Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Ədliyyə Nazirliyinin idarə rəisi və əməkdaşı prezidentin iradəsinə qarşı…

Ədliyyə Nazirliyinin idarə rəisi və əməkdaşı prezidentin iradəsinə qarşı…

“Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi qanunları pozaraq verməli olduğu, hazırlanması maksimum 2 saata mümkün olan sənədi 10 gündür təqdim etmir”

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov və bu qurumun əməkdaşı Mədinə Rəsulova, səlahiyyət hədlərini aşaraq,  ictimai təşkilatlara, hüquqi şəxslərə qarşı qanunsuzluqlar edirlər. 
 
Burada baş verən məmur özbaşınalığı və vətəndaşlarla qanunsuz davranışlarla “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də üzləşib. O, başına gələnlərlə bağlı deyib: “Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsinə dair tapşırıqlar verdiyi, vətəndaşlarla qanundankənar davranışlar sərgiləyən məmurlara sərt xəbərdarlıqlar etdiyi, ortaya ciddi iradə qoyduğu bir vaxtda, Rahim Rəhimovun rəhbərlik etdiyi qurumda sözün əsl mənasında bürokratiya, süründürməçilik, qanunsuzluq, məmur özbaşınalığı, insanlarla anormal davranış hökm sürür. Burada vətəndaşı o həddə çatdırırlar ki, bir balaca əsəbləri yerində olmayan şəxs elə idarənin qarşısında özünü yandırmaq məcburiyyətində qalar. Hazırda lazımsız dövlət qurumlarının ləğvi istiqamətində addımlar atılır. Ləğvi zəruri olan qurumlardan biri də məhz buradır. Mən təmsilçisi olduğum – dövlət qeydiyyatından keçmiş, daim dövlətçiliyin güclənməsinə dair layihələr icra etmiş təşkilatın növbəti ümumi yığıncağı keçirildikdən sonra QHT-nin Dövlət Reyestrindən çıxarışını almaq üçün yanvar ayının 12-də Qeydiyyat və Notariat Baş İdarəsinə getdim. (Yeri gəlmişkən, qeydiyyatdan keçmiş, əlində şəhadətnaməsi olan təşkilata belə bir çıxarışın təkrar-təkrar verilməsinin özü absurddur. Bu ona bənzəyir ki, mən Daxili İşlər Nazirliyindən aldığım şəxsiyyət vəsiqəsini gedib hər iki ildən bir təsdiqlətməliyəm ki, bu doğrudur). Orada qəbul şöbəsində bildirdilər ki, sənədləri üzərinə “QHT-lərin sənədlərinin qəbulu” yazılmış qutuya atım, özləri gəlib götürəcək. Yanvarın 13-də 16:20 radələrində özünü Mədinə Rəsulova kimi təqdim edən bir xanım telefon açaraq, sənədlərdə müəyyən qüsurlar olduğunun bildirdi. Həmin qüsurların nədən ibarət olduğunu soruşduqda dedi ki, müraciət qaydası onların müəyyən etdiyi formaya uyğun deyil. Hansı ki, iki il əvvəl hansı formada müraciət etmişdiksə, yenə də həmin formada ərizə təqdim etmişdik. Onların bürokratik tələbi səbəbindən Mədinə xanım həmin formanı elektron poçt vasitəsi ilə mənə yolladı. Onu yenidən doldurub yanvarın 13-də saat 11:30 radələrində şəxsən Mədinə Rəsulovaya təqdim etdim. Qanunla reyestrdən çıxarış 5 gün ərzində verilməlidir. Ötən həftənin sonunda Mədinə xanımla əlaqə saxladım, bildirdi ki, sənədlər rəisdədir, imzalasın, götürəcəm. Mən bu idarəyə azı 30 dəfə telefon açdım, ancaq sənədin verilməsinin niyə yubadıldığına dair Mədinə Rəsulova mənə heç bir məlumat vermədi. Onun yalnız bir bəhanəsi var: “Rəisin qəbuluna düşə bilmirəm ki, sənədi imzaladım”. Nəhayət, o yanvarın 19-da acıqlı şəkildə mənə bildirdi ki, sənəd 5 iş günü tamam olanda veriləcək. Yanvarın 21-də mənim sənədləri o idarəyə təqdim etməyimdən artıq 9 gün, iş günü hesabı ilə 6 iş günü keçirdi. Lakin yanvarın 21-də Mədinə Rəsulova sözün əsl mənasında məni ələ saldı. O, sənədin verilməsi üçün son gün olduğunu özü də bildirdi, lakin saat 17:50 radələrində zəng etdikdə, bir xanım dəstəyi qaldıraraq, Mədinə xanımın işdən getdiyini bildirdi. Ondan sənədlərimin taleyini soruşduqda, “yəqin rəis imzalamadı, ona görə də vermədi” dedi. Həmin xanıma bildirdim ki, bu artıq özbaşınalıqdır, prezidentin ortaya qoyduğu iradəyə ziddir və mən qanunsuzluqla bağlı cənab prezidentə müraciət edəcəm. Yanvarın 22-də səhər saat 10:15 radələrində quruma bir daha telefon açıb son duruçu öyrənmək istədim. Mədinə Rəsulova dəstəyi qaldırıb, mənim kimliyimi bilən kimi, ironiya ilə “bəs siz prezidentə müraciət etmədiniz?” deyərək, misli görünməmiş məmur özbaşınalığı etdi. Bu zaman həm də o bəlli oldu ki, bir gün əvvəl “Mədinə xanım getdi” deyən xanim özü elə M.Rəsulova imiş. Bu artıq o deməkdir ki, Mədinə Rəsulova rəisi Rahim Rəhimovla bərabər ölkədə nə qanun, nə də prezident göstərişinə məhəl qoyurlar. Belə adamların vətəndaşlarla işləməsi yolverilməzdir”.
E.Məmmədli bildirdi ki, məsələ ilə bağlı yanvarın 15-də Rahim Rəhimovla da telefon əlaqəsi saxlayıb: “Ondan sənədlərin taleyi ilə bağlı maraqlandıqda, qəribə bir tonda, əda ilə ictimai təşkilatları sanki əhəmiyyətsiz hesab edərək danışdı, minnətlə bildirdi ki, vaxtı olanda sənədi imzalayacaq. O, bir daha ona zəng etməməyi “tapşırdı”. Sanki bu qurum onun şəxsi ofisidir. Hansı ki, ölkə prezidenti bütün çıxışlarında məmurlara vətəndaşlarla davranışlarını qaydaya salmaq, bürokratik əngəlləri aradan qaldırmaq üçün tapşırıq verir. Görünür, dövlət başçısının bu göstərişi Rahim Rəhimov və onun idarəsinin işçisi üçün keçərli deyil. Mən müəyyən araşdırmalar apardım, bəlli oldu ki, Mədinə Rəsulova sənədlərinin qəbul edilməsi ona tapşırılan bütün QHT-lərlə bu cür, üstdən aşağı davranıb, şikayət edəcəyini bildirənlərə isə “nə bilirsiniz edin”, “siz kimsiniz ki” kimi cavablar verib. Mən şəxsən öz başıma gələnlərlə bağlı ölkə başçısına müraciət hazırlamışam, rəsmi qaydada onu göndərəcəm. Mətbuat vasitəsi ilə də dövlət başçısına müraciət edərək xahiş edirəm ki, bu qurumda baş verənlərlə bağlı ölçü götürsün. Həmin qurumda təkcə ictimai təşkilatların deyil, bütün hüquqi şəxslərin, sahibkarların, sadə vətəndaşların başına oyun açılır. Bu qurumda bu günlər ərzində olduğum müddətdə müxtəlif hüquqi şəxslərin başına oyunlar açıldığına şahidlik etmişəm. 21-ci əsrdir, hələ də bu qurum hüquqi şəxslərdən sənədləri qovluqda qəbul edir. Hansı ki, əksər qurumlar bu kimi sənədləri elektron qaydada qəbul edir və cavablandırır, effektiv fəaliyyət göstərir. Həmçinin, bu qurumun səlahiyyətlərinin ASAN Xidmətə verilməsi zərurəti var. Əminəm ki, cənab prezident bu məsələyə ciddi reaksiya verəcək. Habelə, hörmətli nazir Fikrət Məmmədovun rəhbərlik etdiyi nazirliyin nüfuzuna xələl gətirən bu məmurları cəzalandıracağına inanıram”.
E.Məmmədli yaranmış durumla bağlı Ədliyyə Nazirliyininn İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanovla da əlaqə saxlayıb. O, sadəcə belə bir durumun yaranmasına təəssüf etdiyini bildirib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın