Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Əgər “dayan” əmri verildisə, bunun özünə məxsus səbəbləri var idi”- Zahid Oruc

“Əgər “dayan” əmri verildisə, bunun özünə məxsus səbəbləri var idi”- Zahid Oruc

2016-cı il Qarabağ münaqişəsinin həll olunduğu il kimi tarixə düşməsə də, bu il münaqişənin həlli üçün uğurlu, dönüş ili oldu.

Bu sözləri millət vəkili Zahid Oruc musavat.com-a açıqlamasında dördgünlük müharibədən sonrakı siyasi prosesləri dəyərləndirərkən deyib. Millət vəkili bildirib ki, ötən onillər ərzində bu məsələ beynəlxalq müstəviyə heç vaxt indiki qədər çıxmamışdı:

“Aprel döyüşləri zamanı beynəlxalq medianın gündəmindəki iki-üç ən ciddi məsələdən biri də məhz Qarabağ idi. Nəzərə alsaq ki, istənilən siyasi elitalar məhz beynəlxalq KİV-dəki xəbər axınları ilə işləyirlər, hesablaşırlar, deməli, cəbhə xəttindəki üstünlüyümüz təkcə 2 min kvadrat metrlik ərazi ilə bitmədi. Ermənilər böyük zərbə aldı, Qarabağ məsələsi müxtəlif mərkəzlərin, siyasi institutların nəzər diqqətinə çıxdı və münaqişənin gələcək həlli üçün çox müxtəlif təkliflər, mövqelər irəliyə sürüldü.

Azərbaycan əsgərinin aprel ayında önə çıxmışkən dayanmayıb irəli getməsi və beləliklə də prosesin birdəfəlik ədalətli başa çatması mümkün olardımı? Necə ki, həmin ərazilərin coğrafi vəziyyəti döyüş əməliyyatlarında mütləq havadan hücum əməliyyatlarını istəyirdi, o cür də beynəlxalq siyasi məkanda çətinliklər artıq özünü 3 gün sonra göstərməkdəydi. ABŞ münaqişənin bu səviyyədə cərəyan edəcəyini gözləmirdi.

ABŞ-ın rəhbər şəxslərindən müraciətlər edildi ki, danışıqlar masasına təcili əyləşmək, atəşi vaxt keçmədən dayandırmaq lazımdır. Eyni çağırışlar Avropa Birliyindən də edilirdi. Onlara elə gəlirdi ki, Azərbaycan Rusiya ilə müəyyən anlayışda Ermənistana dərs vermək planını işə salıb. Qərb siyasi dairələri hesablayırdı ki, Moskva Bakı ilə belə bir hərbi əməliyyatları razılaşmış şəkildə keçirsə, bu, artıq Qafqaz üzərində Rusiyanın planının tərkib hissəsi olacaq.

Aprel savaşı 10-15 gün davam etsəydi, daha fərqli bir formatda danışıqlar, proseslər başlayacaqdı və avtomatik beynəlxalq təzyiqlər demək olacaqdı. Ona görə də hesab edirəm ki, məsələ çox sadə müstəvidə olsa, dövlətimizin rəhbəri bütün siyasi riskləri, təhlükələri, hərbi təhdidləri, ola biləcək zərərləri tam kontekstdə hesablayaraq fərqli bir qərar verərdi.

Əgər “dayan” əmri verildisə, bunun özünə məxsus səbəbləri var idi. Atəşi dayandırmaq təklifi Azərbaycanı aldatmaq, əl-qolunu yanına salıb gözləməsini tələb etmək niyyəti ilə edilməmişdi. Daha artıq dərəcədə münaqişənin bütün regionu bürüyə biləcəyi təhlükəsinin önlənməsi üçün edilmişdi. Biz aprel savaşında rayonlarımızı azad etmədiksə də, Qarabağ məsələsində bir addım irəlilədik. İndi ermənilər öz boğazlarından kəsib, çökməkdə olan iqtisadiyyatlarını bir qədər də sarsıdaraq iqtisadi resurslarını cəbhədə güclənmək yönündə xərcləyirlər.

Bu, artıq Azərbaycanla yarış deməkdir, ermənilərin təhsilindən, səhiyyəsindən kəsib, iqtisadi gələcəkləri üçün lazım olan resurslarını gətirib səngərə qatması deməkdir. Axı nə qədər ömürlərini, ölkələrinin gələcəyini səngərdə çürütmək mümkün olacaq? Ermənilərin səngərdə silahı artsa da, Ermənistan daxildə bütün sahələrdə sarsılmaqda davam edəcək. Azərbaycan isə heç bir təşvişə düşmədən sabit şəkildə inkişafını davam etdirməkdə olacaq. Azərbaycan öz iqtisadi-siyasi inkişafı çərçivəsində hərbi mövqelərini daha da gücləndirmək üçün daim ermənilərə təzyiq siyasətini davam etdirməlidir. Ermənistanda əhalinin Qarabağdan aldığı zərbələr hiss olunduqca, bu onların dövlətçiliyini də zəiflədək, xalqın da mübarizə əzmini öldürəcək”.

Z.Oruc hesab edir ki, dördgünlük savaşda qazandığımız uğuru heç bir arqument inkar edə bilməz: “Ermənilər nə qədər çalışsalar da, hərbi güc balansı bərpa olunmayacaq. Yalnız bunu demək kifayətdir ki, Azərbaycan aprel savaşından sonrakı dövrdə, son aylar ərzində elə müasir silahlar alıb ki, əgər beynəlxalq dairələri neytrallaşdırmaq mümkün olsa və biz ermənilərlə üz-üzə qalsaq, Dağlıq Qarabağ münaqişəsinin taleyini qısa bir müddətdə həll edərik”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın