Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / İfşa olunmuş “maşa”ları tarixin zibil qutusuna ataq!

İfşa olunmuş “maşa”ları tarixin zibil qutusuna ataq!

Fərəc Quliyev,
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, İstiqlalçı deputat

 Elə bu il Şuşada “İlin Xalqı” fəxri adının verilməsi törəni keçirilə bilər!

1989-cu ildə mübarizə əzminə görə “İlin Xalqı” adına layiq görülmüş Azərbaycan xalqı məncə bu il “Tovuz” hadisələri zamanı və sonrası bu fəxri adı yenidən qazandı. Bu birlik, bu Milli əzm və iradə, qətiyyət qorunarsa,  elə bu il Şuşada “İlin Xalqı” fəxri adının verilməsi törəni keçirilə bilər!
 

Bu möhtəşəm özünə qayıdışa kölgə salmağa çalışanlarsa tarixin zibilliyində yer almağı haqq etdi. Bu  günlər, xüsusi ilə 15 iyul bir çox mətləblərə işıq da saldı.


 15 iyul gecəsi Milli Məclisə basqın bir təsadüf idimi? 


Bu suala cavab tapmaq üçün arxa cəbhədə öz dövlətinə cəbhə açmışların fəaliyyətindən bəzi məqamlara nəzər salmaq kifayət edər. Bu məsələnin göndəmə gətirilməsini zəruri edən səbəblərdən biri də son günlər diasporamızın fədakarlığına qarşı bu çetenin müharibə elan etməsi, ermənilərə haqq qazandırmasıdırLos –Anceles olaylarını ABŞ hakimiyyəti terror kimi qəbul etdiyi, səfirin Azərbaycanlılardan üzr istədiyi halda Milli Şura ruporunun erməniləri müdafiə etməsi ən yumşaq halda Milli dönüklük deyilmi?Şəhid qızı Sevinc Osmanqızından əvvəl Milli Şura –AXCP rəhbərlərindən Cəmil Həsənlinin, Seymur Həzinin, Mehmanın erməniləri müdafiə etməsi bu davranışların kollektiv düşüncə məhsulu olduğunu və bir mərkəzdən məqsədli edildiyi qənaətini formalaşdırır.

İstənilən siyasi təşkilatın rəhbərinin çağırışı o təşkilatın üzvlərinin, tərəfdarlarının, təəssübkeşlərinin fəaliyyət və təbliğat-təşviqat istiqamətini müəyyən edir. Təşkilatın rəhbərlərinin onun adından danışmaq hüququ olduğu kimi, təşkilatın hərəkətlərinə görə məsuliyyəti də var. Ona görə də bu təşkilatların rəhbərləri baş verənlər üçün mütləq cavab verməlidirlər. Baş verən hadisələr də onu göstərir ki, bu münasibət və çağırışların üzərindən sükutla keçmək olmaz. Sükut fəsadları daha da ağırlaşdırır.

Tovuz bölgəsindəki savaşın ilk günləri- 13.07.20 tarixdə Yurd (İndiki AXCP adlı təşkilat) rəhbəri əli kərimovun çıxışı tam olaraq Tovuza hücumun Ermənistanın qələbəsi ilə başa çatacağına (ağalarının hesabına) hesablanmışdı, və ya o, bu sonluğa inandırılmışdı. Göründüyü qədər Milli Şura (bundan sonra maşa)–Yurd buna uyğun təlimat almışdı. Yurd –maşa rəhbərinin 13 iyuldakı çıxışındakı tezislərə fikir verin:

a) -Azərbaycan ordusunun silahları və texnikası köhnəlib;

b) -Kosmik ölkəyik, amma hədəf müəyyən edə bilmirik;

c) -Primitiv, ötən əsrdən qalmış silahlardan, köhnə savaş taktiklərindən istifadə edirik;

f) -Hazırlıqsız əsgərlər önə göndərilir:

d) -Əhalinin 2016-cı ildəki vətənpərvərlik əhval-ruhiyyəsi yoxdur;

q) -Türkiyədən başqa heç kimdən dəstək gəlmədi:

s) -Beynəlxalq reaksiya yoxdur;

e) -Orduya, Dövlətə dəstək yoxdur və s.
 

Hökumət ittiham olunur, vəd verilmiş “məğlubiyyətin” səbəbkarı kimi göstərilirdi. Artıq hökumət “məğlubiyyətə” görə cavab verməyə çağırılırdı. O günlərdə Ermənistan bilərəkdən Tovuza hücum zamanı mülki əhalini vururdu. Xatırlayırsınızsa, Ermənistanın eks prezidenti Sarkisyan Xocalı soyqırımı zamanı bilərəkdən dinc əhalini qırdıqlarını bildirmişdi. Bununla hücumlar zamanı dinc əhalini öldürəcəklərini və bundan sonra hərbi əməliyyatlar zamanı dinc əhalinin döyüş başlar-başlamaz köçməsinə zəmin yaratdıqlarını ifadə etmişdi. Dinc əhali arasında xof və dövlətə inamsızlıq yaratmaq bir taktikadır. Eyni ssenarini Tovuz istiqamətində tətbiq etmək üçün mülki əhali atəşə tutuldu və bu zaman Yurd -“Maşa” rəhbərinin ordumuzun “zəif” olması, əhalinin vətənpərvərliyinin aşağı olmasını ciddi cəhdlə cəmiyyətə aşılamaq cəhdi, inamsızlıq toxumu səpməsi erməni taktikası ilə üst–üstə düşdü.

Azərbaycanın vəd verilmiş məğlubiyyətinin əvəzində isə hər şey əksinə olur:

a) -Azərbaycan ən üstün silahlarla Ermənistanı yerində oturdur;

b) -Dərin təhdid hədəfləri məhv edilir;

c) -PUA-lar və hətta silahdaşıyan PUA-lar dəqiqliklə düşmən hədəflərini məhv edir;

f) -Ön cəbhəyə hazırlıqsız əsgərlər getmədi. Təkcə şəhidlərimiz arasında General, Polkovnik leytenant, mayor oldu. Bu Kişilər arxada qərargahda qala bilərdi, amma ön cəbhədə vuruşdular;

d) -Əhalinin əhval ruhiyyəsinin 2016-cı ildən də üstün vəziyyətdə olduğu məlum olur;

q) -Türkiyədən başqa Ukrayna, Pakistan və başqa dövlətlər ən ciddi dəstəyini ifadə etdi;

s) -BMT başda olmaqla bütün təşkilatlar məlumatlandırıldı və reaksiyalar alındı. Ermənistan isə üz tutduğu bütün ünvanlardan üzüqara qayıtdı.

e) -Orduya, Ali baş komandana, dövlətə dəstək daha möhtəşəm ifadə olunur-həm ölkədə, həm dünyanın hər yerində.
 

Yuxarıdakı müqayisədən də aydın görünür ki, ilk raundda “maşa” və maşabaşının səkkiz bəndlik çağırış fiaskosu var.

Bu fiaskodan dərhal sonra 15 iyul tarixdə Yurd –maşa rəhbərinin 180 dərəcə fərqli bir çıxışı səslənir. İllərdi dediklərimizi təklif olaraq tutuquşu kimi təkrarlayır. Məlumatı yoxdur ki, artıq bu təkrarladıqlarının 90 %-i reallaşıb. Sığorta. Vaxt qazanmaq. Guya dövlət maraqları bundan sonra öndə tutulacaq. Hökumətin gözü arxada qalmasın, daha nələr, nələr… Bu səmimiyyətin altında böyük bir məkr gizləndiyini yaxın keçmişə nəzər salmaqla anlamaq rahatlıqla mümkün idi.

Savaş aktiv fazaya keçərkən 43 partiya milli birlik nümayiş etdirəndə, ondan əvvəl dialoq prosesində kənarda (və ya kənar dövlətlərin yanında) qalan Yurd – “Maşa” birliyinin səmimiyyətinə necə inanmaq olardı? Onlar dialoqdan qaçanda yazmışdım:

-“Düşmən bu dialoqun olmasını istəmir. Ölkədə dialoqa qarşı olanlar sahiblərinin iradəsinə uyğun olaraq masadan qaçır və fərqli masada gizli danışıqlar aparırlar. Əlbəttə, bu danışıqlar ölkəmizin xilası üçün deyil, ərazilərimizdə ikinci erməni dövləti qurmaq, dövlətçiliyimizi bitirmək üçündür. Mən düz 7 ildir ki, bu davranışın içərisində olan Milli Şuranın xəyanətlərini cəmiyyətə çatdırır, seçimində və davranışlarında ehtiyatlı olmağa çağırıram. Narahatlıq üçün ciddi əsas olduğunu bildirir və fikirimi əsaslandırırdım. Milli Məclisdə bu məsələni qaldırmış və Respublika prokurorundan müvafiq ölçü götürülməsini də tələb etmişdim.Çünki bu, xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan bir layihədir. Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, ikiillik keçici və koalisyon bir hökumət qurulacaqdı. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu.”

Hakimiyyət naminə Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşmasına razılıq verən bir qüvvədən ancaq növbəti milli xəyanət gözləmək məntiqli idi.

Artıq “Troya atı” meydana buraxılmışdı. O gecə-15 iyul gecəsi “bəlkə milli duyğular istismar olunaraq qarışıqlıq salmaq olar” axtarışları başladılır. Respublika Prokurorluğunun 15 iyul gecəsi Milli Məclisə basqının ilkin təhqiqatı haqqında verdiyi məlumatlardan aydın olur ki, məhz insanların vətənpərvərlik duyğularını istismar etmək indiki AXCP (Yurd birliyi-maşa) fəallarına tapşırıq olaraq verilmişdi. Bu fəallar vətənpərvərlik duyğularını istismar edərək təşkilatlarına aid olmayan bir qrupu da təxribata çəkə bildi. Rəhbərləri tərəfindən aldadılmış, təhrik olunmuş fəallar konkret adlarla izahat və müsahibələr veriblər. Aydın olmayan heç nə yoxdur. Respublika Prokurorluğu 2013-cü ildəki kimi yanlış davranacaqsa, yaranmış pis pressident növbəti dəfə daha pis formada təzahür edə bilər. Qarşıda isə işğal olunmuş ərazilərimizin azadlığı uğrunda Böyük və Müqəddəs savaş var. İfşa olunmuş maşaları zibil qutusuna ataraq, yola DAVAM!

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …