Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Siyasət /  Əbülfəs Qarayevin problem yaradan işçiləri kimin çətiri altındadır? – İDDİALAR

 Əbülfəs Qarayevin problem yaradan işçiləri kimin çətiri altındadır? – İDDİALAR

Artıq xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyinin keçirilmiş kollegiya iclası, fəaliyyətini lazımi səviyyədə qura bilməyən, tutduğu vəzifəyə məsuliyyətsiz yanaşan və nazirliyin qərarlarının icrasını təmin etməyən bəzi struktur rəhbərlərinin müxtəlif dərəcələrdə cəzalandırılmaları ilə yaddaqalan oldu. Nazir Əbülfəs Qarayev Ağdam və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin fəaliyyəti ilə bağlı ciddi qüsurların qeyd olunduğunu bildirib. Kollegiyanın qərarı ilə Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımova töhmət elan olunub.

Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyevin işdə ciddi nöqsanlara, kadrların yerləşdirilməsində qanunsuz hərəkətlərə yol verdiyi qeyd edilərək tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb. Həmçinin nazirlikdən verilən məlumata görə Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədovun tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb. Şöbənin məsləhətçisinə, musiqi və incəsənət məktəbləri və muzeyin direktorlarına töhmət elan olunub və nöqsanların aradan aldırılması üçün onlara 3 ay vaxt verilib. Göründüyü kimi nazirliyin araşdırmaları təkcə rayon Mədəniyyət və Turizm şöbələrinin fəaliyyətləri ilə məhdudlaşmır. Habelə bu şöbələrin tabeliyində fəaliyyət göstərən müəssisələr də nazirliyin birbaşa yaxlamalarına məruz qala bilərlər. Belə olduğu halda isə, Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin fəaliyyətində mövcud olan ciddi nöqsanlar barədə təqdim olunan məlumatlara Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyevin reaksiyası qətiyyən anlaşılan deyil.

Belə ki, həmin məlumatlara cavab olaraq, Yaşar Əliyev tərəfindən imzalanmış məktubda rəsmi olaraq bildirilmişdir ki, “ərizədə göstərilənlər öz təsdiqini tapmamışdır…” Təbii ki, bu cavab yalnız bir halda, obyektiv yoxlamanın aparılmadığı (və ya ümumiyyətlə heç bir yoxlamanın aparılmadığı) halda verilə bilərdi. Ən azından, ötən sayımızda dərc etdiyimiz materialda təqdim olunan cədvəldən də aydın görünür ki, Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin direktoru Təranə Ağalarova və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən, S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin direktoru Tofiq Salmanov bir neçə dəfə eyni gün və saatlarda ölkəni tərk edərək xarici ölkələrə səfər etmişlər. Və əgər bu şəxslərin il ərzində 6-7 dəfə məzuniyyətə çıxdıqları və ya xarici ezamiyyətlərə göndərildikləri də müvafiq sənədlərdə qeydə alınmayıbsa, o zaman cənab Yaşar Əliyevin daha hansı faktın təsdiqlənməsini gözlədiyini başa düşmək çətindir. Amma bəlkə də Mədəniyyət və Turizm Nazirliyinin strukturlarında çalışan əməkdaşların arzuladıqları vaxt iş otaqlarının qapısını bağlayaraq 5-10 günlüyünə xarici turlar təşkil etmələri normal haldır. Əgər belədirsə, onda deməli hər şey qaydasındadır. Yox, əgər belə deyilsə, o zaman yaxşı olardı ki, nazirliyin növbəti kollegiya iclasına qədər Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin və S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin fəaliyyətləri də Yaşar Əliyevdən daha məsuliyyətli bir əməkdaşın rəhbərlik edəcəyi komissiya tərəfindən təftiş olunsun…

Həmçinin oxuyun

Səudiyyə üzərindən yeni “antitürk” hədəfləri

Səudiyyə üzərindən yeni “antitürk” hədəfləri 23-24 sentyabr tarixində ABŞ-ın Nyu-York şəhərində İran adlı dövlətin mollla …

Bir cavab yazın