Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı

Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı

“Mən düşünmürəm ki, Etibar Məmmədov və İsa Qəmbər siyasətdən getmişdilər. Onlar bu və ya digər şəkildə siyasi proseslərdə iştirak edirlər. Görürsünüz, zaman-zaman önəmli hadisələrdə və vəziyyətlərdə Etibar Məmmədov öz mövqeyini ifadə edib fikirlərini bildirir. İsa Qəmbərin də siyasətdən getdiyini düşünmürəm”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov Müsavat Partiyası lideri İsa Qəmbərin aktiv siyasətə qayıtmasını şərh edərkən deyib:

“Bilirsiniz, bu, şəxsi istəklə bağlı olan bir məsələdir. Yəni qayıda da bilərlər, qayıtmaya da. Bu, onların özlərinin şəxsi qərarlarına bağlıdır. Amma təcrübəli siyasətçilərin siyasi meydanda olması hər halda proseslərin gedişinə müsbət təsir göstərə bilər. İndi kim etiraz etsə də, istəsə də-istəməsə də, İsa Qəmbərin də böyük auditoriyası, seçici və tərəfdar kütləsi var. Hər halda mən düşünmürəm ki, İsa Qəmbərin siyasətə qayıtması Etibar bəyin siyasətə qayıtmasının alternativi olsun”.

AMİP katibin sözlərinə əsasən,  bu iki siyasətçi arasında zaman-zaman müəyyən rəqabət mühiti və hallar baş verib:

“Amma indi o dövr deyil. Mən bir şeyi də deyim ki, Azərbaycan cəmiyyətində və siyasətində yeni bir canlanmanın olması cəmiyyətin özünün fəallaşmasından asılıdır. Çünki insanların özü fəal olmasa, siyasətçilər də bu fəallığı həyata keçirə bilməyəcəklər. Siyasətçinin əsas dayaqları və onun gücü tərəfdarları və cəmiyyətin aktivliyindədir. Bu baş verməsə, siyasətçilərin fəaliyyəti mümkünsüzdür. Ola bilər ki, hansısa bir formada təsir edə və müəyyən canlanma baş verə bilər. Bunu istisna etmirəm. Amma belə spontan dəyişikliyin olmasını düşünmürəm”.

Ə. Orucov əlavə edib ki, yeni siyasi fiqurların meydana çıxmasına şərait yaradılmalıdır:

“Çünki yeni mühit bunu tələb edir. Təəssüflər olsun ki, bu, baş vermir və açığı, ləng gedir. Bu gün Azərbaycanda yeni partiyalar yarandı, gənc siyasətçilər siyasi meydandadır, amma bu, nəticə vermir və bunlar da hər hansı bir dəyişikliklərə və irəliləyişdə fəallaşmaya öz təsirini göstərə bilmir. Çünki Azərbaycanın özündə bir siyasi mühit yoxdur, siyasi partiyaların rolu sıfıra yaxındır. Ona görə də təcrübəli siyasətçilərin yenidən siyasətə qayıdışının çox ciddi dəyişikliklərə gətirib çıxaracağını o qədər də güman etmirəm”.

“Yeni koalisiyaya gəldikdə isə hələlik elə bir siyasi proses yoxdur. Nə seçki dönəmindəyik, nə də cəmiyyətdə hər hansı bir fəallıq var. Narazılıqlar var, lakin koalisiyaların yaranmasına rəvac verəcək bir mühit və yenilənmə yoxdur”, – yekunlaşdırıb.

Həmçinin oxuyun

Prezident deputatları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında sərəncam …