Şənbə , Dekabr 15 2018
Ana səhifə / Siyasət / Əli Kərimlinin gizli görüşləri – Qarabağ Komitəsinə qarşı böyük qəsd hazırlanır

Əli Kərimlinin gizli görüşləri – Qarabağ Komitəsinə qarşı böyük qəsd hazırlanır

AXCP sədrinin müxalif düşərgəyə birlik səslənişi özünü bataqlıqdan çıxarmaq cəhdidir; indiyədək bütün birlikləri dağıdan, ittifaqları yıxan Kərimli nədən qəfil “hər şeyi unudaq, birləşək” deyir?; ayağını ənənəvi müxalifətin xarabalıqları üstündəki üç-beş daşın üstünə qoyub, dirçəlmək cəhdi fiaskoya məhkumdur…
Müxalifət düşərgəsində gəlişmə var. Uzun illərdi qarşılıqlı ittiham, intriqa, söyüş-qarğış yuvasına çevrilmiş müxalifət cinahında birlik təklifləri səsləndirilir. Özü bu təklifin müəllifi nə qədər qəribə olsa da Əli Kərimlidir.

Ə. Kərimli siyasətdə boy göstərdiyi və mövqe tutduğu gündən bütün birliklərə qarşı olub. O, hər zaman müxalifətin birləşməsinə qarşı çıxıb – gizli və ya aşkar. Ortada tarixi faktlar var. 1995-ci ilin payızında Müsavatla AXCP-nin seçkiyə vahid siyahı ilə gedə bilməməsindən, 1998-in payızında Əbülfəz Elçibəylə İsa Qəmbərin vahid namizəd məsələsində anlaşa bilməməsinə, 2000-ci ilin parlament seçkilərində yenə də vahid namizəd siyahısının razılaşdırılmamasından, 2003-cü ildə İsa Qəmbərin yox, Elçibəy iqtidarının hərbi qiyamla devrilməsində yaxından iştirak etmiş partiya sədrinin namizədliyini dəstəkləməsinə qədər bütün müxalifətdaxili dağıdıcılıq proseslərində Ə.Kərimlinin əli və rolu danılmazdı.

2013-cü ildə də Əli Kərimlinin üzdə birlik, əslində isə fürsətçilik fəaliyyəti müxalifət düşərgəsini seçkidən əvvəl məğlub duruma saldı.

Adamın xisləti elədir ki, normal proses aparmağa imkan vermir. “Ən böyük lider özüməm”, hikkəsi, “İnqilab edib, prezident olacam” xəyalları təkcə Əli Kərimlini deyil, müxalif düşərgəni illərdir iflic duruma salıb.

Bəs nə baş verdi ki, hər kəsə qucaq açdı, birlik nəğməsi oxudu?

Əli Kərimlini tanıyanlara gün kimi aydındır ki, onun son birlik çağırışının arxasında öz maraqları var. Hiylədən, fitnədən xali deyil onun son səslənişləri. O, zəiflədiyinin, gücdən düşdüyünün fərqindədir. Batır. İtirə-itirə gedir. İllərdir ənənəvi müxalifət partiyalarından uzaqlaşıb, ətrafına dini müxalifəti toplamağa çalışdı. Hətta Azərbaycana düşmən mövqedə olan və bu səbəbdən ölkədən qovulan, Vətənə gəlməyə haqqı və üzü olmayan, Avropaya, Rusiyaya, başqa ölkələrə sığınan separatçılara belə çevrəsində yer verdi. Hər hesablamasında olduğu kimi, bunda da yanıldı. İran agenturasını, Rusiyadan dəstək alıb, separatçılıq fəaliyyəti göstərənləri başına yığan adama Qərb heç vaxt sahib çıxmaz. Necə ki çıxmadı. Yeri gəlmişkən, bu mövzuda avqustun sonlarında məqaləmiz olmuşdu. Məqamı düşdüyü üçün həmin yazının linkini oxucuya təqdim edirik http://musavat.com/news/qerb-eli-kerimlini-niye-bitirdi-sensasion-iddialar-ve-bilgiler_551423.html

Ona görə də o, üzünü yenidən ənənəvi müxalifətə tutub. Bu düşərgənin nə qədər heydən düşsə də, təşkilatlanmaq bacarığına, siyasi təcrübəsinə bələddi. Artıq Əli Kərimli ideyasını gerçəkləşdirmək üçün fəaliyyətə keçib. İlk öncə İsgəndər Həmidovla təmasa keçib. Əldə etdiyimiz məlumata görə, sabiq daxili işlər naziri ilə görüşüb, bütün umu-küsüləri kənara qoymağı təklif edib. Məlumatda iddia olunur ki, İ.Həmidov ilkin razılıq verib.

İsgəndər bəy təcrübəli siyasətçi olmaqla yanaşı, Ə.Kərimlini də yaxşı tanıyır. Yəqin o da bilir ki, AXCP sədrinin ona “gəlin, birləşək, hakimiyyətə qarşı birgə mübarizə aparaq” xitabının arxasında millət və dövlət mənafeyi yox, şəxsi maraqlar dayanır. İ.Həmidovun ona nə cavab verdiyi haqda dəqiq bilgimiz yoxdur. Yeri gəlmişkən, Ə.Kərimli İ.Həmidovu xəstəxanada olanda da ziyarət edib. Görünür, bununla da “baxın, mən bütün küsülülükləri unutmuşam” mesajı verməyə çalışıb. Həm də ilk görüşü, ictimaiyyətdən gizlətdiyi təması bir növ leqallaşdırmış olub.

Əli Kərimlinin görüşdüyü digər siyasətçinin Müsavat Partiyasının başqanı Arif Hacılı olduğu deyilir. Mənbəmizin məlumatına görə, hər iki partiya sədri təkbətək görüşüblər. Və bu görüş də ictimaiyyətdən gizli saxlanır. Onların da arasında ilkin razılığın olmasına dair bilgimiz yoxdur. Amma Arif Hacılı ilk görüşdəcə “biz sənin birlik çağırışına qarşıyıq” deyəcək qədər də təcrübəsiz siyasətçi sayılmaz…

Çox güman ki, Ə.Kərimlinin növbəti təmas quracağı şəxslər Pənah Hüseyn, Əvəz Zeynallı, Akif Nağı və s. olacaq. Bu adamlar Qarabağ Komitəsinin aparıcı simalarıdır. Yeri gəlmişkən, məlumatlara görə, Qarabağ Komitəsinin uğurlu fəaliyyəti Əli Kərimlini ciddi narahat edir. Hər nə qədər bu platformanı görməzdən gəlmək istəsə də, keçirdiyi mitinqə dəstək verməsə də Komitənin bu cür populyarlıq və getdikcə kütləvilik qazanması AXCP sədrinin yuxusuna haram qatıb. Axı o, ictimai-siyasi mühitdə qurulan bütün təşkilatlara qarşıdır. Səbəbi sadədi: adam hər şeyin onun liderliyi altında baş verməsini istəyir. Tibb elmi bu cür adamlara dəqiq diaqnoz qoyub, xəstəliklərini də açıqca göstərib…

Müxalifət düşərgəsindəki dostlar həyəcanla bizə bildirir ki, Ə.Kərimli Qarabağ Komitəsini dağıda bilmədiyi üçün onu ələ almağa cəhd edəcək. Komitədəki dostlarımız da yəqin fərqindədirlər ki, Ə.Kərimli o təşkilatda söz sahibi olsa, nələr baş verər.

Artıq Qənimət Zahidin və digər Kərimli tərəfdarlarının facebook üzərindən yayımladıqları canlı verilişlərinə əski hərəkatçılar çıxarılır, yeni təşkilatlanmanın zəruriliyindən danışılır. Məsələn, Qənimət Zahidin son verilişlərindən birində qonaq Nemət Pənahlı olub. Heç vaxt bu cür ürəyigenişlik göstərməyən Əli Kərimli nədən qəfil “hər şeyi unudaq, birləşək” deyir? Ayağını ənənəvi müxalifətin xarabalıqları üstündəki üç-beş daşın üstünə qoyub, dirçəlmək cəhdi baş tutacaqmı? Müxalifətin köhnə və yaşlı qurdları ona bu fürsəti verəcəkmi?

Əli Kərimlinin birlik çağırışlarının arxasındakı hiylə, üç aşağı, beş yuxarı, hər kəsə bəllidir. Aldığımız məlumata görə, o, gələn ilin ilk rübünə kimi köhnə müxalifətin hesabına hərəkat yaradıb, onun başına keçməyi planlaşdırır. Üstəlik, Əli Kərimlinin şirnikləndirən bir məqam daha var: gələn ilin ortalarında Milli Məclisə seçkilərin keçiriləcəyi haqda qulağına bəzi şayiələr çatıb. Görünür o, həm də bu prosesə hazırlaşır. Maraqlıdı, onun siyasi tələsinə düşən tapılacaqmı?

Əslində Azərbaycanda siyasi müxalifətin güclənməsində, fəallaşmasında normal düşünən hər kəs maraqlı olmalıdı. Çünki siyasi müxalifətin zəiflədilməsi kənar paytaxtlardan maliyyələşən və idarə olunan digər müxalifətin – əsas da dini müxalifətin güclənməsinə, iddia göstərməsinə səbəb olub. Bunun isə hər birimizə, o cümlədən ölkəmizə necə bir təhlükə yaratdığı bəllidir. Fəqət Əli Kərimli mahiyyətcə dini radikal müxalifətdən heç nəyi ilə fərqlənmir. Əgər müxalifət güclənəcəksə, təşkilatlanacaqsa bu prosesə Əli Kərimlinin və onun adamlarının nəzarət və rəhbərlik etməsi yolverilməzdir. Bu iş daha uyğun bir və ya bir neçə siyasi liderin rəhbərliyi ilə getsə, ölkəmiz də udar, cəmiyyətimiz də, dövlətimiz də.

Siz siz olun, Əli Kərimlinin siyasi hiyləsinə aldanıb, sayıqlığı əldən verməyin.

Azər AYXAN,

VIPedu.BIZ

Həmçinin oxuyun

Paşinyan “Tvitter”də Qarabağdan yazdı: “Münaqişənin həlli…”

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Ermənistan üçün başlıca prioritet olaraq qalır” Azvision.az erməni …