Ana səhifə / Siyasət / Əli Həsənovun imperiyası: Vəzifədən getsə də, dövlətin “yaxasını” buraxmır

Əli Həsənovun imperiyası: Vəzifədən getsə də, dövlətin “yaxasını” buraxmır

Ömrünün böyük hissəsini yüksək vəzifələrdə keçirən, siyasi hakimiyyətdəki mövqelərindən, əlaqələrindən, hakim YAP-dakı statusundan və s. istifadə edərək misilsiz dərəcədə varlanan, böyük biznes quran məmurların sırasında “Qaçqınkom”un sabiq sədri Əli Həsənovun xüsusi yerinin olduğu heç kimə sirr deyil. “Köhnə qvardiya”nın “parlaq simalarından” olan Ə.Həsənovun varidatına onun nəvəsi Nail Allahverdiyevin öz bahalı avtomobilində törətdiyi, iki nəfərin ölümü və iki nəfərin yaralanmasıyla nəticələnən qəzadan sonra diqqət xeyli artdı.

Mətbuatda indiyə qədər sabiq “Qaçqınkom” sədrinin yaxın adamlarının adına rəsmiləşdirilən çoxsaylı mal-mülk və biznes strukturlarına dair çoxsaylı məlumatlar yayılıb. 

İndi isə belə görünür ki, Ə.Həsənov vəzifəsindən uzaqlaşdırılandan sonra da bu strukturlar öz fəaliyyətini davam etdirir və gəlir gətirir, hətta dövlət büdcəsi qarşısında külli miqdarda borclanır da. Lakin buna görə sabiq məmura və onun şirkətlərinə “gözün üstə qaşın var” deyən yoxdur.

Sosial şəbəkələrdə maliyyə analitiki Ülvi Qasımov tərəfindən Ə.Həsənova aid olduğu bildirilən “Polimer Sənaye Parkı” MMC-nin fəaliyyəti və külli miqdarda vergi borcuyla bağlı maraqlı məlumat paylaşılıb. 

Məlumatda vergi orqanının rəsmi saytına istinadla qeyd olunur ki, “Polimer Sənaye Parkı” MMC-nin dövlət büdcəsinə 2 milyon 640 min manat vergi borcu var: “YAP-ın İdarə Heyətindən uzaqlaşdırılan “Qaçqınkom”un eks sədri Əli Şamil oğlu Həsənova məxsus olan biznes strukturlarından birinin –“Polimer Sənaye Parkı” MMC-nin dövlət büdcəsinə 2milyon 640 min manat vergi borcu var ( mənbə : https://www.e-taxes.gov.az/ebyn/vergiBorcu.

“Polimer Sənaye Parkı” MMC (www.polypark.az) plastik məmulatların istehsalını həyata keçirir. MMC-nin direktoru Əli Şamil oğlu Həsənovun oğlu, polis polkovniki Emin Həsənovun yaxın dostu Rahim Maqsudəli oğlu Maqsudovdur.

Keçmiş məmurlara məxsus müəssisələr dövlətə olan vergi borclarını ödəsələr, bu gün işğaldan azad olunan Qarabağımızın bərpasına tələb olunan vəsaiti formalaşdıran dövlət büdcəmizə böyük kömək olar.”

Belə görünür ki, Əli Həsənov bu qəbildən olan digər bir çox məmurlar kimi, vəzifədən, YAP-ın İdarə Heyətindən uzaqlaşdırılsa da, dövlətin, xalqın “yaxasından” əl çəkmir. Və vəzifədə olduğu vaxt göstərdiyi “xidmətlər” azmış kimi, öz biznesilə də büdcəyə problemlər yaratmaqdadır.

Məsələnin maraqlı tərəfi həm də odur ki, 200-300 manat vergi borcu olan hansısa “dönərxana”nın qapısını kəsən müvafiq strukturlar, nədənsə Əli Həsənov kimilərin böyük şirkətlərinin dövlətə olan külli miqdarda borclarını tələb edib almaqda sanki aciz görünürlər. Bu məbləğdə vergi borcunun yaranmasına necə imkan verildiyi, nədən zamanında bu vəsaitin tələb olunaraq büdcəyə cəlb edilməməsi istər-istəməz, vəzifədən uzaqlaşdırılmasına baxmayaraq, bu tip məmurların hakimiyyətdəki əlaqələrinin, dövlət strukturlarına təsirlərinin hələ də qalmasına dair təsəvvür yaradır.

Əli Həsənovun “biznes imperiyası”na gəlincə, bu şəbəkə təbii ki, bir şirkətlə məhdudlaşmır. Müstəqil jurnalist Cavanşir Həsənli ötən il həmin şəbəkənin bəzi həlqələri barədə material dərc etmişdi. Bu məlumatlardan da görünür ki, sabiq “Qaçqınkom” sədri vəzifədəki illərini qətiyyən “yelə verməyib”. 

Həmin araşdırmaya görə, Əli Həsənovun kürəkəni, məlum qəzanı törətsə də, indi azadlıqda lyuks həyatını davam etdirən Nail Allahverdiyevin atası Elman Allahverdiyev hələ 2017-ci ildə Almaniyada milyonlarla avroya aldığı otellə bağlı Qərb mətbuatının “qəhrəmanına” çevrilib.

O, Almaniyanın Hamburq şəhərində ilk şirkətini – LOHIMEX GMBH-ni 2014-cü ildə qeydiyyatdan keçirib. Bu şirkət hazırda logistika sahəsində fəaliyyət göstərir. Elman Allahverdiyev 2015-ci ilin martında Almaniyanın Lüneburg ədliyyəsində GLORIOUS HOTELS RESORTS GMBH şirkətini qeydiyyatdan keçirərək Bad Bevensen kiçik kurort şəhərində, Lerchenweg 1-də yerləşən və bir neçə miyon avro dəyərində olan Kieferneck otelini satın alıb. 2016-cı il maliyyə ilini şirkət 300 min avro zərər vurduqdan sonra Elman Allahverdiyev oteli dəyər-dəyməzinə satıb.

C.Həsənli yazır ki, Azərbaycanda da Elman Allahverdiyevin və Əli Həsənovun qızı Roza Allahverdiyevanın çoxşaxəli biznesi var və bu şirkətlər vasitəsilə keçmiş “Qaçqınkom” sədrinin əziz xələfləri hələ də büdcəyə yol tapırlar. Məsələn, Elman Allahverdiyevin 2004-cü ildə təsis etdiyi “GARDENİA” MMC (hüquqi ünvanı AZ1069, Bakı Şəhəri, Yusif Vəzir Çəmənzəminli, ev 134) yaşıllaşdırma, suvarma sistemlərinin quraşdırılması və satışı sahəsində ixtisaslaşıb, Hollandiya, İtaliya, Almaniya, İsrail, Türkiyə, Rusiyadan müvafiq sistemlərin, gübrələrin, dekorativ ağac və güllərin idxalını həyata keçirir. Şirkət Əli Həsənovun nüfuzu sayəsində iri dövlət sifarişlərindən külli-miqdarda vəsait əldə edib.

Hazırda paytaxtın Atatürk prospektində, Novxanıda və Sumqayıtda hektarlarla ərazidə yaşıllaşdırma sahələri və 3 satış mərkəzi var.

Onun 2007-ci ilin aprelin 3-də təsis etdiyi “SEMARİ” MMC də (hüquqi ünvanı Yasamal Rayonu, Məhəmməd İbn Hinduşah, ev 618 məh.10, m. 16) bitkiçilik və yaşıllaşdırma sahəsində fəaliyyət göstərir. Elman Allahverdiyevin təsiçiliyi ilə daha bir şirkət – “C.T.S. AUTOMOTİV” MMC 2006-cı ilin iyulunda qeydiyyatdan keçib.

Əli Həsənovun qızı Roza Əli qızı Allahverdiyeva “GARDENİA” MMC-nin maliyyə direktorudur. Əli Həsənovun qızı həmçinin 2016–cı ilin mayında qeydiyyatdan keçmiş “GOLDEN HOUSE” MTK-nın təsisçisidir. Şirkət tikinti sektorunda fəaliyyət göstərir və dövlət sifarişlərinin icrasında iştirak edir. Təbii ki, bütün bunlar hələ “aysberqin görünən tərəfləridir”.

Belə məmurların bütün tənqid və faktlara rəğmən bu ölkədə asanlıqla oliqarx həyatı yaşaması, böyük biznesə sahib olması bir yana, hələ üstəlik onlara məxsus şirkətlərin də büdcəyə milyonlarla vergi borcunun olması isə göstərir ki, Azərbaycanda ədalətli, şəffaf, hamı üçün bərabər şərait yaradılan biznes mühitinin formalaşmasına hələ çox var… /Azpolitika

Həmçinin oxuyun

Təbriz Musayev: “Kreml zaman-zaman miqrant amilindən siyasi təzyiq aləti kimi istifadə edib”

Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşların 15 iyuna qədər …