Şənbə , İyul 24 2021
Ana səhifə / Siyasət / 13 deputat layihənin əleyhinə səs verdi

13 deputat layihənin əleyhinə səs verdi

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib. Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, səsvermə zamanı 13 millət vəkili layihənin əleyhinə səs veribb.

Deputat Vahid Əhmədov müzakirələr zamanı xatırladıb ki, Səlim Müslümov da islahat adıyla parlamentə belə bir qanun layihəsi göndərmişdi: “Bu günə qədər biz bu qanun layihəsinin altından çıxa bilmirik. Bu da o cür qanun layihəsidir. Bu qanun çox ciddi problemlər yarada bilər”.

Deputat təklif edib ki, qanun layihəsi parlamentə paket şəklində təqdim olunsun və nazir izahat versin: “Nazir gəlib bizə bu qanun layihəsini şərh etsin. Qanun layihəsi Avropa ilə müqayisə edilir. Biz Avropa deyilik. Bu qanun layihəsi üzərində çox ciddi iş getməlidir. Bu qanun layihəsi bizə paket şəklində verilməlidir”.

Deputat Qüdrət Həsənquliyev isə deyib: “Azərbaycanda əhalinin 7 faizi 65 yaşdan yuxarıdır. Deməli, 7 faiz əhali pensiya ala bilir”.

Deputat bildirib ki, deməli, Azərbaycanda orta yaş aşağıdır: “Buna görə də Azərbaycanda pensiya yaşını aşağı salmaq lazımdır. İnsanlar DSMF-yə pul ödəyir. Bir çox insan bu qanun layihəsini “mütərəqqi” adlandırır. Bu o zaman mütərəqqi olardı ki, faiz dərəcələrinə uyğun pensiya verilərdi. Yəni, “31 faiz”lə “60 faiz” eyni pensiya alacaq?! Burada 100 faiz sağlamlığın itirilməsi ölüm deməkdir. Ona görə də burada sağlamlığın itirilməsi nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə pensiya təyin edilsin. İndi vətəndaş 3-cü qrup əlillik almaq üçün orqanizmin neçə faizi funksiyasını itirməlidir?”.

Q.Həsənquliyev nazirliyin bu dəyişikliklərdən əvvəl parlamentə maliyyə əsaslanması təqdim etməli olduğunu söyləyib: “Komitə sədri Musa Quliyev ötən iclasda dedi ki, bəlkə də bu qanunun qəbulundan sonra əlillərin sayı artacaq. Bu gün mən də deyirəm ki, ola bilsin, əlilliyi olanların, əlilliyə görə pensiya alanların sayı azalacaq. Bu kimi hallar olmaması üçün nazirlik bizə maliyyə əsasnaməsi təqdim etməliydi. Biz bilməliydik ki, nə qədər vəsait artacaq, yaxud azalacaq”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deputatların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif olunan dəyişiklərin tənqid edilməsinə münasibət bildirib. O deyib ki, bura Milli Məclisdir, kim istəyər qanuna səs verər, kim istəməz səs verməz: “Elə təsəvvür etdim ki, burada tək qapıya futbol oynayırıq, mən qapıçıyam, hamı da mənə qol vurur”.

Qeyd edək ki, spiker Sahibə Qafarova təklif edib ki, gələn həftə genişləndirilmiş komitə iclası keçirilsin və əlaqədar qurumlar da iclasa dəvət edilib suallara aydınlıq gətirilsin.

Həmçinin oxuyun

Prezident Vilayət Quliyevlə bağlı sərəncam imzaladı

Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. …