Ana səhifə / Siyasət / Paşinyanın yalanı ifşa olundu

Paşinyanın yalanı ifşa olundu

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyadan raketsiz Su-30 qırıcı təyyarələrinin alınması barədə açıqlaması geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri Paşinyanın növbəti yalanını ifşa ediblər. Belə ki, baş nazirin 2020-ci ilin yayında həmin təyyarələrin raket sınağından keçirildiyi barədə bəyanatı xatırladılıb.

Məlumat üçün bildirək ki, ötən gün Paşinyan İrəvanın Moskvadan Su-30SM təyyarələrini alarkən onların döyüş sursatının olmadığını deyib. O bildirib ki, qırıcı təyyarə Ermənistana mayda gətirilib. Bundan əvvəl isə Paşinyan təyyarələrin 2019-cu ilin dekabrında gətirildiyini bəyan etmişdi.

Erməni baş nazir təyyarələrin raketsiz olmasına görə məsuliyyəti özündən əvvəlki hakimiyyətin üstünə atıb. O hesab edir ki, əgər əvvəlki hakimiyyət təyyarələri alsaydı, daha sonra raketləri ala bilərdilər:

“Bizə deyirlər ki, nə üçün siz təyyarə aldınız? Bəli, biz təyyarə aldıq, may ayında təhvil verildi. Ancaq biz müharibəyə qədər raket ala bilmədik. Təyyarələri siz alardınız, biz də raketləri alardıq. Niyə 26 yaşlı dövlətin döyüş təyyarələri yox idi?”.

Paşinyanın bu fikirləri birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri buna cavab olaraq, baş nazirin 2020-ci il iyulun 3-də yaydığı videonu paylaşıblar.

Həmin videoda baş nazir bildirir ki, Su-30SM qırıcıları “döyüş atışları” ilə məşq uçuşları keçirir, “hücum əməliyyatları” üçün hava-yer tipli raketlərin sınağını aparır.

Xatırladaq ki, Rusiyadan alınan Su-30SM qırıcılarının döyüş sursatlarının olmaması barədə ilk dəfə Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri, general Movses Akopyan açıqlama verib. Onun fikrincə, Rusiya başqa dövlətlərə 130 km mənzilli raketləri satmır. Ermənistan hökuməti isə onun bəyanatını təsdiqləməmişdi. Azvision.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …