Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / “10 noyabr bəyanatı ilə bölgədə yeni mərhələyə qədəm qoyuldu” – NAZİR

“10 noyabr bəyanatı ilə bölgədə yeni mərhələyə qədəm qoyuldu” – NAZİR

10 noyabr birgə bəyanatı ilə bölgədə yeni mərhələyə, yenidənqurma və bərpa mərhələsi, dinc birgəyaşayışın təmin edilməsi mərhələsinə qədəm qoyuldu.

Bunu Xarici İşlər naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfrans formatında keçirilən iclasda deyib.

XİN rəhbəri çıxışında bildirib: “Azərbaycan Prezidentinin sözləri ilə desək, əldə edilən razılaşma ilə bu gün və gələcək üçün yeni təhlükəsizlik və yeni əməkdaşlıq formatını təşkil etdik. Bu yeni reallıq nədən ibarətdir? İlk növbədə, Azərbaycan ərazilərinin onilliklərlə işğalına son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Məcburi köçkünlər öz yurdlarına geri dönməsi ilə uzun illərdir ki, öz evlərində yaşamaq hüququ pozulan insanların fundamental hüquqları həyata keçirilir. Bölgədəki bütün nəqliyyat yollarının açılması və iqtisadiyyatın bərpası Şimal ilə Cənub, Şərq ilə Qərb arasında iqtisadi-ticarət dövriyyəsinin artımına və ölkəmizin bu xüsusda rolunun gücləndirilməsinə imkanlar yaradacaq. Əlbəttə, burada ən vacib məqamlardan biri azərbaycanlı və erməni əhalisinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgəyaşayışının təmin edilməsidir”.

Nazir bildirib ki, Azərbaycan tərəfi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər şəkildə və ayrı-seçkilik olmadan bütün Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını ölkənin sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır: “Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası müvafiq hüquqi bazanı təmin edir. Bölgənin gələcək inkişafı, bərpa və yenidənqurma fəaliyyəti ilə bağlıbaxışlarımız dövlət başçısı tərəfindən açıq şəkildə ifadə olunmuş və bölgədə yeni əməkdaşlıq platformasının yaradılması ilə bağlı bəyanatlar səsləndirilmişdir. Belə bir əməkdaşlıq və işbirliyi çərçivəsi, əlbəttə bütün bölgə ölkələri üçün faydalı ola bilər. İşbirliyi çərçivəsi bölgə dövlətlərinin iştirakı iləçoxtərəfli əməkdaşlıq platformalarını təşkil edə bilər. Dövlət başçısının 10 dekabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat brifinqində təqdim etdiyi bölgənin gələcək inkişafı modeli Qələbədən sonrakı yeni dövr üçün baxışları aydın şəkildə əks etdirdi: ənənəvi mövcud olan Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi, eyni zamanda Azərbaycan-Rusiya-İran, eləcə də Türkiyə-Rusiya-İran işbirliyi çərçivələri mövcuddur.Bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə sağlam düşüncə ilə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Bununla da, gələcəkdə bölgədə müharibə riski sıfıra endirilə bilər”.

C.Bayramov diqqətə çatdırıb ki, bu gün biz artıq konkret layihələrin, o cümlədən multimodal tranzitlayihələri və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlamışıq: “İşğaldan azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılacaqdır. Məlum olduğu kimi, Prezidentin ehtiyat fondundan ayrılmış müvafiq vəsait hesabına Füzuli-Şuşa avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolunun tikintisinə artıq başlanıb. İnanırıq ki, bütün bu və gələcəkdə həyata keçiriləcək layihələr bölgəyə yeni nəfəs gətirəcəkdir. Bərpa və yenidənqurma işlərində, eləcə də öz evlərinə geri qayıdan məcburi köçkünlərə humanitar yardımın göstərilməsi məsələlərində ölkəmiz bölgədəki sülh və sabitliyə töhfə vermək niyyətində olan bütün aidiyyəti təşkilatlar, o cümlədən BMT-nin müvafiq qurumları, habelə ayrı-ayrı dövlətlərlə işləməyə hazırdır. Biz yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə qarşılıqlı şəkildə tam əməl etməklə dinc, təhlükəsiz və firavan gələcəyə nail ola bilərik”.

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …