Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Siyasət / Əli Həsənova aylıq 100 min manat ödəyənlər var idi

Əli Həsənova aylıq 100 min manat ödəyənlər var idi

Son bir ayda Respublika Prezidenti İlham Əliyev bir neçə dəfə yerli telekanallara müsahibə verib. İlk baxışdan adi görünür, deyilmi?!…

Amma digər sahələrin adamları üçün bu adi görünsə də, mətbuat cameəsi üçün bu, əlamətdar hadisədir. Çünki son 15 ilin statistikasına baxanda ölkə başçısının çox nadir hallarda yerli mətbuat orqanlarına müsahibə verdiyini görərik. Lakin son bir ildə bu, adi hala çevrilib. Bu isə onu göstərir ki, cənab Prezident ölkə mətbuatına inanır, güvənir və jurnalistlərlə işləmək istəyir. Bu isə böyük hadisədir. Çünki mətbuat cəmiyyətin güzgüsüdür. Yalnız mətbuat cəmiyyətin nöqsanlarına, hakimiyyətin səhvlərinə aydın güzgü tuta bilər.

Bəs, son 15 ildə mətbuat öz missiyasından niyə yayınmışdı? Daha doğrusu, nəyə görə sapdırılmışdı? Mən məhz bu barədə danışmaq istəyirəm. Normal cəmiyyətdə mətbuatı dördüncü hakimiyyət adlandırırlar. Bu gün mətbuat məişətimizin, gündəlik həyatımızın əsas hissəsinə çevrilib. Doğrudur, bəzi vətəndaşlar heç də həmişə yerli mətbuatdan istədiklərini ala bilməyib. Ona görə də ac oxucu və tamaşaçı üz tutub Rusiya, Türkiyə və Avropa mətbuatına, xarici televiziyalara. Bu cür insanlar sonra da qayıdıb deyiblər ki, “Bizdə oxumalı qəzet, baxmalı televiziya kanalı yoxdur”. Əslində hörmətli vətəndaş fikrində haqlıdır. Amma bu cür düşünənlər nə yazıq ki, mətbuatın mətbəxindən xəbərsizdirlər.

Bir milləti məhv etmək istəyirsənsə, öncə onun görən gözünü ovmalı, danışan dilini kəsməlisən. Necə ki son 30 ildə müstəqilliyimizi, inkişafımızı istəməyən dövlətlər bu istiqamətdə bizə qarşı əllərindən gələni ediblər. Bu işdə isə onlara “sapı özümüzdən olan baltalar” yardımçı olublar. Bir qisim “soydaşımız” Azərbaycanı İranın bir parçası, bir qisim “soydaşımız” Rusiyanın əyaləti, başqa bir qisim isə Avropanın “dış qapının dış mandalı” kimi “görüb”. Ən dəhşətlisi isə odur ki, bir qisim “soydaşımız”, ümumiyyətlə, bu millətin kökünü qaşımaq, dövlətimizi məhv etmək istəyib. Bunlar əsasən “5-ci kolon”un üzvləri olublar. Onların başında isə Ramiz Ənvəroviç Mehdiyev dayanıb. Mehdiyevin bu işdə ən sadiq və yaxın köməkçisi isə Əli Həsənov olub.

Bu cütlüyün son 20 ildə Azərbaycan dövlətinə vurduğu zərərin bərpasına hələ uzun müddət vaxt lazımdır. Mənəviyyatımıza vurulan zərbə isə çətin ki, bərpa edilə. Ramiz Ənvəroviç başda olmaqla “5-ci kolon”nun üzvləri uzun müddət dövlətin ən ali mərtəbələrində yer tutublar. Və onların yardımı və Mehdiyevin göstərişləri ilə dövlətin əsasları xeyli sarsıdıldı, milli-mənəvi dəyərlər təcavüzə məruz qaldı. Bu bədnam qüvvələr ilkin olaraq xalqla prezident arasında uçurum yaratmağa çalışdılar. Bu məqsədlə hər vasitə ilə prezidenti xalqdan və mətbuatdan uzaq tutmağa çalışdılar. Vaxtilə prezidentin bölgələrə səfərləri və paytaxtdakı ziyarətləri zamanı görüşlərə məhdud sayda mətbuat nümayəndələri buraxılırdı. Nəticədə, yerli “dejurnu” çıxışçılar kimi, mətbuat da eyni cür bəsit, darıxdırıcı informasiyalar yayırdı. Əslində bu məsələdə Ramiz Mehdiyev və Əli Həsənov cütlüyünün bir sıra hədəfləri vardı.

Birincisi, xalq-rəhbər birliyini sarsıtmaq və sonra məhv etmək. Bu son nəticədə dövlətin məhvi demək idi.

İkincisi, dövlətin bazis və üstqurumunu yalanlar üzərində bərqərar etmək. “Azərbaycanda hər şey gözəldir, heç bir problem yoxdur” fikri ilə dövlətçiliyi içəridən çökdürmək məqsədi ilə yalançı təbliğat hər vasitə ilə gücləndirilirdi.

Üçüncüsü, yalanlar üzərində qurulan təbliğat hesabına dövləti beynəlxalq ictimaiyyətin gözündən salmaq. “Sübut etmək” ki, azərbaycanlıların dövlət anlayışı və dövlətçilik ənənəsi yoxdur.

Dördüncüsü, hakimiyyət orqanlarını daha çox korrupsiyaya bulaşdırmaq. Çünki rüşvətxor məmurları idarə etmək çox asandır. Onlar qorxaq və üzüyola olurlar.

Bütün bu siyasəti təşviq etməklə Ramiz Mehdiyevlə Əli Həsənovun həm də korporativ maraqları vardı. Onlar formalaşdırdıqları idarəetmə sistemi vasitəsi ilə külli miqdarda vəsait əldə edirdilər. Son vaxtlara qədər məmurlarda belə bir təsəvvür vardı ki, əsas söz Ramiz Mehdiyevindir. Prezident guya ona çox inanır. Ona görə də bütün icra başçıları birbaşa Ramiz Ənvəroviçin “qara kassasına”na işləyirdi. Hər rayonda onun 10 hektarlarla torpaqları, yüzlərlə mülkləri və digər əmlakları var. Və çox təəssüf ki, onlar yenə də qalır. Əksər nazirlər də Ramiz Mehdiyevin çətiri altına sığınmışdı. Ən “bərk gedən” nazirliklərdə “klyuçovoy” yerləri Mehdiyevin qohumları və yaxınları tuturdu. Beləcə, Ramiz Mehdiyev ölkədəki böyük rüşvətxor ordusuna rəhbərlik etməklə yanaşı, həm də, onlara “daydayılıq” edirdi. Və  müəyyən mənada buna nail də olurdu.

Əli Həsənovun bu çirkin proseslərdə isə müstəsna “vəzifəsi” vardı. O, olkənin “dördüncü hakimiyyəti”ni” kuririvat” edirdi. Bu yerdə bir xatırlatma edim ki, əvvəllər mətbuat Prezident Adminstrasiyasının şöbə müdiri Fatma Abdullazadənin kurasiyasında idi. Amma zaman-zaman Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü Fatma xanımı sıxışdırdı və nəhayət, mətbuatla iş onun səlahiyyətlərindən çıxdı. Və Əli Həsənovun mənfur dövrü başladı. Əli Həsənov Ramiz Mehdiyevin göstərişi ilə mətbuatı əvvəlcə zərərsizləşdirdi. Bunun üçün əvvəlcə peşəkarları mətbuatdan didərgin saldı. Ona sədaqətlə qulluq etməyə hazır olan əqidəsiz, savadsız  və təsadüfi adamlar mətbuatın üst sferasına qaldırıldı. Onlar həm də qaragüruhçular idi. Əli Həsənovun göstərişi ilə istənilən məmurun üstünə gedir, istənilən işıqlı adamı çərlədib öldürürdülər.

Bir zamanlar “media kapitanları” deyilən anlayış var idi. Ölkənin mətbu gündəmini bir növ onlar müəyyən edirdilər. Əli bəyin sadiq “əsgəri” olan “media kapitanları” hər dəfə göstərişə əsasən bir məmurun üstünə düşürdülər. Özü də ancaq şantaj dolu materiallarla. Bunu görən əksər məmurlar “mətbuatın” hücumundan qorunmaq üçün Əli Həsənova sığınmaq məcburiyyətində qalırdı. Sığınacaq isə elə-belə verilmirdi.

Ən pisi o idi ki, Ramiz Mehdiyevin tapşırığı ilə Əli Həsənov bütün televiziyalara və KİV-lərə göstəriş vermişdi ki, tənqidi materiallar vermək olmaz. Çünki “Azərbaycanda tənqid olunacaq məsələ yoxdur”. Ən xırda məmurun tənqidi üçün gərək Əli Həsənovdan icazə alınmalıydı. Hansısa məmurun tənqid olunmasını və yaxud hansısa problemin qabardılmasını guya ölkə başçısı istəmirmiş. Bu qadağanı pozan mətbuat orqanı və jurnalist isə ən ciddi şəkildə cəzalandırılırdı. Bir çox hallarda isə jurnalist həbs etdirilirdi.

P.S. Bizdə belə məlumatlar da var ki, yüksək çinli məmurlardan bəzisi hər ay Əli Həsənova 100 min manat haqq ödəyirdi. Ramiz Mehdiyevə çatan vəsaitin isə həddi-hüdudu yox idi.  /Konkret.az

Həmçinin oxuyun

“Görəsən, xəcalət çəkirlər, ya yox?”

“Paşinyan ən azı 50 faizlə qələbə çalacaq. Artıq bu şübhə doğumur. Köcəryana 32, Paşinyana 24 …