Ana səhifə / Siyasət / Ramil Usubovdan açıqlama

Ramil Usubovdan açıqlama

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti Şuşa Bəyannaməsində təqdir edilib, bu sahənin mütəxəssisləri, rəsmi qurumlar tərəfindən də razılıqla qarşılanıb. Həmçinin bəyannamə imzalanandan sonra ölkəmizdə Türkiyə Silahlı Qüvvələrini təmsil edən Xidmət Qrupu fəaliyyətə başlayıb”.

Bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.

Ramil Usubov qeyd edib ki, Şuşa Bəyannaməsi isə Azərbaycanın təhlükəsizlik sisteminin formalaşmasında uzun müddətdir mühüm qardaşlıq və strateji tərəfdaşlıq yardımı göstərən Türkiyə ilə imzalanan, təhlükəsizlik və hərbi sahədə əməkdaşlıgı daha üst səviyyəyə qaldıran, indiyədək həyata keçirilən müştərək tədbirlərin və ümumilikdə fəaliyyətin miqyasının daha da genişlənməsini vacib sayan əsas çərçivə sənədlərindən biridir: “O, iki dövlətin, iki Prezidentin müxtəlif sahələr üzrə, xüsusən hərbi təhlükəsizlik sahəsində fəaliyyət istiqamətlərini, hədəflərini bəyan edən ali səviyyəli sənəddir.

Müharibəyə qədərki dövrdə Türkiyənin Azərbaycandakı hərbi-təhlükəsizlik sahəsində təmsilçiliyi yalnız birgə təlimlərdə iştirak, hərbi kadrların və müdafiə sənayesi potensialının, arsenalının təkmilləşməsinə yardım idi. Savaş müddətində isə qardaş ölkə haqq işimizə birmənalı mənəvi, siyasi, diplomatik dəstək göstərməklə yanaşı, öz hərbi sənayesinin modern qurğuları ilə də qələbəmizə töhfə verdi. Türkiyənin bölgədə daha fəal hərbi-təhlükəsizlik təmsilçiliyi artıq zərurətə çevrildi. Bu məqam Ermənistanın təslimçilik aktı kimi tarixə düşən üçtərəfli razılaşma sənədində “sülhməramlı mərkəz” statusunda xüsusi müddəa ilə təsdiq olundu”.

İki dövlətin hərbi-təhlükəsizlik əlaqələrini fəaliyyət prioritetlərindən biri kimi elan edən Şuşa Bəyannaməsi həm də bu sahədəki əməkdaşlığın genişlənməsini konkret vəzifə kimi müəyyənləşdirib: “Bu istiqamətdə ötən dövrdə səmərəli, qürurdoğurucu nəticələr əldə olunub. Ötən ayın sonunda Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı bu əməkdaşlığın bir qismini nümayiş etdirən mühüm tədbir idi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan çıxışlarında bir daha vurğuladılar ki, gündən-günə daha da güclənən əlaqələr bir bölgə ilə məhdudlaşmır, ümumilikdə qlobal təhlükəsizlik sisteminin möhkəmlənməsinə iki dövlətin töhfəsidir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …