Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Samir Adıgözəlli: “Müsavat Partiyasının fəaliyyətinə xitam verilməlidir”

Samir Adıgözəlli: “Müsavat Partiyasının fəaliyyətinə xitam verilməlidir”

Məlum olduğu kimi, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının bir neçə fəal üzvünü saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Onlar saxta mühacir alverində təqsirli bilinirlər. Cinayətkar dəstənin saxlanan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həbslərin əsasən Müsavatın Avropa qanadı sayılan Avropa Koordinasiya Mərkəzi (AKM) adlı qurum ətrafında baş verdiyi bildirilir. Baş verən bu hadisə Azərbaycanın daxilində də ciddi narahatlığa səbəb olub. Biabırçılığa ilk kəskin reaksiyanı elə Müsavatın indiki və keçmiş üzvləri: Yadigar Sadıqlı, Alya Yaqublu, Taleh Xasməmmədov veriblər. Sosial şəbəkələrdə isə insanlar kütləvi şəkildə Müsavat rəhbərliyini istefaya, hətta partiyanı buraxmağa çağırıblar. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar. Müsavatın ətrafında son qalmaqalla bağlı hakimiyyətə qarşı radikal müxalif mövqeyi ilə seçilən jurnalist Xədicə İsmayılova da partiya rəhbərliyini istefaya çağırıb. Müsavat rəhbərliyinə istefa verməsi barədə müraciətindən sonra X.İsmayılova hücuma məruz qalıb. Onu sosial şəbəkələrdə təhqir etməyə başlayıblar. Müsavat rəhbəri Arif Hacılı, öz növbəsində, jurnalistə “böhtan və şantaj” səbəbindən istefaya getməyəcəyini deyib. Göründüyü kimi, Müsavatın indiki rəhbərliyi ittihamları yaxına buraxmaq belə istəmir. Nəinki partiyanı buraxmaq, heç istefa vermək fikirlərinin olmadıqlarını bəyan edirlər. Bu cür ictimai qınağın fonunda Müsavat Partiyası nə etməlidir, daha nə olmalıdır ki, onlar özlərini buraxsınlar?

“Bu cür cinayətləri müqəddəs adın belinə yükləmək olmaz”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, yaranmış vəziyyəti yaxından izləyir və dərin təəccüb keçirir: “Müsavat Partiyasının fəaliyyətini yaranandan izləyirəm. Açığını deyim ki, bu gün baş verənlər mənim üçün dərin yenilik sayılmır. Partiyanın ən güclü vaxtında, vitrini ziyalılarla dolu olan zamanda məni İsa Qəmbər məhkəməyə verdi, mətbuatda onu tənqid etdiyimə görə. Deməyim budur ki, onlar yarandığı gündən demokratik dəyərlərə hörmətlə yanaşmayıblar. Bilirsiniz, müsavatçılığı bir zümrə mənimsəyə bilməz. Şəxsən mən özümü Arif Hacılıdan da, İsa Qəmbərdən də çox müsavatçı sayıram. Axı bu ad bizim üçün dəyərdir. Həmin məfkurənin kökündə bizim müstəqilliyimiz, azadlığımız durur. Belə adla necə alver etmək olar? Əgər Arif Hacılı və onun yaxın ətrafı pul qazanmaq istəyirsə, onda bir MMC açıb kommersiya fəaliyyəti ilə məşğul olsunlar. Ortada bu dərəcədə faktlar ola-ola bunlar müqavimət göstərirlər. Çünki öyrəniblər, özlərinə yaxın hansısa şəxsi konkret cinayət əməlinə görə həbs edirdilərsə, həmin dəqiqə çıxıb onu “siyasi məhbus” adlandırırdılar. İndi edə bilmirlər. Çünki həbsləri Almaniya polisi aparıb. Hesab edirəm ki, indiki rəhbərlik nəinki istefa verməli, ümumiyyətlə, partiyanın fəaliyyətinə xitam verməlidir. Bu cür cinayətləri müqəddəs adın belinə yükləmək olmaz. Hərə bir brendi mənimsəyib, nə istədi edə bilməz. Sağ olsunlar, vəziyyətə daha çox etirazı elə indiki və sabiq müsavatçılar edirlər. Bundan sonra onların reabilitasiya oluna bilmələri getdi. Onlar Müsavatın partiya kimi fəaliyyətinə son qoymaqla bağlı qərar çıxarmalıdırlar”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …