Sosial şəbəkədə biz:
Kanalizasiya yox, sistem problemi: Bakı niyə hər il su altında qalır?
Xəbər Şəkli

Kanalizasiya yox, sistem problemi: Bakı niyə hər il su altında qalır?

03 April 2026, 08:19
Sosial

Bir neçə gün əvvəl Bakıya yağan intensiv yağışlar nəticəsində paytaxtın müxtəlif ərazilərində yollar, fərdi yaşayış evləri və iaşə obyektləri, avtomobillər su altında qalıb, bəzi qəsəbələrdə isə körpülər və yollar yararsız vəziyyətə düşüb.

Hər il təkrarlanan bu cür güclü yağışlar oxşar fəsadlara səbəb olur, bəzi hallarda isə insan tələfatı ilə nəticələnir. 2024-cü ilin oktyabrında Sabunçu tunelində baş verən hadisə zamanı iki nəfərin boğularaq ölməsi problemin ciddiliyini bir daha gündəmə gətirmişdi.

Rəsmi mövqe: məsuliyyət kimdədir?

Rəsmi qurumlar adətən bu hadisələri “iqlim dəyişikliyi” və “normadan artıq yağıntı” ilə izah edərək təbii fəlakət kimi təqdim edir.

Hadisədən sonra, martın 30-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə bildirilib ki, “aparılan monitoriqlərin nəticələrinə əsasən, yağışdan ən çox vaxtilə heç bir tikinti normalarına uyğun olmayaraq qanunsuz tikilən evlər ziyan görüb”.

Vətəndaşlar şikayət edir: “Hər yağışdan sonra eyni vəziyyət”

Sosial şəbəkələrdə yayılan görüntülər və istifadəçi rəyləri isə problemin sistemli xarakter daşıdığını göstərir. Sabunçu sakini Vüsal Əliyev deyir ki, hər yağışdan sonra evi su altında qalır:

Bakıya yağan yağışdan sonra vəziyyət – Foto: Video Screenshot – Meydan TV Instagram hesabı

“Həyət evidir. Yağış yağan kimi ev su içində qalır, mebellərim ziyan görür. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmayıb. Hər dəfə deyirlər ki, düzələcək, amma dəyişən heç nə yoxdur”.

Xırdalan sakini Aysun Məmmədova da oxşar problemlə üzləşdiyini bildirir:

“Hər dəfə yağış yağanda qorxu içində oluruq ki, ev yenə su altında qalacaq. Uşaqlar gecə yata bilmir. Hər dəfə suyu özümüz təmizləyirik və ziyana düşürük. Dəfələrlə müraciət etmişik, amma nəticə olmayıb”.

Problemin səbəbi: zəif infrastruktur

2026-cı il yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə isə problemin əsas səbəblərindən biri kimi kanalizasiya sisteminin zəifliyi göstərilib. Dövlət başçısı leysan yağışları zamanı şəhər nəqliyyatının iflic olduğunu bildirib.

Onun sözlərinə görə, çıxış yolu kimi Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması və kanalizasiya ilə təminat səviyyəsinin 50 faizdən 95 faizə çatdırılması planlaşdırılır.

Bakıda kanalizasiya sisteminin yenidən qurulmasına və bərpasına da vaxtaşırı vəsaitlər ayrılıb. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb. Onun sədri də o vaxt Prezident Administrasiyasının sədri olan Ramiz Mehdiyev təyin edilib. Sözügedən sərəncamın icrası ilə bağlı 2017-ci ilin mayında baş nazirin sabiq müavini Abid Şərifov bildirmişdi ki, ümumilikdə 14 layihənin həyata keçirilməsi planlaşdırılıb, 12 layihəyə 14 milyon 200 min manat vəsait ayrılıb. Amma sonradan layihələrin icrası ilə bağlı məlumat verilməyib.

Hövsan və Zığ layihəsi üçün Fransadan 35 milyon avro kredit, əlavə olaraq dövlət büdcəsindən 44,9 milyon manat ayrılıb.

Ümumilikdə indiyədək 314,8 milyon manat ümumi vəsait ayrılıb.

Bundan əlavə, Bakı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan baş plana əsasən, 2020–2040-cı illər ərzində paytaxtın su təchizatı və kanalizasiya sistemlərinin qurulması üçün ümumilikdə 9,2 milyard manat vəsait tələb olunur. Bu məbləğin 487,9 milyon manatı isə yalnız yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya xətlərinin çəkilişinə ayrılır.

Ekspert: “Özbaşına tikinti, korrupsiya, rüşvət hallarının nəticəsində belə bir durum yaranıb”

İqtisadçı Zöhrab İsmayıl Meydan TV-yə bu problemin bir neçə səbəbinin olduğunu deyir.

“Təxminən 17-18 il ərzində Bakının baş planı olmayıb. Eyni zamanda da 2000-ci illərdən etibarən binalar tikilib, yollar salınıb. Bu proses zamanı da yağış sularını dənizə axıdan bütün xətlər məhv edilib. Özbaşına tikinti, korrupsiya, rüşvət hallarının nəticəsində belə bir durum yaranıb. Neft gəlirlərindən əldə olunan milyardlarla pulun bir qismi də Bakıda mənasız, tunellər, yolların salınmasına xərclənib. Bunun nəticəsində biz yenə də gördük ki, Bakıda ümumiyyətlə, bu sistem yoxdur”.

İqtisadçı deyir ki, problemi aradan qaldırmaq üçün də milyardlarla manat xərclənməlidir:

“Yenidən bütün yollar qazılmalıdır. Tunellər qurumalıdır. Söhbət tək kanalizasiya və ya yağış sularından getmir. Yollar çökür. Çünki onların özülü yoxdur.  Boş torpaqların üzərindən avtomobil yolları çəkilib. Bütün bunlara çox böyük pullar lazımdır. Amma burada heç bir perspektiv də görünmür. Çünki Azərbaycan hökuməti müasir, modern idarəetməni qəbul etmir. İlham Əliyev bu məsələləri özü şəxsən bu və ya başqa formada həll edir”.

Ekspert bildirir ki, zərərçəkmiş insanlar məhkəmələrə müraciət etməlidirlər.

“Çünki bütün bu baş verənlər hamısı dövlət qurumlarını yanlış fəaliyyəti, yəni öz vəzifələrinin öhdəsindən gəlməməsi nəticəsində baş verib. Amma bu prosesin çıxış yolu yoxdur. Növbəti dəfə yenə yağış yağanda eyni şeylərin şahidi olacağıq”,- deyə Zöhrab İsmayıl əlavə edib.