Ana səhifə / Siyasət / “Əgər 10 reklamdan 8-i əcnəbi dildədirsə,…” – Deputat

“Əgər 10 reklamdan 8-i əcnəbi dildədirsə,…” – Deputat

“Bu gün Milli Məclisə gələndə, yalnız bir yaşayış binasında 10 reklam və mağazaların adı yazılmış lövhələr gördüm. Səkkizi Azərbaycan dilində deyildi, qalanlar da bank və apteklə bağlı idi. Biz bu kimi nümunələri hər gün görürük. Mən əcnəbi sözlərin dilimizə daxil olmasının qəti əleyhdarı deyiləm. Həm də hesab edirəm ki, bu, dilimizin inkişafına müsbət təsir göstərir, onu zənginləşdirir. Ancaq məsələyə həssas yanaşmaq lazımdır”.
Mia.az xəbər verir ki, bu sözləri  Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, 10 reklamdan 8-i əcnəbi dildədirsə, artıq burada dilin inkişafı məsələsindən söhbət gedə bilməz: “Yağış damcısı torpağa hopduğu kimi əcnəbi sözlər də şüurumuza həkk olunur. Bir növ məişətimizə, düşüncəmizə daxil olur. Sizcə, bu yolla dilimizi unutmuruqmu? Unuduruq əlbəttə, üstəlik dəyərlərimizi də yadırğamış oluruq. Bir xalqın xalq olması üçün dilə qayğı mühüm şərtdir. Dil hər bir toplumun millət kimi mövcudluğunun əsas atributudur. Unutmayaq ki, zaman ötdükcə, bu sahədəki boşluqların aradan qalxması çox çətin və ağrılı proses olur. Düşünürəm ki, elə indidən o sayaq naqisliklərin qarşısını almalıyıq. Bütün bunlar eyni zamanda qanunlarımızın tələbidir. Çünki müstəqilliyimizi əldə etdikdən bəri Azərbaycan dili ilə bağlı 30-dək dövlət sənədi qəbul edilib. Məqsəd Azərbaycan dilinin saflığının qorunmasına və dövlət dili kimi daha da inkişaf etməsinə yardım etmək olub. Bu baxımdan indi müzakirə etdiyimiz düzəliş də son dərəcə aktualdır. Biz həm də hamılıqla çalışmalıyıq ki, qanunlarda nəzərdə tutulan məsələlərin həyata keçirilməsinə yardımçı olaq”.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın