Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Siyasət / Əxlaqı olmayan təhsilli adamlar cəmiyyətə bəla gətirirlər – DEPUTAT

Əxlaqı olmayan təhsilli adamlar cəmiyyətə bəla gətirirlər – DEPUTAT

“Şagirdlər, yeniyetmələr, gənclər dərk etməlidir ki, ali məktəbə qəbul olmamaq, yaxud ali təhsil almamaq onların həyatına, şəxsiyyətinə, həyat fəaliyyətinə heç bir fəlakət, faciə və əskiklik gətirmir”.

Bunu Bakupost.az -a millət vəkili Elman Məmmədov imtahan nəticələri yaxşı olmayan gənclərin intihara əl atmasından danışarkən deyib.
Millət vəkili bildirib ki, imtahanda aşağı bal toplamaq faciə deyil:

“Vacib deyil ki, orta məktəbi bitirənlərin hamısı ali təhsil müəssisəsinə qəbul olsun. Bizim ali məktəblərə, heç orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan yeniyetmələrimiz, gənclərimiz var ki, onlar həyatın müxtəlif sahələrində özlərini çox yüksək səviyyədə təsdiq edirlər. Müxtəlif peşələr, fərqli sənət növləri öyrənməklə uğur qazanırlar”.

Onun sözlərinə görə, alayarımçıq ali təhsilli mütəxəssis olmaqdansa, tam mükəmməl bir peşə sahibi olmaq daha yaxşıdır:
“Əgər şagirdin elm öyrənməyə gücü çatmırsa, bu o demək deyil ki, cəmiyyətdə yeri olmayacaq. Əksinə, o, yaxşı sənətkar, gözəl peşə sahibi olmaqla böyük nüfuz qazana bilər. Nizami Gəncəvinin gözəl bir kəlamı var: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Yəni gedib nəyinsə xatirinə alayarımçıq ali təhsilli mütəxəssis olmaqdansa, tam mükəmməl bir peşə sahibi olmaq dövlətimiz, millətimiz üçün daha dəyərlidir. Hər bir orta məktəbi bitirən yeniyetməmiz dərk etməlidir ki, onun gücü nəyə çatır və biliyi hansı səviyyədədir. Düzgün başa salınsa, bəlkə də o gənc heç ali məktəbə imtahan vermək həvəsində olmayacaq, hansısa bir peşəni, sənəti mükəmməl öyrənərək yerini tapacaq”.

E.Məmmədov bu istiqamətdə valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib:

“Elə valideynlər var ki, ali məktəbə girmək üçün uşağın qabağına şərtlər qoyur, sonra uşaq daxil olmayanda onu danlayır, məzəmmət edirlər. Bunlar yolverilməz haldır. Bəzən müəllimlər də deyir ki, “ali məktəbə girən şagirdlərimizlə fəxr edirik, siz heç bir şeysiz”. Bu fikirlər yeniyetmələrin, gənclərin, şagirdlərin psixologiyasına zərbə vurur. Hesab edirəm ki, ailə, cəmiyyət, məktəb kollektivi birlikdə düzgün istiqamətdə tərbiyəvi iş aparsalar, cəmiyyətimizdə belə xoşagəlməz hallara rast gəlmərik. Bu gün bizim nə qədər Milli qəhrəmanlarımız, şəhidlərimiz, Vətən müharibəsi qəhrəmanlarımız, qazilərimiz, igidlərimiz var ki, heç onların əksəriyyətinin ali təhsili yoxdur, lakin cəmiyyətdə ən yüksək yerdədirlər. Yəni ali təhsil məsələsini həyat normativi kimi götürmək düzgün deyil. İlk növbədə, mükəmməl əxlaqa, tərbiyəyə, sonra təhsilə malik olmaq üçün çalışmalıyıq. Əxlaqı və tərbiyəsi olmayan, amma çox yüksək təhsili olan adamlar bəzən cəmiyyətə bəla gətirirlər”.

Həmçinin oxuyun

İlqar Məmmədov Prezidentə müraciət etdi

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevəı müraciət edib. Belə ki, “Facebook” …