Cümə , Sentyabr 30 2022
Ana səhifə / Siyasət / “Əli Kərimlinin Azərbaycanı ABŞ-la müqayisə etməsi gülüncdür”

“Əli Kərimlinin Azərbaycanı ABŞ-la müqayisə etməsi gülüncdür”

“AXCP sədri Əli Kərimlinin Azərbaycanı ABŞ-la müqayisə etməsi, həqiqətən də, çox gülüncdür. Bu, dünyadan xəbəri olmamaq deməkdir, qərəzli, qeyri-obyektiv yanaşmadır. Birincisi, müqayisə edilən ölkələr və ya subyektlərin bir-birinə müəyyən parametrlərlə, standartlarla, etalonla yaxınlığı olmalıdır. Məsələn, Azərbaycanı keçmiş sovet respublikaları arasından Qazaxıstanla, Özbəkistanla müqayisə etmək olar. ABŞ-da tibbi sığorta sistemi dünyanın qabaqcıl ölkələrində olduğu kimi deyil. Zənginlərin tibbi sığortası yüksək səviyyədədir, orta təbəqələrin isə sığorta sistemi hədsiz dərəcədə acınacaqlıdır. Tibbi sığorta ilə bağlı qaydalar çox sərtdir, sığorta ödəniş məbləği çox böyükdür. Bu mənada, ABŞ-da 64 milyard dolları ona görə ayırıblar ki, ölkənin tibbi sığorta sistemi çökməsin”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bu gün dünyada ən yaxşı tibbi sığorta sistemi olan ölkələrin sırasında qardaş Türkiyə də dayanır: “Avstriyada, Almaniyada, Yeni Zellandiyada, Skandinaviya ölkələrində, Avropanın bəzi ölkələrində sağlıq sığorta sistemi çox yüksək səviyyədədir. Bu ölkələrin səhiyyə xidməti və icbari tibbi sığortanın indiki vəziyyətə gəlməsi üçün uzun illər çaba göstəriblər. ABŞ-da hətta imkansız şəxslərin, xüsusi imtiyazlı həssas qrupların belə tibbi sığortasında çox ciddi problemlər var. Yəni tibbi xidmət baxımdan müdafiəsizdir. Kimliyindən asılı olmayaraq hər kəs icbari tibbi sığortaya böyük məbləğdə pul ödəməlidir. ABŞ-da küçədə kimsə ürəktutmasından yıxılsa, gəlib cibinə baxıb yoxlayırlar ki, tibbi sığorta kartı varmı, yoxdursa, ona hətta ilkin səhiyyə xidməti belə göstərmirlər. Azərbaycanda isə əhalinin həssas qrupu tamamilə dövlətin qayğısı ilə əhatələnib. Ölkəmizdə səhiyyə sistemində aparılan islahatlar və İcbari Tibbi Sığorta yeni fəaliyyətə başlamasına baxmayaraq, pilot layihələr ilk başdan özünü doğrultdu. Demək olar ki, 90%-ə yaxın vətəndaş məmnunluğu bildirildi. Neçə illərdir ciddi islahatlar gedirdi. Bu islahatların uğurla həyata keçməsi o qədər də asan deyil. Torpaqları işğal altında, müharibə vəziyyətdə olan, minlərlə şəhid, qazi, milyondan çox qaçqın və məcburi köçkün olan ölkədə uğurla aparılan İcbari Tibbi Sığorta və  səhiyyə islahatları şəxsən möhtərəm Prezidentimizin yeritdiyi uğurlu siyasətdən qaynaqlanır. İcbari Tibbi Sığortanın fəaliyyətə başladığı ilk illərdə xidmət zərfində ürək, böyrək kimi ağır əməliyyatlar nəzərdə tutulubsa, bu, onu göstərir ki, dövlət öz vətəndaşının qayğısına yüksək səviyyədə qalır. BMT-də 2015-ci ildə Dayanıqlı İnkişaf Sammitində  qəbul olunan sənəd bütün dünya ölkələrində imperativ norma kimi qəbul edildi. Bu sənədə görə, dövlətlərin öz əhalisinin səhiyyə xidmətləri ilə bağlı öhdəlikləri var. Bu sənəddə, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının sənədində hökumətlər ilkin səhiyyə xidmətini göstərməyə borcludur. Azərbaycanda həyata keçirilən İcbari Tibbi Sığorta zərfində çox böyük xidmətlər var. Hətta İcbari Tibbi Sığortası olmayan biri gedib yaşadığı ərazidə yerləşən səhiyyə müəssisəsinə müraciət edirsə, ona ilkin səhiyyə xidmətini ödənişsiz göstərirlər. İcbari tibbi xidmətə ödənişlərin məbləğinin də az olduğunu nəzərə alsaq, hökumətin bu məsələyə nə qədər diqqət və qayğı göstərdiyinin bir daha şahidi olarıq. Yeri gəlmişkən, Əli Kərimlidən soruşun, o özü nə qədər icbari tibbi sığortaya pul ödəyir və ABŞ-da nə qədər ödəyirlər?”.

M.İbrahimqızı deyib ki, bir neçə il bundan öncə Azərbaycandakı xəstəxanalara, səhiyə müəssisələrinə müraciətlər çox az idi: “Çünki səhiyyə xidmətində müəyyən problemlər, boşluqlar var idi. Bu gün isə bunun tam əksini görürük. Ölkəmizdə yüksək standartlara cavab verən səhiyyə infrastrukturu, xaricdə təhsil almış tibb kadrları uğurlu islahatların tərkibidir. Təmsil etdiyim Nəsimi rayonunda səhiyyə müəssisələri çoxdur. Səhiyyə Nazirliyindən tutmuş, Bakı Baş Səhiyyə İdarəsi, İcbari Tibbi Sığorta, Tibb Universiteti, bir sıra klinikalar və s. Nəsimi rayonu ərazisindədir. Tez-tez rayon ərazisindəki səhiyyə müəssisələrinin vəziyyəti ilə maraqlanıram, inkişafı gözlərimlə görürəm. Tarixlərində müstəmləkəçilik olmuş, lakin indi inkişaf etmiş ölkələr sayılan bu ölkələr neçə illər başqa ölkələrin təbii sərvətləri hesabına öz dövlətlərini qurublar. Həmin dövlətlərlə Azərbaycanın müqayisə olunması qərəzlidir. Cənab Prezidentimiz bu məsələyə hədsiz həssaslıqla yanaşır. Möhtərəm Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva gündəlik səhiyyədə gedən islahatlara nəzarət edir. Əli Kərimli kimi hər şeyə qara şüşədən baxanlar Azərbaycanı nəinki ABŞ-la, birazdan kosmosla, yadplanetlilərlə müqayisə edəcəklər”.

Həmçinin oxuyun

Deputat: ““İrandakı vəziyyətin alternativi feministlərin həyat tərzidir” deyilməsi doğru yanaşma deyil”

““İrandakı vəziyyətin alternativi feministlərin həyat tərzidir” deyilməsi doğru yanaşma deyil. Bu gün müəyyən qruplaşmaları, təriqətləri, …