Ana səhifə / Siyasət / ‘Əgər bacarırdılarsa, başqa şəxslərin də adını yazardılar’ – Cahangir Hacıyev yenə hədələdi

‘Əgər bacarırdılarsa, başqa şəxslərin də adını yazardılar’ – Cahangir Hacıyev yenə hədələdi

“Beynəlxalq Bank işi”nə görə həbs edilənlərin cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi sentyabrın 21-də davam etdirilib.
Musavat.com xəbər verir ki, məhkəmə prosesində C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə prosesinin tez-tez keçirilməsinə etiraz edib.
Vəkil qeyd edib ki, hakimlər tələsik məhkəmə istintaqını yekunlaşdırmaq istəyirlər: “Biz hüquqlarını müdafiə etdiyimiz şəxslə məsləhətləşə bilmirik. Məhkəmə ona təqdim edilən sənədləri düzgün araşdırmır”.
Hakim qeyd edib ki, tərəflərin qaldırdığı bütün vəsatətlərə iş materialları tədqiq olunduqdan sonra baxılacaq.
Sabiq bankirin vəkillərinin digər vəsatəti isə məhkəmə tərkibinə etirazla bağlı olub. Hakim isə etirazın məhkəmə sədrinə yazılmasını məsləhət görüb.
Prosesdə cinayət işində olan sənədlərin tədqiqi davam etdirilib.
Cahangir Hacıyev isə çıxış edərək, bankın sənədlərinin məhkəməyə gətirilməsini istəyib.
O, deyib ki, ittiham aktında qeyd edildiyi kimi, kreditlərin verilməsi əmrlə yox, İdarə Heyətinin qərarı ilə rəsmiləşdirilib: “Məhkəmədə elə fikir formalaşdırılır ki, mən üç min nəfərin yerinə işləmişəm. Şişirtmək istəyirlər ki, guya mən elə imza  çəkib kredit paylamışam”.
C.Hacıyev istintaqın aparılmasından da narazılığını dilə gətirərək hakimə müraciət edib: “Cənab hakim, siz hüquqşünassınız, bu isə maliyyə işidir. Mən arayış verim. İstintaq 2008-2015-ci illərdə manatla verilən kreditləri həmin dövrün məzənnəsi ilə dollara çevirib, sonra isə bugünkü məzənnə ilə hesablayıb. Ancaq iki dəfə devalvasiya olub. Buna görə də rəqəmlər şişib. Bu isə əlbəttə ki, düzgün deyil. Təəssüf ki, indi kalkulyatorum yoxdu, olsaydı hesablayardım. Siz kalkulyator götürün, mənlə birlikdə hesablayaq”.
Prosesdə vəkillər vəsatətlərlə çıxış ediblər. Vəkili Aqil Layicov deyib ki, C.Hacıyevin həyat yoldaşı və qızı ilə sonradan bank arasında səhmlərin alqı-satqısı olub. Vəkil qeyd edib ki, bununla da onlara verilən kredit kartlarının borcu ödənilib, ancaq Maliyyə Nazirliyi kredit kartları borclarını qəsdən ləğv etmir.
C.Hacıyev də çıxışında qeyd edib ki, qızı Leyla Mahmudovanın adına kredit borcu olmadığından onun adı ittiham aktından çıxarılmalıdır: “Əgər istintaq bacarırdısa, kredit verilən başqa şəxslərin adını yazardılar”.
C.Hacıyevin vəkilləri vəsatət verərək Beynəlxalq Bankdan ayrılan kreditlər üzrə daxili layihələrə faktiki olaraq rəhbərlik edən Dünyamin Xəlilovun şahid kimi məhkəməyə çağırılmasını istəyiblər: “Akif Əliyev və Emin Mustafayev həmin layihələrdə iştirak ediblər, lakin məhkəmədə heç nədən məlumatlı olmadıqlarını dedilər. Dünyamin Xəlilov saxlanıldığı 1 saylı Bakı Istintaq Təcridxanasından gətirilə bilər”.
Prosesdə növbəti dəfə maliyyə naziri Samir Şərifovun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırılıb. Prokuror Fərid Nağıyev qaldırılan vəsatətlərə təmin edilməsi üçün heç bir əsas olmadığını deyib.
Prokuror çıxışında Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin məhkəməyə gətirilməsi ilə bağlı vəsatətə münasibət bildirərkən deyib: “Cahangir Hacıyevin 5 milyard manat mənimsəməsinin hazırkı ittiham aktına heç bir dəxli yoxdur. Ona görə də Mais Piriyevin məhkəməyə gətirilməsinə ehtiyac yoxdur”.
Fasilədən sonra hakim qaldırılan vəsatətlərin heç birinin təmin edilmədiyini açıqlayıb. Hakim qeyd edib ki, məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı isə çıxış üçün vaxt istəyib.
Məhkəmə sentyabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın