Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / Əli Kərimli də “erməni soyqırımı”nı tanıdı – SENSASİON MƏTN

Əli Kərimli də “erməni soyqırımı”nı tanıdı – SENSASİON MƏTN

AXCP sədri Almaniya bundestaqının qərarına görə Türkiyə və Azərbaycan iqtidarlarını qınadı: “Açıq etiraf etmək lazımdır ki, bu günkü qətnamənin qəbul edilməsində Türkiyə hakimiyyətinin və qismən də Azərbaycan hakimiyyətinin səhv siyasətlərinin də ciddi payı var”
AXCP sədri Əli Kərimli bu ilin aprelində baş verən silahlı toqquşmalar zamanı tutduğu anti-milli mövqeyini davam etdirib. Həmin müddət Azərbaycan ordusuna və iqtidarına qarşı verdiyi kəskin açıqlamalar səbəbi ilə erməni mediasının manşetlərindən düşməyən AXCP sədri bu dəfə də ortaya heyrətamiz mövqe qoyub.
Belə ki, o, Almaniya parlamentinin  “erməni soyqırımı”nı dəstəkləyən qərarını şərh edərək, özünün  facebook səhifəsində  Türkiyə və Azərbaycan iqtidarlarını suçlayıb. Bu addım heç şübhəsiz ki, birbaşa mənası ilə, erməniləri və bu cür hərəkəti edən Almaniya parlamentini dəstəkləmək deməkdir. Üstəlik, burada Azərbaycan hakimiyyətini qınamaq daha absurd addımdır. Başa düşürük ki, Əli Kərimli bu hakimiyyətə düşməndir, hər fürsətdə onu yamanlayır, gözdən salmağa çalışır, qaralayır. Lakin Türkiyə kimi qüdrətli bir ölkənin bütün müqavimətinə rəğmən qəbul olunan xain qərara görə Azərbaycan iqtidarını suçlamaq ağ eləməkdir. Türkiyə prezidenti R.T.Ərdoğanın şəxsi dostu olan Almaniyanın kansleri xanım Merkel bu prosesə bilincli olaraq mane olmayıb; burada qüsur, suç varsa, bir hissəsi ermənilərdə, bir hissəsi də Almaniyadadır. Başqa suçlu axtarışı bu iki suçlunu təmizə çıxartmaq cəhdindən başqa bir şey deyil.
 Əli Kərimlinin yazdığı statusu nəzərinizə çatdırırıq:
“Almaniya parlamentinin olmayan “erməni genosidi”ni tanıması səhv qərardır. Aydındır ki, bu qərar tarixə istinadla deyil, hazırkı Almaniya – Türkiyə münasibətləri kontekstində, Türkiyəyə təzyiq məqsədilə qəbul edilib. Almaniya tarixən erməni lobbisinin zəif olduğu, əksinə Türkiyə ilə, son illərdə isə Azərbaycanla da sıx əlaqələri olan güclü Avropa dövlətidir. Almaniya parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxmasını tələb edən qətnamə də qəbul edib. Həm də bir neçə dəfə.
Açıq etiraf etmək lazımdır ki, bu günkü qətnamənin qəbul edilməsində Türkiyə hakimiyyətinin və qismən də Azərbaycan hakimiyyətinin səhv siyasətlərinin də ciddi payı var. Türkiyənin və Azərbaycanın strateji maraqlarına, ərazi bütövlüyünə hörmətlə yanaşan Almaniya həm Türkiyədən, həm də Azərbaycandan vaxtaşırı demokratik islahatlar da tələb edir. Almaniya ilə dostluğu, strateji tərəfdaşlığı yüksək qiymətləndirib, onun demokratikləşmə ilə bağlı çağırışlarına həssas yanaşıb, bu müttəfiqliyi daha da möhkəmlətmək lazım idi. Təəssüf ki, bu yol seçilmədi. Lakin nəinki dünyanın, heç Almaniya – Türkiyə münasibətlərinin də sonu deyil. Siyasətin vəzifəsi Türkiyə – Almaniya və Azərbaycan – Almaniya münasibətlərinin daha sağlam və daha praqmatik inkişafına nail olmaqdır. Doğrunu deməkdən çəkinməli deyilik, bəli, qətnamənin qəbulu tarixi, hüquqi və siyasi baxımdan səhv olub və şübhəsiz ki, Türkiyə ilə münasibətlərə ciddi xələl gətirəcək, lakin bu hadisədən istifadə edib, istər Türkiyədə, istər Azərbaycanda anti-Almaniya isterikası yaratmaq istəyənlər də səhv etmiş olacaqlar. Bunu da deməliyik.”
Göründüyü kimi, bu mətndə ermənilərə qınaq heç yoxdur! Əvəzində Türkiyə və Azərbaycan iqtidarları məhkum edilir. Almaniya iqtidarı isə tam və birmənalı dəstəklənir, “erməni soyqırımı”nı tanıdıqlarına haqq verilir. Sən demə, Azərbaycan və Türkiyə Almaniyanın zaman –zaman tələb etdiyi demokratik islahatları keçirməyibmiş, sözünə qulaq asmayıbmış, “onun demokratikləşmə ilə bağlı çağırışlarına həssas yanaşmayıbmış”, buna görə də cəzalandırılıblar!
Allah daş töksün belə vətənpərvərliyə və bu məntiq yiyəsinin başına! Belə də iddia olar? Türkiyə demokratik islahatları gecikdirdiyi üçün Almaniya “erməni soyqırımını” tanıyıbmış! Əla! Əli Kərimlinin məntiqi ilə, Ermənistan çox demokratikləşib, ona görə də ona mükafat verib Almaniya. Almaniya Osmanlı Türkiyəsinin müttəfiqi kimi, sözdə “erməni soyqırımı”na özü məsuliyyət daşıyır. Lakin onlar almandırlar və bu məsuliyyətdən də, tarixi və indiki müttəfiqlikdən də imtina edə bilərlər. Bəs, Əli Kərimli? Axı, biz bilən, o nə ermənidir, nə də alman! Bəs niyə bu qədər anti-Türkiyədir?! Niyə Əli Kərimli və ona yaxın media hər zaman Türkiyəyə qarşı olur? Bu qarşı olma o dərəcəyə çatıb ki, Türkiyə səfirliyi bir sıra mühüm tədbirlərinə Əli Kərimliyə yaxın olan medianı və hətta onun özünü də dəvət etmir! Çünki hər kəs bu sevməzliyin fərqindədir.
Bizim qənaətimizcə, bu statusla Əli Kərimli də “erməni genosidini” tanımış oldu. Axı, Azərbaycan, onun təbiri ilə desək, demokratikləşmir, Əli Kərimlinin “ demokratikləşmə ilə bağlı çağırışlarına həssas yanaşmır”. Buna görə də AXCP sədri öz aləmində Azərbaycan iqtidarına bu cür “cəza” verir.
Allah və uca millətimiz bu cür siyasətçilərə imkan və şans verməsin. Erməni dostu, türk düşməni onsuz da çoxdur. İçimizdəkilər barı, böyüməsinlər. (musavat.com)

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …

Bir cavab yazın