Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Siyasət / “Əgər deputatın “Facebook” postunda hərf səhvi varsa…”

“Əgər deputatın “Facebook” postunda hərf səhvi varsa…”

“Deputatlığa namizədlər və deputatların təhsili bağlı heç bir məhdudiyyət yoxdur”.

Yenisabah.az-a açıqlamasında bu sözləri Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Milli Məclis üzvlərinin savadlılıq dərəcəsi və ali təhsilə sahib olub-olmaması mövzusu tez-tez gündəmə gəlir. Bir neçə gündür ki, deputat Cavanşir Paşazadə orfoqrafik səhvlərlə dolu “Facebook” postu, hazırda həbsdə olan digər Milli Məclis üzvü Eldəniz Səlimov isə saxta diplomu ilə müzakirə və tənqid hədəfi olub. Çoxları bu sualı da qaldırır: deputatlığa namizəd olan şəxsə ali təhsil diplomu tələb olunurmu?

Hüquqşünas Əliməmməd Nuriyev deyir ki, Konstitusiyaya görə Azərbaycan Respublikasının Milli Məclis deputatına bir sıra tələblər nəzərdə tutulub: “Lakin ali təhsil zərurəti tələbi yoxdur. Əlbəttə, bir sıra qadağalar var. Məsələn, ikili vətəndaş olması, ağır cinayətlərə görə məhkumluq, din xadimi olması və s.. Təhsillə bağlı isə heç bir məhdudiyyət yoxdur. İstənilən seçki hüququna malik olan şəxs deputatlığa namizədliyini irəli sürə bilər.”

Hüquqşünas deputatların sosial şəbəkədə yazdıqları statusları da dəyərləndirib:

“Bu gün deputatlarımızın, nazirlərimizin, yüksək vəzifə tutmuş hər bir şəxsin istənilən fikri, istənilən müsahbəsi, istənilən statusu diqqət mərkəzindədir. Bu məlumdur, çünki onlar ictimai maraq doğuracaq fikirlər bölüşürlər. İstər Milli Məclisin deputatları, istərsə icraedici hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslər hər zaman öz fikirlərində diqqətli olmalıdırlar. Çünki onların fikirləri ölkədəki ictimai-siyasi hadisələrə təsir göstərmək gücünə malikdir.

Sosial şəbəkələrdə statusları paylaşılması vətəndaşla əlaqənin bir formasıdır, eyni zamanda, şəxsin öz fəaliyyəti haqqında məlumatı cəmiyyətə təqdim etməsi formalarından biridir. Bu zaman məzmunu və yazılışı diqqətdə saxlamaq lazımdır. O cümlədən, fikirlərinin nə qədər səlist və dürüst ifadə olması müzakirə obyektinə çevrilə bilər. Əslində, bu müzakirələr fəaliyyəti korrektə edir. Ola bilsin ki, bəzən texniki səhvlər olur, ancaq əsas diqqəti məzmunun itməməsinə yetirmək lazımdır. Bu çox vacib məsələdir, mahiyyət təhrif olunmasın. Buna görə də düşünürəm ki, vətəndaş nəzarətinin olması çox vacibdir. Bundan çəkinmək lazım deyil, səhvlər varsa, onları düzəldilməlidir. Ancaq hər xırda şeyə görə də böyük mübahisələr doğurmağa gərək görmürəm”.

Həmçinin oxuyun

Azərbaycan – İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi …