Ana səhifə / Siyasət / Əli Həsənov niyə yoxa çıxıb?

Əli Həsənov niyə yoxa çıxıb?

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun yenidən “kölgəyə” çəkilməsi diqqətdən yayınmayıb. Bir neçə ay öncəyə kimi “kürəyini yerə vurmayan”, mövcudluğunu hər fürsətdə büruzə verməyə çalışan keçmiş məmurun qəfildən qeyb olması çoxsaylı suallar doğurub.


Xatırladaq ki, Əli Həsənov 29 noyabr 2019-cu ildə vəzifədən uzaqlaşdırılsa da, uzun müddət özünü isctimai-siyasi sektorun “kuratoru” kimi aparmaqda davam etdi. O, özünün sosial şəbəkə hesabında tez-tez müxtəlif statuslar yazır, mühüm siyasi hadisələrə münasibət bldirir, vaxtilə ona trolluq olmuş jurnalistlərlə virtual əlaqəni kəsmir, hətta özəl günlərdə onlara xüsusi məhrəmlik nümayiş etdirirdi. Bu proses o qədər geniş vüsət almışdı ki, çoxları Həsənovun yenidən vəzifəyə gələcəyinə ümid etməyə başlamışdı. Nəticədə Əli Həsənov Prezident Administrasiyasından uzaqlaşdırılandan sonra onunla birlikdə yoxa çıxan adamlar yenidən “dirilmiş”, hətta ortaya siyasi iddia qoymağa başlamışdılar. Keçmiş məmurun məhz belə həssas bir məqamda qəfildən meydandan çəkilməsi səbəbsiz ola bilməzdi.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, Əli Həsənovun planları barədə hakimiyyət dairələrində xəbərdar olandan sonra onun əl-qolunu bağlamağa qərar verilib. Hakimiyyət ideoloqları sabiq şöbə müdirinin ölkənin ictimai-siyasi sektorunda, xüsusilə mətbu dairələrdə ikitirəlik yaratdığına əmin olandan sonra ona öz yerini göstəriblər. 

Qeyd edək ki, Əli Həsənov Prezident Administrasiyasında işləyəndə öz siyasi çəkisinə və siyasi təfəkkürünə uyğun komanda yaratmışdı. Sonradan “Həsənovun trolları” kimi məşhurlaşan bu adamlar ictimai-siyasi sektorda mənfi ab-hava yaratmaqla, ələlxüsus da savadlı və peşəkar kadrları qaralamaqla məşğul idilər. Onlar xüsusi “WhatsApp” qrupları vasitəsilə idarə olunur, görüntüdə ölkənin və dövlətin, əslində isə Əli Həsənovun maraqlarını yerinə yetirməklə məşğul olurdular. Sabiq şöbə müdiri həmin adamların vasitəsilə xeyli sayda gənc və perspektivli məmuru ləkələməyə nail olmuşdu. Bu əməlinin üstü açılandan sonra isə biabırçı şəkildə Prezident Administrasiyasından qovulmuşdu.
Məlumatlı şəxs saytımıza bildirib ki, hakimiyyət ideoloqları Həsənovun “köhnə peşəsinə” qayıtmaq niyyətində olduğunu anlayandan sonra ona “qulaqburması” veriblər. Əli Həsənovu susdurmaq o qədər də çətin olmayıb. Vüqar Səfərlinin və “KİV DF işi”ndə adı keçən digər şəxslərin istintaqa verdiyi ifadələri xatırlatmaqla keçmiş məmurun yenidən “parlamaqda” olan ulduzunu söndürüblər.

Həmçinin oxuyun

Parlamentin 8 spikeri – hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq …