Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İki qocanın bir ayıbı

İki qocanın bir ayıbı

Bu da bizə Bayden. İndiyə qədər Amerika nə dəli, nə irqçi, nə despot prezidentlər gördü… Amma heç biri bu qocanın etdiyini etmədi. 1915-ci illərdə baş vermis hadisəni “erməni genosidi” kimi təqdim etmək yerişini itirən “çiçəyi burnunda” prezidentin təyyarəyə qalxarkən yıxılmasından daha böyük pərtçilik idi. Təbii ki, özü üçün. Əslində insan özünü olduğundan fərqli göstərəndə hər zaman belə pəjmürdəlik yaşayır. Qoca adam cavanlar kimi səkə-səkə pilləkən qalxmaq istəyəndə təpəsi üstə düşür. Tarixdən anlayışı olmayan şəxs faktları qarışdıranda, konstatasiya qabiliyyətini itirəndə dünya üzərinə qalxır və sair. Biz “dəli Tramp”dan belə bu cür səriştəsizlik görmədik. O belə prezidentliyinin ilk dönəmlərində atmışdı ən sərsəm addımlarını – mühacirlərə qarşı məsələn. Amma bütün türk dünyasını özünə qarşı qaldırmaq? Əslində xristian və türk dünyaları arasında çıxa biləcək bir qarşıdurmaya “pasport vermək”, vəsiqə qazandırmaq öz prezidentlik karyerasının başlanğıcında fiaskodan başqa bir şey sayıla bilməz.

Bəlkə də Bayden, “soyqırım sərsəmləməsi”, ABŞ prezidentinin Türkiyə və Azərbaycanı itirməsi kimi son bir neçə saatın ən önəmli mövzusundan sonra ölkəmizə qayıdıb, bizdə səhvə yol vermis bir qoca barədə danışmaq yersiz olardı. YAP sıralarından, çalışdığı universitetdən xaric edilən Hüseynbala Mirələmovu o cür cəzalandırılmasından sonra unutmaq da olardı. “Bitdi, getdi, həyatımızdan” deyə gündəmdən də çıxarmaq olardı. Təbii ki, müdafiə açıqlamalarını eşitməsəydik, oxumasaydıq. Ölkədə kimin kim olduğu adətən bu sayaq hadisələr zamanı bəlli olur. “Dostunu göstər, kim olduğunu deyim” misalındakı kimi. Kim kimin yanındadırsa, onun dəyərlərini müdafiə edir deməkdir. Məsələn, görünən odur ki, Mirələmovun bir səhvi aşkara çıxdı, yayıldı, özü də susqun şəkildə oturdu. Zəng edən jurnalistlərə isə “bu, mən deyiləm, telefon da mənim deyil” dedi, bir az keçsə, “guya hansımız hardayıq ki?” deyib, fəlsəfə də xırdalaya bilərdi. Amma adam susub, dost-tanışları ortaya düşüb. Müdafiədən daha çox “üzrü qəbahətindən betər” tipli açıqlamalar yaydılar.

Deputat Elman Nəsirov: “Hələ görüntülər o demək deyil ki, Hüseynbala Mirələmov günahkardır”.

Eks deputat Hadı Rəcəbli: “Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər”.

Xalq şairi Nəriman Həsənzadə: “Hüseynbala müəllim çox yaxşı kişidir” — “Buna görə onu qınamağa dəyərmi?”.

Təhsil nazirinin müşaviri Elnur Nəsibov: “Ölkədə hamı əxlaqlı imiş, bir o kişidən başqa… Burada daha böyük problem şəxsi həyata dair məlumatın ictimailəşdirilməsidir”.

Brilliant Dadaşova: “Bu yaşlı kişini bu qədər tənqid edənlərin görəsən öz ataları yoxdur. Öldürməsələr, əl çəkməyəcəklər”…

Bütün bunları siz özünüz də saytlarda izləmisiz. Çox maraqlıdır ki, ölkədə miqyası və sayı gündən-günə artan haqsızlıqlarla bağlı susan bir qism adamlar məhz belə situasiyalarda dilə gəlirlər. Kəsilən duz-çörək, ya da mənasız bir təəssübkeşlik alır canlarını.

Bir də baxırsan, xoruz səsi eşitməmiş bir müdafiə nitqi ilə çıxış edirlər. Axı nəyə lazımdır? Bu suvama proseduru kimə xidmət edir? “Kor kor, gör-gör” olan bir əməli çığıra-çığıra, üz cıra-cıra müdafiə etmənin anlamı nədir? 10 milyona “siz korsuz, gerizəkalısız, gördüyünüzü anlamamısız” demək hansı özgüvəndən xəbər verir? Dəyərmi? Dəyirmi? Fəaliyyəti dövründə insanların yaddaşında ancaq qıcıq doğuran “az yeyin, kökəlməyin, çörək tapmırsız dietaya keçin” tipli qıpqırmızı açıqlamalarla qalan 76 yaşlı bir adamdan indən belə mələkmi düzəldəcəksiz? Belə adamları meydandan çoxdan çıxarmaq lazım idi əslində. Ya vəlvələdən, ya zəlzələdən olmamışdı, alınmamışdı. İndi alındı, siyasi səhnədən yığışdırıldı. Sevinmək əvəzinə niyə şapalaqla üz qızardırsız? Adam 76 illik ömründə ilk dəfə Amerika mətbuatına qədər gedib çıxır, populyarlaşır. O da katibəsinə sığal çəkdiyi üçün… Nə bir açıqlama, nə bir siyasi çıxış, addıma görə yox, sırf məişət qalmaqalına görə.

İndi söhbətlər yayırlar ki, bu görüntülər qışda çəkilib. O vaxtdan bəri Mirələmov şantaj edilib, ondan pul istənilib.

Eks deputat da pulu vermədiyi üçün bu görüntülər yayılıb. Təbii, şəxsi həyat toxunulmazdır, şantaj da ən aşağı hərəkətdir. Videodakı xanımın üzü gizlədilməli idi. Amma detalları qarışdırmayaq: 1. Hadisə iş yerində baş verib, iş prosesi zamanı. 2. Heç kim onun iş yerinə, evinə gizli kamera yerləşdirməyib. Üstəlik, onun şantaj olunması etdiyi əməli unutdurmur, sıfırlamır axı. Ona görə də tez-tələsik uydurma, səviyyəsiz müdafiə nitqləri qurmağın heç bir yeri yoxdur. Şantaj edəni də tapın, cəzalandırın, məsələ bitsin.

Bu ölkədə ilk dəfədir ki, belə qalmaqal yaradan məsələyə görə bir YAP funksioneri layiqli şəkildə cəzalandırılır. İcazə verin, az da olsa, kiçik də olsa, ədalətin bərqərar olunmasına sevinək, fərəhlənək. Yerində olmayan adamlar o yeri tərk edəndə cəmiyyətin nizam tərəzisi düzəlir. Dərhal vəkil mantiyası geyinməyə tələsməyin…

Məsələ yaşda deyil, bilirəm. Amma siyasət üçün də bir yaş həddi var. Müəyyən müddət sonra bağçılıqla, balıqçılıqla, nəvə-nəticə ilə məşğul olmaq lazım gəlir. Əks halda qocanın biri həyasızlığa soyqırım deyir, o biri də evdə nəvəsi ilə oynamaq yerinə nəvəsi yaşında uşağa sığal çəkir…
Musavat.com

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …