Ana səhifə / Siyasət / İki dövlət qurumu arasında münasibət gərginləşdi – Natiq Əliyev hücuma keçib

İki dövlət qurumu arasında münasibət gərginləşdi – Natiq Əliyev hücuma keçib

Bir neçə gün əvvəl Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin sektor müdiri Hüseyn İbrahimov və idarənin baş məsləhətçisi, hüquqşünas Samir Əliyev “Azəriqaz” İstehsalat Birliyini ittiham edib.
Hüseyn İbrahimov bildirib ki, “Azəriqaz”ın əməkdaşları bəzi hallarda qanunu düzgün qəbul etmədikləri və ya anlamadıqları üçün əhalinin və sahibkarların qapısını döyüb qanunsuz olaraq yoxlama aparırlar.
O əlavə edib ki, “Azəriqaz”ın əməkdaşlarının etdikləri yolverilməzdir: “Buna baxmayaraq, ”Azəriqaz” əməkdaşları bu tip hərəkətlərini davam etdirirlər. Bu isə bir çox hallarda işin məhkəməyə qədər uzanmasına səbəb olur. Əhalidən xahişimiz və tələbəmiz budur ki, qapılarını “Azəriqaz”ın işçilərinə açmasınlar. Inzibati Xətalar Məcəlləsinin 279, 280, 282 və 542-ci maddələrində bunlar təsbit olunub. Qaz paylayıcısı ilə qaz istehlakçısı arasında olan ən ümdə sənəd alqı-satqı müqaviləsidir. “Azəriqaz”ın bu müqavilədən kənara çıxmaq üçün heç bir səlahiyyəti yoxdur. Əgər əvvəl “Azəriqaz” əməkdaşlarının 6 aydan bir istehlakçını yoxlamaq səlahiyyəti var idisə, artıq onların bu səlahiyyəti ləğv edilib və bunu ehtiva edən bənd müqavilədən çıxarılıb. Buna baxmayaraq, “Azəriqaz”ın əməkdaşları yoxlamalar aparırlar. Bu sahədə nəzarəti yalnız Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti Idarəsi apara bilər”.
Samir Əliyev isə bildirib ki, indiyə qədər dəm qazından zəhərlənmə halları baş verən zaman qazın keyfiyyəti araşdırılmayıb: “Biz hesab edirik ki, dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri qazın keyfiyyətsiz olmasıdır. Çünki, yanma prosesi düzgün getmir və bunun nəticəsində orada yanmamış qazlar əmələ gəlir. Dövlət Xidməti bu məsələ ilə ciddi məşğul olacaq və bu cür hal və ya hadisə baş verərsə, mütləq qazın tərkibi də araşdırma predmeti olacaq. ”Azəriqaz” qazın keyfiyyətini ayda 3 dəfə yoxlamalıdır. Lakin bunu edirlərmi? SOCAR qazı özü istehsal edir.
Bundan başqa, qazı satan, yəni istehlakçıya çatdıran, keyfiyyətini yoxlayan da özüdür. Dövlət standartlarına uyğun olaraq hər bir kubmetr üçün 7 600 kilokalori istilik ötürmə qabiliyyəti nəzərdə tutulur. Amma “Azəriqaz” əməkdaşları bunu dövlət müqavilələrində 8 000 kilokalori kimi qeyd edir. Onlar əmin edirlər ki, qazın keyfiyyəti yüksəkdir, lakin evimizdə çaydan 3 saata qaynayır. Əslində, bu, istehlakçının hüquqlarının pozulması deməkdir. Qazın tərkibində hava qarışığı olmalıdır. Amma bu hava qarışığı həddindən artıq çox olarsa, partlayışa səbəb olar. Belə hallar isə son zamanlar çox olub”.
“Azadlıq” qəzeti isə yazır ki, Energetika Nazirliyinin bu faktları ictimaləşdirməsi səbəbsiz deyil. Məlumata görə, bu məsələlər barədə dəfələrlə nazirlikdən “Azəriqaz”a xəbərdarlıq edilib. Hətta şəxsən qurumun rəhbəri Əkbər Hacıyevə də bildirilib ki, bu qanunsuzluqlara son qoyulsun. Lakin Əkbər Hacıyev Energetika Nazirliyinin xəbərdarlıqlarına əhəmiyyət verməyib. Beləliklə də iki qurum arasında gərginlik yaranıb. Nəticədə “Azəriqaz”ın qanunsuzluqlarının ictimailəşdirilməsi qərara alınıb. Məlumatda bildirilir ki, energetika naziri Natiq Əliyev bu məsələdə sona qədər getməyə israrlıdır.

 

mia.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın