Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / 10-cu baş nazir və Nazirlər Kabinetinin statusu

10-cu baş nazir və Nazirlər Kabinetinin statusu

71 yaşlı siyasətçi Novruz Məmmədov aprelin 21-də baş nazir vəzifəsinə gətirilib. Novator.az bildirir ki, Novruz Məmmədov Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən bəri baş nazir postunda əyləşən 10-cu şəxsdir. Ona qədər baş nazir vəzifəsini Həsən Həsənov, Feyruz Mustafayev (baş nazir əvəzi), Rəhim Hüseynov, Əli Məsimli (baş nazir əvəzi), Pənah Hüseyn, Surət Hüseynov, Fuad Quliyev, İlham Əliyev, Artur Rasizadə tutub.

Azərbaycan Konstitusiyasında Nazirlər Kabinetinin statusu prezidentin yuxarı icra orqanı kimi müəyyən olunub. Ana qanuna görə, ölkə prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabineti yaradır. Prezidentə tabe olan, onun qarşısında cavabdehlik daşıyan qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.

Nazirlər Kabinetinin işini baş nazir təşkil edir, iclasları aparır. İclasda prezident iştirak etdikdə sədrlik ona keçir.

Baş nazir məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə onun səlahiyyətlərini baş nazirin birinci müavini, bu da mümkün olmadıqda baş nazirin müəyyənləşdirdiyi digər müavini icra edir.

Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında öz fəaliyyəti haqqında hesabat verir. Milli Məclis qarşısında hesabatla baş nazir və ya onun birinci müavini, prezidentin tapşırığı olduqda isə Nazirlər Kabinetinin müvafiq üzvü çıxış edir.

Nazirlər Kabinetinin Aparatı bilavasitə baş nazirə və onun müavinlərinə tabedir. Aparat rəhbərini prezidentlə razılaşdırmaqla baş nazir təyin edir.

Aparatın strukturu belədir:

Baş nazirin xidməti

Baş nazirin birinci müavininin xidməti

Baş nazirin müavinlərinin xidmətləri

Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti

Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidməti

Hüquq şöbəsi

Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi

Humanitar və sosial məsələləri şöbəsi

Beynəlxalq əlaqələr şöbəsi

Sənaye və energetika məsələləri şöbəsi

Neft və kimya məsələləri şöbəsi

Kənd təsərrüfatı məsələləri şöbəsi

Ekologiya məsələləri şöbəsi

Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi

Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi

Regionların inkişafı məsələləri şöbəsi

Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi

Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi

Mətbuat xidməti

İşlər İdarəsi.

Konstitusiyaya əsasən, baş nazir, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Səlahiyyət müddəti ərzində baş nazirin şəxsiyyəti toxunulmazdır. Baş nazir cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

Həmçinin oxuyun

Türkiyə səfirliyindən şəhidlərimizlə bağlı paylaşım

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş 2783 qardaşımızı rəhmətlə anırıq. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin …