Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / YAP-dakı yoxlamalar bununla yekunlaşmayacaq

YAP-dakı yoxlamalar bununla yekunlaşmayacaq

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) yalnız büdcədən ayrılan vəsaitlərlə bağlı deyil, kompleks maliyyə yoxlaması apara bilər. Çünki YAP-da həyata keçirilən islahatlardan sonra təşkilatın rəhbər strukturlarında təmsil olunan yeni simalar bu vaxta qədər yığılan üzvlük haqlarının və ianələrin də taleyini bilmək istəyir.

YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvü, təşkilatın qurucularından olan Musa Musayev HİT.az-a açıqlamasında bildirib ki,  partiyanın 800 min üzvü var və onların hər birindən üzvlük haqqı yığılıb. Həmçinin, partiyaya müxtəlif mənbələrdən ianələr edilib.

“Ona görə də təkcə dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı deyil, üzvlük haqqı və ianələrlə bağlı da araşdırma aparılmalıdır. İndi Hesablama Palatası büdcədən ayrılan vəsaitlərlə bağlı araşdırma aparır. Amma mümkündür ki, yoxlamalar kompleks xarakterli olsun. Hesablama Palatasının üzvlük və ianələrlə bağlı araşdırma aparmaq səlahiyyəti olmasa da, bunu Mərkəzi Nəzarət Təftiş Komissiyası edə bilər”, – deyə Musa Musayev əlavə edib.

O qeyd edib ki, YAP üçün yeni ofis, üzvlər üçün isə hündürmərtəbəli yaşayış binası tikilib: “Bu işlərə sərf edilən vəsaitin də hesabatı olmalıdır. Bir sözlə, YAP-da maliyyə şəffaflığı olmalıdır. Təəssüflər olsun ki, bu illər ərzində YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının yarıtmaz fəaliyyəti nəticəsində bir dəfə də olsun normal hesabat verilməyib”.

Musa Musayevin sözlərinə görə, YAP-ın yeni seçilmiş Mərkəzi Nəzarət Təftiş Komissiyası Nizamnaməyə uyğun olaraq partiyanın Mərkəzi Aparatında və rayon təşkilatlarında təftiş aparacaq.

“Keçmişdə yol verilən qanun və maliyyə pozuntularını aşkar edib, köklü dönüş yaradacağıq. YAP-ın rəhbərliyi qarşısında və Qurultayda şəffaf və ətraflı hesabat məruzəsi ilə çıxış edəcəyik”, – deyə MNTK üzvü vurğuylayıb. 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …