Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Siyasət / Əli Kərimlinin obrazı: “Yurd” sədrinin şousu nəyə hesablanmışdı? – TƏHLİL

Əli Kərimlinin obrazı: “Yurd” sədrinin şousu nəyə hesablanmışdı? – TƏHLİL

19 oktyabrda Milli Şura Bakıda razılaşdırılmamış aksiya keçirməyə cəhd etdi. Hökumət aksiyanın həmin gün saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, “28 May” küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim – idman bazasında keçirilməsinə razılıq versə də, Əli Kərimlinin şəxsi eqosu dinc etiraz aksiyasının keçirilməsinə əngəl oldu. Aksiyaya bir neçə gün qalmış “Yurd” sədri internet televiziyalarında bəyan etdi ki, mitinq şəhərin mərkəzində olacaq. O, israrla aksiyanın “28 May” metrostansiyasının qarşısında keçirilməsini istəyirdi. Zamansız və hazırlıqsız bu cəhd əslində özündə qaranlıq mətləbləri ehtiva edir. Çünki adam gücü yetməyəcək bir işə məcbur edilirdi. Nəhayət ki, o, üzərinə qoyulan və özünün də məcburi üzərinə götürdüyü öhdəliyin icrasına çalışdı.

Kərimli tərəfdarlarını az sayda olsa da, əraziyə yaxın ətrafa topladı və aksiyaya ilk cəhd saat 15.00-də başladı. “Səməd Vurğun” bağı, “28 Mall” ticarət mərkəzinin ətrafı, Milli Parkın həndəvəri, Heydər Əliyev Sarayının qarşısındakı parkda və ətrafda təxminən 2 saat ərzində gərginlik yaşandı. Aksiyaya cəhdin ilk zərərçəkəni təbii ki, adi vətəndaşlar, bu aksiyayla uzaqdan-yaxından əlaqəsi olmayanlar oldu. Yəni həmin ərazidə şəhərin ritmik həyatı pozuldu, nəqliyyatın hərəkətinə çətinlik yarandı və insanlar əziyyət çəkdilər. “Yurd” fəalları isə tapşırıqlarının icrasına çalışırdılar.

Bacardıqları qədər çalışsalar da, nə aksiyanın kütləviliyinə, nə də prosesin nəzarətdən çıxmasına hesablanan addımlara nail ola bildilər. Çünki Milli Şuranın bu razılaşdırılmamış mitinqi insanların yox, Əli Kərimlinin şəxsi maraqlarına xidmət edirdi. Fuad Qəhrəmanlı olayından sonra “Yurd” və onun sədri xeyli yıpranmış, cəmiyyətdə mövqeyini itirmişdi. Elə “Yurd” sədrinə də bu aksiya mövqelərini bərpa etmək üçün lazım idi. “Yurd”un bu məqsədini mitinq axşamı internet televizyalarındakı canlı yayınlarda özləri də etiraf etdilər. Milli Şura və “Yurd” funksionerlərinin, fəallarının əksəriyyətinin çıxışında bu tezis qırmızı xətlə keçirdi.

“Deyirdilər ki, liderlər meydana çıxmır, Əli Kərimli çıxdı”, “İsa Qəmbər, Arif Hacılı, İlqar Məmmədov harada idi?”, “Bundan sonra tək lider Əli Kərimlidir” və s. kimi pafos dolu sözlər sosial şəbəkələrdə adi adamları diksindirəcək qədər çox yayıldı.

Coxlu suallar var:

Əli Kərimli meydana çıxdı, nəyi və necə etdi? Yayılan videogörüntülər və şəkillər göstərir ki, o, bir siyasi liderdə yox, adi bir siyasətçidə olmayacaq qədər isterik və aksiya sonrası isə alçalmış durumda idi.

Budurmu lider obrazı? Bu “çıxış” müxalifətə nə fayda verdi? Protest elektoratı nəyə nail oldu?

Əvvəla, 19 oktyabrda düzənlənilməsinə cəhd olunan bu razılaşdırılmayan aksiya heç 8 oktyabr piketi qədər də effekt vermədi. Aydınca göründü ki “Pərvanənin piketi” “Əli Kərimlinin mitinq”indən daha effketli oldu. Yeri gəlmişkən, piketdə emosiyaya qapılıb müəyyən qeyri-etik ifadələr səsləndirmiş Pərvanə Əhmədova aksiyadan sonra özünü “Yurd” liderindən daha qürurlu apardı. İkincisi, əvvəlcədən bilindiyi kimi, 19 oktyabr aksiyasına cəhdin qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alındı. “Yurd” fəallarının ara-sıra fəallığı, etiraza cəhdi olsa da, dərhal lokallaşdırıldı. Hətta hadisənin əsas ssenarisinin planlaşdırıldığı “Qış bulvarı” adlanan ərazidə də əlavə hərəkətlərə imkan verilmədi. Yəni Əli Kərimlinin evinin yaxınlığında belə nəsə alınmadı. Əli Kərimli evindən çıxıb bir az getdikdən sonra polis əməkdaşları tərəfindən saxlanıldı. Axşam saatlarına qədər saxlanılan “Yurd” lideri daha sonra sərbəst buraxıldı.

Birinci mərhələdə heç nəyə nail olmayan Əli Kərimlinın əsl həngaməsi də bundan sonra başladı. O, sərbəst buraxılan kimi Sevinc Osmanqızının internet televiziyasına çıxdı. “Yurd” lideri efirdə bəyan etdi ki, onu tutub zorla avtobusa salıblar, orada fiziki təzyiq göstəriblər. Sonra hansısa binaya aparıb orada da döyüblər. Daha sonra onu DİN-in hospitalına apararaq müayinədən keçiriblər. Həkim rəylərinə görə, onun oqranlarında ciddi problem yaranmayıb. Kərimlinin “Osmanqızı” televiziyasının efirindəki davranışları isə ümumiyyətlə, heç bir əndazəyə sığmadı. Hamı bilir ki, Milli Azadlıq Hərəkatının adi iştirakçıları belə dəfələrlə Sovet imperiyasının ən sərt təzyiqlərinə məruz qalıblar. 1991-ci ilin avqustunda moskvapərəst Ayaz Mütəllibov rejiminin polisləri AXC qərargahına hücum edərək Əbülfəz Elçibəyi, Sabir Rüstəmxanlını döymüş, dəyənəklə başlarını yarmışdı. Lakin nə Elçibəy, nə də AXC-nin o zaman döyülən liderləri gördükləri təzyiqləri, çəkdikləri əziyyəti xalqın başına qaxdılar. Liderin döyülmüş, sındırılmış obrazının yaranmasına imkan vermədilər. Amma Kərimli özü də, tərəfdarları da 19 oktyabr aksiyasına görə xalqı, müxalifəti qorxaqlıqda, “lideri meydanda tək qoymaqda” suçladı. Əli Kərimli olduqca qorxmuş, sarsılmış və yazıq durumda deyirdi:

“Məni boğurdular. Məni ayrıca bir avtobusa mindirdilər. 4-5 polis əməkdaşı qollarıma qandal vurub yerə yıxdı və döyməyə başladılar. Çoxsaylı zərbələr endirdilər. Videokameralarının qarşısında məni döyürdülər. Deyirdilər ki, daha xalqı ayağa qaldırma! Döyülmə avtobusun içərisində baş verirdi. Başıma vururdular, saçımdan tutub qaldırırdılar. Avtobusda döyülməm üç raundda baş verdi. Hamısı da kameraya çəkilirdi. Orada vanna otağı kimi yeri kafelli bir otağa saldılar. Yenidən dedilər ki, çəkiliş olacaq, söz verməlisən ki, mübarizədən əl çəkirsən… Saat yarım ərzində 6-7 adam tərəfindən döyülmək çox əziyyətlidir. Amma mənim həyatıma təhlükəni boğulmağım yaratdı. Təpiyi boğazıma qoyub deyirdilər ki, onlar dediyini deməliyəm. Bir neçəsi ayağımı, əllərimi tutur, digərləri təpiklə boğazımı sıxır və döyürdülər. Artıq danışa bilmirdim… Elə bir məqam oldu ki, özləri gördülər ki, ürəyim dözmədi, yəqin ki, daha ayılmayacağam. Köynəyimi, maykamı əynimdən cırıb çıxardılar. Avtobusdakı bütün suları üstümə tökdülər”.

Bu, lider qürurudurmu?

Alçalmış görkəmdə! Üstəlik də xalqı qisasa çağıraraq “Qanımı yerdə qoysanız, haqqımı sizə halal etmərəm” deyəcək qədər hikkəli və qisascıl. Hadisəni şou elemetləri ilə zənginləşdirib danışmaqla nə qazandı ki? Lap hesab edək ki, Kərimli doğrudan da, söylədiyi qədər işgəncə görüb. Bunu bu formada, alçaldılmış durumda danışmaqla nəyə nail olmaq istəyirdi? Kərimlinin “köynəyimi dartıb cırdılar, yerə yıxıb döydülər” sözləri tamamilə biabırçılıq idi. Əli Kərimli görünür, öz aləmində əzabkeş obrazını, əslində isə alçalmış durumunu xarici fondlara, güclərə göstərmək üçün yaratmağa çalışdı. Yəni ki, “görürsünüz, sizin siyasi xətti aparıram, başıma bu işləri açırlar, zəhmətimi qiymətləndirin” mesajını verirdi. Amma “Yurd” lideri bir nüansı unutdu ki, siyasət emosiyanı sevmir. Emosiya ilə verilən qərarlar çox zaman əks-effekt verir. “Yurd” ətrafında yaranmış böhranı aradan qaldırmaq üçün başqa taktikalar da tapmaq olardı. Kərimli isə özünün yazıq obrazıyla buna nail olmaq istədi və təbii ki, alınmadı.

Beləliklə, Əli Kərimlinin 19 oktyabr mitinqə cəhdi də ona dividentlər qazandırmadı. Düzdür, bundan istifadəyə çalışılır. Amma lider obrazı başqadır. Lider hər zaman qürurlu olur, alçalmış duruma düşmür, özünün sınmazlıq, əyilməzlik obrazı ilə insanların kumirinə çevrilir. Kərimlidə isə tam əksi oldu. Ola bilər ki, kimlərsə onun durumuna acıyacaq və isti-isti tərəfdar obrazında görünəcək. Amma soyuq başla düşünəndə görəcək ki, Əli Kərimlidən nə lider olar, nə də onunla çiyin-çiyinə getmək…
Cebhe.info

Həmçinin oxuyun

“Ağdərədə erməni silahlılarının aktivliyinin müşahidə edildiyi barədə xəbərlər alırıq”

“10 noyabrda imzalanan üçtərəfli bəyanatın bəndlərindən biri də Qarabağdan bütövlükdə erməni silahlılarının çıxarılmasını nəzərdə tutur. …