Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / Əfv Komissiyasından kənarda qalan hüquq müdafiəçiləri danışdılar

Əfv Komissiyasından kənarda qalan hüquq müdafiəçiləri danışdılar

Novella Cəfəroğlu: “Bizim üçün Əfv Komissiyasının üzvü olmaqdan daha çox…”; Səidə Qocamanlı: “Üzv olduq-olmadıq…”

Əfv Komissiyasının yeni tərkibi ictimaiyyət arasında geniş müzakirə mövzusuna çevrilib. Belə ki, yeni tərkibə məhbusların əfv sərəncamına düşmələri üçün çalışan hüquq müdafiəçiləri yenə də düşə bilmədilər. Bu isə bəzi sualların meydana çıxmasına səbəb olub. Təsadüfi deyil ki, İnsan Haqları üzrə Birgə İşçi Qrupundan yalnız hüquqşünas Əliməmməd Nuriyev Əfv Komissiyasının 6 yeni üzvündən biri olub. 
Əfv Komissiyasının yeni tərkibinin formalaşdırılması ilə əfv məsələsi yenidən gündəmə gəlib. Novruz bayramı ərəfəsində  ölkəmizdə bir çox siyasi məhbusun azad olunacağı barədə  anonslar indidən eşidilməkdədir. Prezident İlham Əliyevin Novruzdan sonra mart ayının 31-də Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət almasının əfvin verilməsində böyük rol oynayacağı deyilir. Qeyd olunur ki, Azərbaycan prezidenti ABŞ-a siyasi məhbuslarsız gedə bilər. Əsasən Qərbin tələb etdiyi siyasilərin Novruzda azad olunacaqları da yayılan xəbərlər sırasındadır.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Əfv Komissiyasının yeni tərkibindən böyük gözləntilərinin olduğunu söylədi: “İşçi Qrupundan Əliməmməd Nuriyev komissiyanın üzvü oldu. İnanırıq ki, o, sözlərimizi orada çatdıracaq. Onun komissiyada təmsil olunması bizim üçün sevindiricidir. Hazırda bizim üçün Əfv Komissiyasının üzvü olmaqdan daha çox siyasi məhbusların azad olunması vacibdir. Bilirik ki, sözlərimizi Əliməmməd bəy orada lazımınca müdafiə edəcək. Buna şübhəmiz yoxdur. Orada olmamağımız bizi narahat etmir. Hazırda əfvlə bağlı müəyyən işlərimiz yenə də davam edir. Siyahılarımızı yeniləmişik. Hər şey hazırdır. Qərbdən yenə də bir səs-küy qaldırılmasa, əfvə olan ümidlərimiz yüksəkdir. Bizə ən çox mane olan kənardan gələn təzyiqlərdir. Bu təzyiqlər olmasa, siyasi məhbuslar çoxdan azadlıqda idilər”.
İşçi Qrupunun digər üzvü Səidə Qocamanlı Əfv Komissiyasında təmsilçilikdə heç bir məhdudiyyətin olmadığını söylədi: “Əfv Komissiyasının dünyasını dəyişən dəyərli üzvləri olub. Bu insanların vəfatından sonra ictimai sektordan yeni-yeni üzvləri komissiyaya daxil etmək lazım gəldi. Bunun nəticəsində sevindirici haldır ki, hüquqşünas komissiyaya üzv seçildi. Bu, Əliməmməd Nuriyevdir. O, professional hüquqşünasdır. Əliməmməd Nuriyev daim həbsxanalarla maraqlanan bir şəxs olub. Komissiyanı formalaşdırmaq birbaşa prezidentin səlahiyyətindədir. Əfv Komissiyası məhbuslardan ibarət siyahını ölkə başçısına təqdim edir. Bəzən elə olub ki, prezidentin özü bəzi məhbusların adını siyahıya əlavə edib.
Onların içərisində siyasilər də olub. İşçi Qrupu olaraq, dekabr ayında 22 nəfərlik məhbusun siyahısını təqdim etdik. Təəssüf ki, Yeni ildə həmin şəxslər azad olunmadı. Ümid edirik ki, Novruzda siyahılarımızda olan şəxslər azad olunacaqlar. Onlara əfvin şamil olunması yerinə düşərdi. Hər halda, Əfv Komissiyasının yeni üzvlərinin hamısını tanıyırıq. Orada təmsil olunmamağımızın elə bir önəmi yoxdur. Çünki daim Əfv Komissiyası üzvləri ilə əlaqələrimiz olur. İndiyə qədər məhz bu təmaslarımız çoxsaylı insanların taleyini həll edib. Öz işimizi kifayət qədər yaxşı görürük. Üzv olduq-olmadıq, heç bir önəmi yoxdur. Amma təbii ki, üzv olsaq daha yaxşı olardı. Qeyd edim ki, zamanı gözləmək lazımdır. Humanizm və rəhmdillik Əfv Komissiyasının əsas meyarı olmalıdır”.

Həmçinin oxuyun

“Qəhrəman əsgərlərimizin son qələbəyə imza atacaqları tarixi gün uzaqda deyil” – Afsəddin Nəbiyev

“Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır”. Bunu Prezident İlham …

Bir cavab yazın