Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Əli İnsanov nədən azad olunmadı – sabiq nazirin ailə üzvlərindən kimlər Bakıdadır?

Əli İnsanov nədən azad olunmadı – sabiq nazirin ailə üzvlərindən kimlər Bakıdadır?

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun oktyabrın 20-də 11 illik həbs cəzası başa çatdı. Ayın 11-də barəsində üç yeni cinayət maddəsi ilə 3 aylıq həbs qətimkan tədbiri seçilən sabiq nazir gözlənildiyi kimi azadlığa çıxmadı. Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan İnsanov oktyabrın 11-də Qaradağ Məhkəməsinin çıxardığı qərarla bağlı apellyasiya şikayəti verib.

Yaxın günlərdə onun apellyasiya şikayətinə baxılacaq.

Sabiq nazir ətrafında gəzən söz-söhbət bitib-tükənmir. Son 5 ayda gündəmin əsas müzakirə olunan şəxslərindən biridir. Əvvəlcə iyul ayında onun barəsində yeni cinayət maddələrinin açılacağı barədə xəbərlər yayıldı və dərhal da vəkili tərəfindən təkzib olundu. Xəbərin üstündən bir ay keçməmiş xəbər doğruldu və avqustun 24-də İnsanov 3 cinayət maddəsi ilə üz-üzə qaldı. Bundan sonra onun barəsində iddiaların sayı çoxalmağa başladı. Sabiq nazirin referendum öncəsi susqun qalmasına və müxalifətin referendum mitinqlərinə dəstək verməməsinə səbəb kimi azadlığa çıxmaq üçün hakimiyyətlə anlaşdığı deyildi. Hətta yeni cinayət maddələri üzrə istintaq müddətinin oktyabrın 23-ə qədər olduğunu nəzərə alaraq, onun oktyabrın 20-də azadlığa çıxacağını və məhkəmə proseslərində bayırdan iştirak edəcəklərini bildirildi. Amma deyilənlərin tam əksi oldu. 11 illik cəzasının başa çatmasına 9 gün qalmış İnsanovun azad olunmayacağı aydınlaşdı.

İndi də onunla bağlı müxtəlif fikirlər ictimaiyyət daxilində gəzir. Belə iddialar var ki, hakimiyyət tərəfindən son aylarda onunla bəzi məsələlərdə anlaşmaq üçün cəhdlər edilib. Ölkə iqtidarı onu azad edəcəyi halda ölkəni tərk etməsini tələb edib. Bu versiya bir qədər inandırıcı gəlir. Çünki İnsanovla eyni hadisəyə görə 2005-ci ildə həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev üç il öncə məhz belə anlaşma yolu ilə azadlığa çıxmış və ölkəni tərk etmişdi. Hazırda o Almaniyada yaşayır. Sabiq səhiyyə nazirinə hətta yaşayacağı ölkənin hökumət tərəfindən seçiildiyi də qeyd olunur. Həmin dövlətin Almaniya olduğu deyilir. Almaniyanın seçilməsinin təsadüf olmadığı vurğulanır. Belə ki, İnsanovun hazırda ailəsinin əksər üzvləri həyat yoldaşı başda olmaqla bu ölkədə yaşayır. Amma İnsanovun hakimiyyətlə bu məsələdə anlaşmadığı üçün həbsdə qaldığı söylənilir.

Onun məhbəs həyatı ilə vidalaşa bilməməsinə səbəb kimi bir amil də önə çəkilir. Bu da əfv ərizəsi yazmamasıdır. Belə fikirlər var ki, sabiq nazir zamanında əfv ərizəsi yazsaydı, çoxdan azadlığa buraxılmış olardı. Hətta 2013-cü ildə əfv ərizəsi ilə azad olunan Fərhad Əliyevlə birlikdə onu da hakimiyyətin azadlığa buraxmaq istədiyi, lakin sabiq nazirin inadkarlığının həbsdə qalmasına səbəb olduğu deyilir. İnsanovun göstərdiyi dirənişin hakimiyyət tərəfindən qəzəblə qarşılandığı və bunun üçün də iqtidarın keçmiş məmurunu hər vəchlə həbsdə saxlamağa qərarlı olduğu görünür. Görünən odur ki, illər öncədən Avropa Məhkəməsinin İnsanovun azadlığa buraxılması ilə bağlı tələbi də kağız üzərində qalıb. Ekspertlərin 70 yaşlı qocanın azad olunmasına yeganə çıxış yolu kimi onun hakimiyyətlə anlaşmaya getməsini göstərirlər.

Qeyd edək ki, həbsdə olduğu 11 il ərzində İnsanovun ailəsindən kimlərin Azərbaycanda qaldığı, kimlərin ölkəni tərk etdiyi daim müzakirə mövzusu olub. Aparılan araşdırmalar da çox vaxt nəticəsiz qalıb.

İnsanovun həbsxanaya arxasınca gəlməsi üçün yalnız vəkilinə icazə verməsi barədə redaksiyamıza müdhiş xəbər daxil olub. Sabiq nazirin son 11 ildə ailəsindən heç kimin üzünü belə görmədiyi xəbərdə qeyd olunub. Bu da bəzi müəmmalara yol açır. Ya İnsanovun ailəsindən kimsə ölkədə qalmayıb, ya da o, ailə üzvlərindən kiminsə həbsxanaya gəlməsini istəmir.

Adının çəkilməsini istəməyən sabiq dövlət məmurunun çevrəsinə daxil olan şəxslərdən biri onun oğlunun və qardaşlarının Azərbaycanda olduğunu, digər ailə üzvlərinin ölkədə olmadığını bildirdi: “Məhəmməd adlı qardaşı bir il öncə rəhmətə getdi. İli bu günlərdə olacaq. Əhməd adında qardaşı ölkədədir. Bir oğlu, bir qızı var. Oğlunun adı Vidadidir, hazırda Azərbaycandadır. Atasının yanına bəzən o gedir. Arabir qardaşı da İnsanovun yanına gedir. Həyat yoldaşı əksər vaxtlar xaricdə olur”.

Qeyd edək ki, avqustun 24-də İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Bu maddələr üzrə onu 10 il 6 ay həbs cəzası gözləyir.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın