Ana səhifə / Siyasət / Ordumuzun ixtiyarında NATO aviatexnikası da olacaq?!

Ordumuzun ixtiyarında NATO aviatexnikası da olacaq?!

Məlumdur ki, Azərbaycan və Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, Türkiyədə növbəti dəfə “TURAZ Şahini – 2016” hərbi təlimlərinə start verilib. Artıq ikinci dəfədir Türkiyədə keçirilən müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd “MiQ-29” qırıcı, 3 ədəd “Su-25” hücum və “İl-76” hərbi-nəqliyyat təyyarələri iştirak edir.Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə, iki ölkənin Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Ölkəmiz üçün önəmli məqamlardan biri də odur ki, azərbaycanlı hərbi təyyarəçilər F-16 qırıcı təyyarələrində uçuşlar keçirirlər. Bu fonda bir sıra ekspertlər perspektivdə Azərbaycan Ordusu arsenalında F-16 qırıcılarını görür.Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bunu istisna etmir: “Əgər pilotlarımız keçən ildən başlayaraq F-16 təyyarələrindən uçuşlar həyata keçirirsə, Azərbaycan rahatlıqla həmin qırıcıları ala bilər. Amma bütün ordunun F-16 təyyarələrinə keçməsini düşünmürəm. Müəyyən partiyada həmin təyyarələri əldə etmək olar. Nəzərə alaq ki, F-16 qırıcıları NATO və Türkiyənin ən uğurlu təyyarəsidir. Onunla qarşıya qoyulan məqsədlərə nail olmaq asandır. Türkiyə tərəfi də xüsusi olaraq qeyd edir ki, Azərbaycan pilotları qısa bir zamanda uçuş aparatını mənimsəyə bilib, rahat şəkildə ondan istifadə etməyi bacarırlar. Bu, onu deməyə əsas verir ki, biz yaxın illərdə haqqında danışdığımız məsələnin gündəmə gəlməsinin şahidi olacağıq. Ola bilsin, Türkiyənin dost jesti nəticəsində qırıcıları Azərbaycana bağışlasın və ya güzəştli şərtlər çərivəsində satsın. Necə ki, bu gün Rusiya Ermənistana sərfəli şərtlərlə silah satır. Yəni, təlimlərdəki uçuşları elə-belə hesab etmək olmaz. Odur ki, növbəti illərdə sözügedən qırıclardan Azərbaycan Silahlı Qüvvələrinin arsenalında gözləməyə dəyər”.Digər hərbi-siyasi icmalçı Ramil Məmmədli isə fərqli düşünür: “Türkiyənin Konya şəhərində başlayan “TurAz Şahini – 2016” hərbi hava qüvvələrinin təlimləri sayca 4-cüdür. Bu müddət ərzində həm Azərbaycan, həm də Türkiyənin pilotları qarşılıqlı təcrübə mübadiləsi həyata keçirirlər. Bu təcrübə mübadiləsinə türkiyəli pilotların MiQ-29, azərbaycanlı təyyarəçilərin isə Türkiyə Hərbi Hava Qüvvələrinin parkında olan F-16 döyüş təyyarələrini idarə etməsi də daxildir.

Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələri NATO-nun imkanları və texnolojiyaları ilə Türkiyə vasitəsilə daha çox bilik əldə edirlər. Lakin bu, NATO silahlarının və texnikalarının satınalınması demək deyil. Məsələ burasındadır ki, F-16 və digər ABŞ istehsalı olan döyüş təyyarələrinin Azərbaycanın silahlanmasına daxil edilməsi həddindən artıq böyük xərclər tələb edir. Digər tərəfdən qeyd olunan təyyarənin texniki baxışını həyata keçirən heyətin hazırlanması, pilotların tədrisi və digər irili-xırdalı texniki məsələlər Azərbaycan üçün F-16-nın alınmasını çətinləşdirir. Ən əsas maneə isə ABŞ və NATO ölkələrinin Azərbaycana hücum texnikalarının satmamasıdır”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın