Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Qanunları pozan qanun adamları

Qanunları pozan qanun adamları

Azərbaycanda deputatın polisi döyməsi xəbəri artıq neçə gündür ölkə gündəmini zəbt edib. Xəbər verildiyi kimi, Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini icra edən polis əməkdaşını döyüb. Daxili İşlər Nazirliyi hadisədən dərhal sonra deputatın əməlinə hüquqi qiymətin verilməsi üçün toplanmış materialları Baş Prokurorluğa təqdim edib. Baş Prokurorluq da öz növbəsində toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlayıb və Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib.

Milli Məclis Baş prokurorun təqdimatına baxmaq üçün növbədənkənar toplantı təyin etdi. Bu gün Milli Məclisin intizam komissiyası deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edərək məsələyə baxılmasını parlamentin sabah keçiriləcək iclasına tövsiyə etdi. Çox güman ki, sabah deputatlar millət vəkili adına yaraşmayan hərəkətlərə yol verən Eldəniz Səlimovun toxunulmazlığını ləğv edəcəklər.
Baş verən bütün bu proseslər onu göstərir ki, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə qanunun aliliyi hər şeydən üstündür. Heç kim qanundan üstün deyil. Qanun pozulubsa, o qanunu pozan cəzasını almalıdır. Hər kəs törətdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. Sadə vətəndaş da…məmur da… deputat da…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edərək onları qanunun aliliyinə riayət etməyə, xalqa xidmət etməyə çağırıb. Ölkə başçısının bu xəbərdarlığından nəticə çıxarmayanların isə aqibəti hamımıza çox yaxşı məlumdur.

Deputatlar isə məmur deyil, onları xalq seçir. Millət vəkillərinin sadə vətəndaşlardan və məmurlardan fərqi ondadır ki, onlar birbaşa qanunverici orqanda, Milli Məclisdə təmsil olunurlar. Milli Məclisdə təmsil olunan bir adamın qanunları pozması isə hüquqi dövlət anlayışına xəyanətdir!

Deputat necə olmalıdır?

Deputatlar parlamentdə qanunlarla işləyir. Ölkənin qanun toplusunu bu adamlar müəyyən edir və hazırlayır. Onlar qəbul etdikləri qanunların icrası istiqamətində atmış olduqları addımlarla seçicilərinə və sadə vətəndaşlarımıza nümunə olmalıdır. Onlar öz əməlləri və davranışları ilə nümayiş etdirməlidirlər ki, dövlətin qanunu hər şeydən üstündür. Bir sözlə, deputatlar səs verib qəbul etdikləri qanunları özləri pozmamalıdır! Pozanların aqibəti məlumdur.

Hesab edirik ki, bu məqamda onları xatırlatmağımız yerinə düşər və digər deputatlar da bundan nəticə çıxarar:

Rafael Cəbrayılov – Mandatını girov qoyan deputat deyiləndə ilk ağıla gələn millət vəkilir. Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılov qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını ələ keçirməkdə təqsirli bilinərək həbs edilib.

Gülər Əhmədova – 2013-cü ildə ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin eks-rektoru Elşad Abdullayevin iddiaları əsasında həbs edilib.

Dünyamin Xəlilov – 2016-cı ilin fevralında daha bir sabiq deputatın həbsinə şahid olduq. Belə ki, 2010-2015-ci illərdə deputat olmuş iş adamı, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilov dələduzluqda təqsirləndirilərək həbs edilib. D.Xəlilov “Azərbaycan Beynəlxalq Bank” ASC-dən külli miqdarda kredit götürüb qaytarmamaqda təqsirləndirilib.

İlham Əliyev – IV və V çağırış Milli Məclisin deputatı olan İ.Əliyev Akademik Ramiz Mehdiyevin kürəkənidir. O, pandemiya zamanı qızına toy mərasimi keçirdiyinə görə cəzalandırılıb. İ.Əliyev İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinərək 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Hüseyn Abdullayev – 2007-ci ildəki yaz sessiyasının iclasında Nazirlər Kabinetinin hesabatı təqdim olunarkən deputat Hüseyn Abdullayevin etiraz çıxışı parlamentdə böyük qalmaqalla nəticələnmişdi. Deputat Fəzail Ağamalının replikasına həmkarı H.Abdullayevin əsəbi reaksiyası onların əlbəyaxa davası ilə sonuclanmışdı. Dava-dalaşdan sonra Milli Məclisin İntizam Komissiyası Hüseyn Abdullayevin işi ilə bağlı sərt qərar çıxardı. Mandatdan məhrum olunan deputat barəsində Baş Prokurorluq cinayət işi açdı. 2 aylıq həbsdən sonra azadlığa buraxılan H.Abdullayev daha sonra Almaniyaya getdi, bir neçə il orada yaşadı. 2018-ci ildə sabiq deputat Türkiyədə yenidən həbs edilərək Azərbaycana gətirildi. İttihama görə, H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanıb.

İqbal Ağazadə – 2003-cü ildə keçirilən prezident seçkiləri sonrası Bakıdakı Azadlıq meydanında müxalifət qüvvələri ilə hüquq-mühafizə qüvvələri arasında baş verən qarşıdurmanın nəticəsi o zamankı deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə üçün çox ağır olmuşdu. Həmin vaxt həbs edilən İqbal Ağazadəyə “kütləvi iğtişaş” maddəsi ilə cinayət işi açılmış, toxunulmazlıq hüququ əlindən alınmış və həbs olunmuşdu. Bir il davam edən məhkəmə prosesindən sonra 22 oktyabr 2004-cü il tarixdə Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə İ.Ağazadə 3 il müddətinə həbs olunmuşdu. İqbal Ağazadə 20 mart 2005-ci ildə əfv fərmanı ilə həbsdən azad edilib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …