Şənbə , Avqust 13 2022
Ana səhifə / Siyasət / “Əvvəlcədən bir sıra məsələlər ssenariləşdirilib və Tokayev də bu işin içində olub”

“Əvvəlcədən bir sıra məsələlər ssenariləşdirilib və Tokayev də bu işin içində olub”

Qazaxıstandakı son hadisələr bir sıra mətləblərə aydınlıq gətirmək zərurəti yaradıb. Son 30 ildə bu ölkə Mərkəzi Asiyanın iqtisadi, sosial və mədəni sahələr üzrə sürətlə inkişaf edən ölkəsidir. Qazaxıstan MDB məkanında Rusiyadan sonra ixracata görə ikinci yeri tutur.

Ölkə paytaxtının yerinin dəyişdirilməsi, yeni iş yerlərinin açılması, türk və müsəlman dünyası ilə əlaqələrin inkişaf etdirilməsi və genişlənməsi, habelə Qərb bloku, eləcə də Avropa İttifaqı ilə əməkdaşlığın artırılması kimi hallar bunu təsdiqləyir. Qazaxıstanda siyasi sahədə də islahatlar aparılıb. Qazaxıstanın ABŞ-la strateji əməkdaşlıq etməsi, Rusiya ilə əlaqələri gücləndirməsi xarici siyasətin prioritetlərindən olub. Türk Dövlətləri Təşkilatındakı fəaliyyəti ilə Qazaxıstan türk dövlətləri arasında əlaqələrin dərinləşməsinə, yaxınlaşmasına yardım edib. Başqa bu kimi üstünlüklərə malik bir dövlətdə məlum iğtişaşların baş verməsi bir sıra qaranlıq mətləblərdən xəbər verir. Bu hadisələrin arxasında kimlərin dayanması ilə bağlı şübhələri artırır.

Məlum olduğu kimi, ilkin olaraq hadisələrin baş verməsinin səbəbi maye qazın qiymətinin artırılması ilə bağlı oldu. İğtişaşlar başlayandan sonra hökumət qiymətləri aşağı saldığını bəyan etdi. Üstəlik, bu günlərdə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi bəyan edib ki, 2022-ci il iyulun 1-dək ölkədə dövlət tərəfindən tənzimlənən qiymətlər artırılmayacaq: “Qazaxıstanda mənzil-kommunal xidmətlərinin tarifləri əvvəlki kimi qalacaq. Kommunal xidmətlərin tarifləri 2022-ci il iyulun 1-dək artmayacaq. Tənzimlənən kommunal xidmətlər, yəni su, kanalizasiya, istilik, qaz təchizatı və elektrik enerjisi tariflərinin artırılmasına moratorium tətbiq edilir”.

O baxımdan bütün bunlar o demək deyilmi ki, indiki prezident Qasım-Comərd Tokayev xalqı ayağa qaldırıb? Məgər qazın qiymətini onun komandası qaldırmadımı?

Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, hadisələrin baş verməsi və ondan sonrakı proseslər bir sıra məsələlərin təsadüfi olmadığı qənaətini yaradır: “Əvvəla, Tokayev nə qədər təcrübəli dövlət xadimi olsa da, Nursultan Nazarbayev qədər xarizmaya, idarəçilik qabiliyyətinə və onun kimi çevik manevr imkanlarına malik deyildi. Hadisələrin inkişaf şəklinə baxanda məlum olur ki, əvvəlcədən bir sıra məsələlər ssenariləşdirilib. Prezident Tokayev də bu işin içində olub. Çünki Tokayev Nazarbayev faktoruna görə sərbəst hərəkət edə bilmirdi. Üstəlik, bir sıra səlahiyyətlərin Nazarbayevdə qalması onu narahat edirdi. Məlum hadisələr başlayandan sonra Tokayevin atdığı addımlar diqqət çəkir. O, birinci qazın qiymətini aşağı saldı. Halbuki, onun komandası bu qərarı verib. Daha sonra N.Nazarbayevin tutduğu vəzifələrdən kənarlaşdırıldığını elan etdi. Ondan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət adı altında Rusiya qoşunlarını ölkəyə dəvət etdi. Halbuki, belə tez-tələsik qərar verməyə ehtiyac yox idi. Çünki Qazaxıstanda hadisələri nəzarət altında saxlaya biləcək yetərincə təhlükəsizlik qüvvələri var idi. Üstəlik, ölkədə internetə məhdudiyyətin qoyulması hadisələrin əsl mahiyyətini ortaya çıxarmağa mane olur. Bütün hallarda məlum hadisələrin arxasında Rusiya dayanır və Tokayev də bunun içindədir. Çünki Nazarbayevin timsalında Qazaxıstanın müstəqil qərarlar qəbul etməsi, türkdilli ölkələrlə yaxınlaşmanın yeni müstəviyə çıxarılması və Qərblə iqtisadi əlaqələrə önəm verilməsi Kremli narahat edirdi. Bundan başqa, Qazaxıstanda Çinin də böyük sərmayələri var. Ona görə də baş verən hadisələr təsadüfi deyil. Qazın qiymətinin qaldırılması sadəcə qığılcım rolunu oynadı”.

Partiya sədri onu da qeyd etdi ki, bundan sonra siyasi baxımdan Qazaxıstan əvvəlki kimi söz sahibi olmayacaq. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Rusiya Laçında kimin yanındadır – bəs Laçından sonra?

Rusiya Azərbaycanın Laçın dəhlizini, şəhərini və dəhliz boyunca yerləşən yaşayış məntəqələrini qaytarmağa mane olmur. Obyektiv …