Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Silahlı keşişin xahişi… – Oqtay Qasımov

Silahlı keşişin xahişi… – Oqtay Qasımov

32 il erməni işğalını dəstəkləyib status kvonu saxlamaqla, reallıqla hesablaşmağı məsləhət görüb Azərbaycanın hərbi qələbəsindən isterikaya düşən bəzi dövlətlər Qarabağda tarixi, mədəni və dini abidələrə guya təhlükə yarandığını bildirməklə, işğal olunmuş ərazilərin azad edilməsini dini qarşıdurma kimi təqdim etməyə çalışırlar. 
Üçtərəfli anlaşmadan sonra bu mövzuda ilk danışan Rusiya XİN Lavrov münaqişə zonasında tarixi, dini-mədəni abidələrin qorunması ilə bağlı UNESKO ilə müzakirələr aparacaqlarını söylədiyi vaxtda, Rusiya KİV-lərində bu mövzuda kompaniya aparılırdı. Ondan sonra Dövlət Dumasının komitə sədri S.Qavrilov Azərbaycanı “münaqişə bölgəsindəki dini abidələri qorumağa və sərbəst ziyarət etmə imkan yaratmağa” çağırdı. Onun fikrincə guya “Suriyadan gətirilib bölgədə yerləşdirilmiş radikal dini qrupların” həmin abidələri məhv edə biləciyi təhlükəsi var. Daim məsələyə münasibət bildirib, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə və mədəni irsin qorunacağına təminat verən Azərbaycan prezidenti Rusiyalı həmkarı Putinlə də bu məsələni müzakirə edib. Münaqişə zonasındakı durumla əlaqədar keçirdiyi toplantıda prezident Putin humanitar məsələlərlə bağlı Azərbaycan prezidentinin mövqeyindən razılığını bildirdi. 
Bunlardan sonra Kəlbəcərin Vəng kəndindəki IX əsrə aid Xudavəng Alban monastrının yaxınlığında Rusiya sülhməramlılarının Ermənistan vətəndaşı terrora aşıq çağırış edən “silahlanmış keşiş” Ovanesin xahişi ilə qurduğu postu hələ də saxlaması başa düşülən deyil. Bilinməlidir ki, bu abidə Kəlbəcərin işğalına qədər Azərbaycan dövləti və kənd əhalisi tərəfindən qorunaraq abad saxlanıb. Ayın 25-də Kəlbəcər azad ediləndən sonra da belə olacağı şübhəsizdir.
Bu mövzu savaş başlananadan ölkəmizə qarşı düşmən mövqe sərgiləyən Fransa başda olmaqla, bəzi qərb dövlətləri və mətbuat orqanlarına Azərbaycanı qaralamaq üçün bəhanə yaradıb. 30 ildir Ermənistana hər tərəfli yardım edən Fransa savaşdan sonra düşdüyü oyundan kənar vəziyyətlə barışmaq istəmədiyindən, ciddi cəhdlə noyabrın 10-dan başlanan sülh prosesini pozmağa və bölgədə yaşananları dini qarşıdurma kimi təqdim edib, abidələr mövzusu ilə manipulyasiya etməyə çalışır. Fransa prezidentinin “Hayastan” fondunun marafonundakı çıxışı, XİN-nin bəyanatı və senatda gözlənilən müzakirələr bunun nümunələrindən sayıla bilər.
The Guardian qəzetində isə savaş sonrası Qarabağda ermənilərə aid 3500(??) monastır, kilsə, xaçkarların guya təhlükədə olduğu bildirilir. Ermənilərə istinad edilən rəqəm saxtakarlığın zirvəsidir. Eyni rəqəm Rusiya erməniləri ittifaqının rəhbəri Abramyanın prezident Putinə müraciətində də yer alıb. Erməni faşizminin əsas ideoloq və sponsorlarından olan Abramyan Putindən Qarabağdakı “antik və erkən orta əsr erməni abidələrin”, xüsusi həyasızlıqla “çox qiymətli “antik şəhər Tiqranakert” (Ağdamda aparılan qazıntı), erkən xristianlıq dövrünə aid Amaras məbədi (IV əsr Qafqaz Albaniyasına aid), orta əsr abidələri olan Gəncəsər, Xudavəng (ermənilərin Dadivank dediyi) monastrları, Şuşadakı erməni kilsəsini və ermənilərin Rusiyadakı əsas dostlarından olan Kim Bakşinin 2019-cu ildə Moskvadakı məzarından götürülən torpağın Şuşada başdırılmış yerinin qorunmasını xahiş edib.
Təəssüf ki, bu iddialarla çıxış edən dövlət və təşkilatlar 30 il işğalda saxlanan ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələrinin dağıdılıb, yer üzündən silinməsinə, məscidlərdə inək və donuz saxlanmasına hələ də münasibət bildirməyib. Azərbaycanın müvafiq dövlət qurumları həmin dövlətlərin nümayəndələrini, xüsusilə Fransa prezidenti Makronu, diplomatik korpus və beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçilərini işğaldan azad edilmiş ərazilərə səfərə dəvət edib, kimin barbar, vandal, terrorçu olduğunu yerində göstərməsi doğru olar. Bu
istiqamətdə ilk addım Füzuli şəhərinə ziyarətlə atıldı. Ardıcıl olaraq bütün azad edilmiş bölgələrin ziyarət edilməsində fayda var. Bu ziyarətlərdə görünəcək ki, Şuşadakı Aşağı və Yuxarı Gövhərağa daxil çoxsaylı məscidlər, Üzeyir bəyin, Bülbülün ev muzeyləri, Natəvanın sarayı, Qarabağ xanının vəziri Vaqifin türbəsi kimi çoxsaylı tarixi abidələr necə dağıdılıb. Ağdamda Pənah xanın imarəti, cümə məscidi, Laçında Həmzə Sultan və Soltan Əhməd sarayları, məscidlər, ziyarətgah və ibadətgahlar, daş heykəllər, kurqanları necə məhv edilib. Bilinəcək ki, işğal olunmuş ərazilərdə yerləşən Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə və digər kurqanlar hərbi məqsədlər üçün istifadə edilərək necə dağıdılıb. İşğaldan azad edilən Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli və Qubadlı rayonlarında dağıdılmamış bəzi məscidlərdə donuz və digər heyvanların saxlandığı məlum olacaq. Aydın olacaq ki, “qədim və mədəni” ermənilər necə vanddallıqlara imza atıb, işğal etdikləri ərazilərdə minlərlə tarixi, mədəni və dini abidələri dağıdıb məhv ediblər. Belə barbarlığı min illər əvvəl yaşamış vandallar belə etməyib.
Əslində isə bütün bu hay-küyün arxasındakı məqsəd başqadır. Yalan təbliğatda təcrübəli olan ermənilərlə onların dəstəkçiləri işğaldan azad edilən ərazilərdə törədilmiş barbarlığı və hərbi cinayətlərdən diqqəti yayındırıb ört basdır etmək üçün belə atmosfer yaratmağa çalışırlar. Bunun cavabı isə tez zamanda Erməninistanın işğalı nəticəsində törədilmiş hərbi cinayətlərin araşdırılması və dəymiş zərərin qiymətləndirilməsinin yekunlaşdırılması, Beynəlxalq məhkəməyə müraciətlər edilməsidir.
Oqtay Qasımov, Politoloq

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …