Ana səhifə / Siyasət / Əlincəqalaya virtual səyahət edə bilərsiniz

Əlincəqalaya virtual səyahət edə bilərsiniz

“Əlincəqala” tarixi abidəsinin “elinceqala.naxcivan.az” adlı internet saytı fəaliyyətə başladı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında hazırlanan saytda Əlincəqalanın tarixi, Əlincəqala haqqında yazılan məqalələr, bədii ədəbiyyat nümunələri, qalada bərpa proseslərini və bərpadan sonrakı görüntüləri əks etdirən şəkillər və videomateriallar yerləşdirilmişdir. Bununla yanaşı, saytda “Virtual səyahət” vasitəsi ilə istifadəçilər muzey də daxil olmaqla, bütövlükdə qala-abidəyə virtual səyahət edə biləcəklər.
Xalqımızın mübarizlik və yenilməzlik rəmzi olan Əlincəqala 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı ”Əlincəqala” tarxi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən isə Əlincəqalada bərpa işləri aparılaraq möhtəşəmliyi özünə qaytarılmış, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılmışdır.
Qeyd edək ki, Əlincəqala yazılı mənbələrdə ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanında xatırlanıb. Qalanın iki min ildən artıq tarixi vardır. Qala I-VI əsirlərdə yerli hökmdarların əsas iqamətgahlarından biri olmuş, qala-şəhər kimi formalşmışdır.
Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artmışdır. 14 il Əmir Teymurun qoşunlarına müqavimət göstərən qala bu gün də əzəməti ilə buraya gələnləri məftun edir. Bu il iyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışından sonra tarixi abidənin 13 minə yaxın ziyarətçisi olub. Saytın istifadəyə verilməsi də Əlincəqalanın təbliğində mühüm rola malik olacaq.
Uzaq keçmişin yadigarı olan bu abidələr xalqımızın tarixini, mədəniyyətini öyrənmək baxımından dəyərli mənbələrdir. Bu abidələr yalnız Azərbaycan tarixinin öyrənilməsi üçün deyil, həmçinin ümumdünya tarixinin öyrənilməsi üçün də olduqca əhəmiyyətlidir. Bu abidələri sevə-sevə qoruyub saxlamaq, təbliğ etmək, gələcək nəsillərə çatdırmaq isə hər birimizin vətəndaşlıq borcudur!

Ruhiyyə Rəsulova

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın