir gərginliyin və ya münaqişələrin aradan qaldırılmasına səy göstərmək, xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq iqtisadi sistemdə təmsil etmək amilləri də üstünlük təşkil edir. Hazırda Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artdığının şahidiyik. Yaxın qonşularımızla yürüdülən düz siyasətin nəticəsidir ki, biz böyük regional əhəmiyyət daşıyan infrastruktur layihələrini reallaşdıra bilirik. Bizim qonşularımızdan yalnız Ermənistanla münasibətimiz yoxdur. Bunun da səbəbi məlumdur. Həmin ölkə yürütdüyü işğalçılıq siyasətinə görə özünü nəinki Azərbaycandan, ümumən bütün layihələrdən təcrid edib. Bu baxımdan da hesab edirəm ki, ölkə başçısı qonşularımızla bağlı yürüdülən siyasətin tam və aydın izahını verib”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Oqtay Şirəliyev və Ramin Bayramlıya vurulan əslində nədir? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev …