Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / “Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır“

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır“

Əli Əliyevin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı irəli sürdüyü ittihamlara BAXCP sədrinin müavini Əli Həziquliyev “Xalq Cəbhəsi.az” saytında cavab verib.

Həmin müsahibəni təqdim edirik:

– Çox təəssüf ki, o hər keçən gün daha çox ekstremizmə yuvarlanır. İndiyə qədər çox adam Qüdrət bəyə daş atmaqla özünü təsdiq etməyə çalışıb, o da olsun onlardan biri. Azərbaycanın çox böyük alimləri, elm, mədəniyyət, dövlət xadimləri kənddən çıxıb. O hüquq fakültəsinə daxil olmaq üçün iş stajı olsun deyə sovxozda fəhlə işləyib, sonra hərbi xidmətə gedib. Bütün peşə sahiblərinə həmişə sayğı və hörmətini ifadə edib. O zaman hüquq fakültəsinə qəbul üçün iki il iş stajı və oğlanların hərbi xidmətdə olması tələb olunurdu. Əli Əliyevin isə Qarabağ məsələsinə yanaşması peşəkar siyasətlə məşğul olan bir şəxsin yox, sovet dövründə kolxozlarda meyvə-tərəvəz yetişdirən, toyuq-cücə saxlayan, ciddi siyasətin incəliklərinə vara bilməyən şəxsin yanaşmasına oxşayır. O, Qüdrət bəyin kənddən çıxdığı üçün kompleksinin olduğunu deyirsə, əslində özü kənddə böyümüş insanları aşağılamağa çalışır. İstənilən şəxs onun siyasi tərcümeyi – halına nəzər yetirsin. Siyasətə qatıldığı gündən neçə siyasi bloka qoşulub, kimlərlə bir yerdə olmayıb ki? Sonra da hamısını ittiham edib. Məhz bu səbəbdən ondan hökumətə və ölkəmizə ziyan vurmaq məqsədilə təbliğatda istifadə edilsə də, heç kim onu daha yaxına buraxmır. Deputat seçilməsinə iqtidarın dəstək verməsi üçün öz dairəsindən namizədliyini geri götürüb gedib İsa Qəmbərə alternativ olması isə hələ yaddan çıxmayıb. Etibar Məmmədovla qohumluq əlaqəsi və AMİP-də olması Əlinin az-çox tanınmasına səbəb olub. Sonralar da yeni qohumluq əlaqəsinə görə deputat olmaq niyyətinə düşdü, amma istəyi reallaşmadı. Bu məsələlərə istəsə özü aydınlıq gətirər.

Bundan əlavə, 1993-cü ilin iyununda AMİP funksioneri kimi Rusiya hərbi-sənaye kompleksinin adamı olan Surət Hüseynovun Gəncədə başlatdığı qiyama dəstək verib Elçibəyin devrilməsində rol oynayan bu şəxs, tarixin istehzasına baxın ki, Qüdrət bəyi Elçibəy ideyalarına sadiq olmamaqda ittiham edir. Qoy o, 1992-ci ildə Elçibəyin Rusiyanın ORT kanalına prezident kimi verdiyi müsahibəyə qulaq asıb, yaddaşını təzələsin, sonra danışsın. Həmin müsahibə yutubda 17 avqust 2013-cü ildə ”Elçibəyin ORT-yə şok müsahibəsi” başlığı altında yerləşdirilib. Elçibəy həmin müsahibəsində deyir ki, biz Yeltsinlə sənəd paraflamışıq ki, İran-Azərbaycan sərhədlərini rus əsgərləri qoruyacaq, Rusiya ilə Azərbaycan arasında isə sərhəd olmayacaq.

Qərbin Qarabağ məsələsinə münasibəti ortada ola-ola bu adam və onun kimilər deyir ki, Azərbaycan “Krım Platformasına” qoşulmamaqla özünü Qərbin dəstəyindən mərhum etdi. Qərbin dəstəyi bu qədər həlledicidirsə elə qoy, Krımı azad etsin. Daha “Krım Platforması” adı altında konfrans niyə keçirir? Yaxud, həmin tədbirə qatılan Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü təmin etsin. Qərb bizimlə eyni seperatizm problemləri yaşayan digər sovet respublikalarının ərazi bütövlüyünü tanıyıb, problemlərin onların ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulasa da, bizə münasibətdə eyni mövqeni sərgiləməyib. Abxaziyaya, Cənubi Osetiyaya, “Dnestryanı Respublikaya” maliyyə yardımı ayırmadığı halda “Dağlıq Qarabağ”dakı separatçı rejimə maliyyə yardımı ayırıb. BMT TŞ-nın qətnamələri ortada ola-ola Ermənistana işğala son qoymaq üçün heç bir təzyiq edilməyib. İşğalın davam etdirilməsinə göz yummaqla, dəstək verməklə bizi torpaq itkisi ilə barışdırmaq istəyiblər. Bundan başqa, konfransdan öncə Rusiya XİN rəsmi qaydada bəyan etdi ki, konfransa qatılan ölkələri düşmən dövlət hesab edəcəyik. Bunları görə-görə, eşidə-eşidə antirusiya platformada yer almağı yalnız ya Azərbaycanın düşmənləri, ya da ciddi siyasətdən uzaq, soyuq başla yox, emosiyalarla qərar verən siyasətdən uzaq kolxozçu, yaxud çoban və ya böyük intellekt tələb olunmayan digər peşə sahibləri təklif edə bilər. Hökumətin içərisindəki narazı adamlar tərəfindən ortaya atılan, məlumatlar ötürülən bu adam, Milli Məclisə boş qalan yerlərə seçilmək üçün hökumət tərəfindən dəstək veriləcəyinə təminat ala bilməyəndən sonra təhlükəli oyuna baş qoşub. Anlamır ki, Qüdrət Həsənquliyev ondan fərqli olaraq kiminlə münasibətləri varsa onu heç vaxt gizlətmir və bütün fəaliyyəti Azərbaycanı, sadə insanları, haqqı-ədaləti qorumağa yönəlib. Bu yolda qabağına çıxan siyasi fitnəkarları ifşa etmək onun vəzifəsidir.

Həmçinin oxuyun

Rəsul Quliyevin Bakıya qayıdışı niyə baş tutmadı? – AÇIQLAMA

Milli Məclisin sabiq spikeri, Amerikada yaşayan siyasətçi Rəsul Quliyevin sosial şəbəkə paylaşımları son zamanlar haqqında …