Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Siyasət / Əliyevdən İrəvana son xəbərdarlıq: “Sülh istəmirsənsə…”

Əliyevdən İrəvana son xəbərdarlıq: “Sülh istəmirsənsə…”

ABŞ və Fransa timsalında Qərbin, eləcə də Rusiyanın Cənubi Qafqaza diqqəti artıb. Kaş ki bu diqqət və “qayğı” bölgədə daimi sülh və əməkdaşlığa, ən əvvəl də Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezləşməsinə və imzalanmasına xidmət edəydi. Əfsus ki, bunu söyləmək mümkün deyil.

Başlayaq özünü hələ də utanmazcasına Bakı ilə İrəvan arasında qərəzsiz vasitəçi sayan Fransadan. Daha doğrusu, Fransa Senatının bir neçə gün qabaq qəbul elədiyi, beynəlxalq hüquqa, elementar məntiqə və tarixi həqiqətlərə daban-dabana zidd anti-Azərbaycan qətnaməsindən. Ondan öncə isə prezident E.Makronun nala-mıxa vuran bəyanatları olmuşdu.

Rusiyalı tanınmış siyasi təhlilçi Andrey Pertov bu xüsusda haqlı olaraq hesab edir ki, regiona münasibətdə Fransa artıq özünü Ermənistan kimi aparır. Bu barədə o, Vestnikkavkaza.ru-dakı müəllif məqaləsində yazıb.

“Fransa öz mövqeyinin guya konstruktivliyi ilə bağlı formal sözlər söyləyir, daha sonra isə Azərbaycana qarşı bütün mümkün ittihamları səsləndirir. Bu cür davranış siyasi ikiüzlülüyün etalonudur”, – deyə şərhçi qeyd edib.

Müəllif ardınca konkret faktlara keçir: “Makron oktyabrın 7-də Praqada İlham Əliyevlə görüşür, onun üzünə gülümsəyir, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunması yollarından danışır, bir həftə sonra isə Fransa televiziyasında Bakını İrəvanın törətdiyi (! -red.) cinayətlərdə ittiham edir və Parisin Ermənistanı heç vaxt tərk etməyəcəyini bəyan edir. Bir neçə gün əvvəl Makron Azərbaycan prezidentinə zəng vuraraq, Ermənistan-Azərbaycan konfliktinin həllini dəstəklədiyini bildirir, ardınca Fransa Senatı Bakıya qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edir. Paris bu qədər açıq-aşkar ikiüzlü hərəkət etməklə, sadəcə, özünü Cənubi Qafqazdan qovmuş olur”.

Politoloqa görə, Fransanın Ermənistanı açıq-aşkar müdafiə eləməsi regiondakı balansın qəti şəkildə pozulması deməkdir. “Təəssüf ki, bu, ən pis seçimdir, çünki Ermənistan Azərbaycanla qarşıdurmanı saxlamaqda qərarlıdır. Bu o deməkdir ki, Fransa bölgədə yeni müharibə yaratmaq istəyir. Senatın ikinci qətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur, lakin onun nəticələri olacaq. Özü də yalnız mənfi və çox ciddi nəticələri”, – deyə o əlavə edib.

*****

ABŞ-a gəlincə ilk baxışda rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında barışın əldə olunmasına səmimi şəkildə çalışır. Hər halda dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə iki gün öncəki telefon danışığından belə qənaət hasil olur. Ondan bir neçə gün qabaq isə Blinken Ermənistan baş naziri Nikol Paşinyana zəng edərək, onu sülh gündəliyinə sadiq qalmağa çağırmışdı.

Srağagün isə ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edən Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker deyib ki, İrəvanla Bakı arasında davam edən danışıqların tempi və dərinliyi münaqişənin həllinə nail olmaq potensialını nümayiş etdirir: “Təbii ki, hər iki ölkənin hakimiyyətlərinin hələ görəcəyi çox iş var. İki ölkə arasında xarici oyunçuların maraqları ilə deyil, öz maraqları ilə şərtlənən birbaşa danışıqlar uzunmüddətli uğur üçün ən böyük şansa malikdir”.

Maraqlıdır ki, Riker nəhayət ki, ATƏT-in Minsk Qrupunun mexanizminin artıq işləmədiyini etiraf edib (Bir neçə ay öncə o, rəsmi Bakının narazılığına rəğmən, ABŞ-ın Minsk Qrupundakı yeni həmsədri təyin edilib). O, bunu ilk növbədə Bakının MQ-dən imtinası ilə əlaqələndirib və bildirib ki, Minsk Qrupu daha bəlli olduğu formada mövcud deyil: “İndi həmsədrlər arasında qarşılıqlı fəaliyyət prosesi dayanıb”.

Bununla belə, o iddia edib ki, Minsk Qrupunun mandatı, hədəfləri qalır, çünki “bu mandat hələ ki, faydalıdır”. Ardınca isə yenə bəyan edib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanma ilə məşğuldur. Elə isə “Minsk Qrupunun mandatı, hədəfləri qalır, çünki hələ ki, faydalıdır” ifadəsi nə demək? Yəni yenə “ikili standart”, qeyri-səmimilik…

*****

Təəssüf ki, başı Ukraynaya qarışan Rusiya da özünü sülhpərvər kimi göstərməsi fonunda Qarabağla bağlı məkrli oyunlarından, ərazi bütövlüyümüzə və suverenliyimizə sayğısızlıqdan əl çəkmir. Söhbət heç bu günlərdə Rusiya Müdafiə Nazirliyinin “sülhməramlılar”la bağlı növbəti bülletenində yenə Qarabağdakı Azərbaycan yaşayış məntəqələrinin adlarının qondarma erməni adları ilə verilməsindən, “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsindən getmir. Bunlar öz yerində. Məsələ ondadır ki, Moskva neçə vaxtdır açıq-aşkar Azərbaycan dövləti əleyhinə yönəlmiş “Vardanyan layihə”sini, süni “Rus icması” layihəsini israrla irəli aparmağa çalışır. Sülh müqaviləsi layihəsinə, gələcəyə saxlanmaqla olsa belə, status məsələsini soxuşdurmaq istəyir.

Yeri gəlmişkən, bir neçə gündən sonra Rusiya XİN-in danışıqlar üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gələcək (Bu həftənin əvvəlində o, İrəvanda olub). Görək, bu dəfə Putinin elçisi qovluğunda nə gətirəcək, Moskva yenə status məsələsində israr edəcəkmi?..

*****

Ancaq kimin nə gətirməsindən, hansı oyunlar oynamasından asılı olmayaraq, rəsmi Bakı öz prinsipial mövqeyində qalır və onu dəyişən deyil. Çünki bu mövqe beynəlxalq hüquqa, tarixi ədalətə və regional gerçəkliyə əsaslanır. İlham Əliyev Azərbaycanın bu prinsipial mövqeyini noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bir daha ortaya qoydu. Həm özünü səmimi aparmayan Ermənistana, həm də onun arxasında duranlara növbəti xəbərdarlıq mesajları göndərdi. Ermənistanın sülh haqqında sözlərini manipulyasiya saydığını söylədi. “Çünki onlar həqiqətən sülh arzulayırdılarsa, bizim təklifimizə cavab verərdilər” – deyə vurğuladı.

Müzəffər Ali Baş Komandan İrəvana sərt ismarış da göndərdi: “Mən bu yaxınlarda dedim, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər sülh istəmirlərsə, onda bu, onların seçimidir. 30 il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”.

Paşinyan və komandasının davam edən sülh oyunlarına Azərbaycan liderinin bu cür kəskin reaksiyası gözlənilən idi. İlham Əliyev eləcə də sülhə mane olan bölgədən kənar xarici amillərə diqqət çəkdi. Rusiyanın da “payını” verdi.

“Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur”, – dövlət başçısı qeyd elədi.

*****

Əlavə edək ki, İlham Əliyev ilk dəfə “Vardanyan layihəsi”ndən danışıb. Bu həm də o anlama gəlir ki, rəsmi Bakının səbri tükənir, erməni oliqarxın əli ilə Kremlin Qarabağdakı anklavda hansı oyunlardan çıxdığını yaxşı bilir. Həmçinin qondarma “Rus icması” layihəsindən xəbərdardır. Demək, Bakının cavab tədbirləri gecikməyəcək. Ermənistan üçün gerisayım başlayıb./Musavat.com 

Həmçinin oxuyun

Nemət Pənahlı hönkür-hönkür ağladı – Video

TV Müsavat-ın efirində qonaq olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı cənublu soydaşlarımızdan danışarkən …