Sosial şəbəkədə biz:
İlk rübdə icmal büdcədə 200 milyon manata yaxın kəsir yaranıb
Xəbər Şəkli

İlk rübdə icmal büdcədə 200 milyon manata yaxın kəsir yaranıb

08 April 2026, 09:41
Sosial

2026-cı ilin yanvar-mart aylarında icmal büdcədə 191 milyon manat kəsir yaranıb. Ümumilikdə, cari ilin ilk rübünə dair göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisə etdikdə, həm icmal, həm də dövlət büdcəsinə daxil olan vəsaitlərin ciddi şəkildə azaldığını görmək olur.

Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 8 milyard 852,6 milyon manat, xərcləri isə 9 milyard 43,6 milyon manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə icmal büdcənin gəlirləri 10 milyard 744,3 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisdə etdikdə 2026-ci ilin birinci rübündə icmal büdcəyə daxilolmalar 17,6 faiz azalıb və ya 1,9 milyard manata yaxın azalma müşahidə olunub.

Gəlirlərin azalmasına baxmayaraq, icmal büdcənin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artıb.

İcmal büdcəyə Dövlət Neft Fondunun, dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, Dövlət Sosial Müdafiə, İşsizlikdən Sığorta və İcbari Tibbi Sığorta fondlarının gəlir və xərcləri daxildir.

Dövlət büdcəsinə gəlincə, bu ilin yanvar-mart aylarında gəlirlər 9 milyard 599 milyon manat təşkil edib. Maliyyə Nazirliyi bildirir ki, bu göstərici proqnozu 5 faiz və ya 458,9 milyon manat üstələyib. Lakin ötən ilin birinci rübü ilə müqayisədə büdcə gəlirlərində 1,4 faiz azalma qeydə alınıb.

Büdcə xərclərində də 3,7 faiz kiçilmə müşahidə olunur. Belə ki, cari ilin ilk rübündə hökumət 7 milyard 817,1 milyon manat xərcləyib. Bununla da, nəzərdə tutulan xərclərin 97,6 faizi icra edilib. Hökumət ilin ilk rübü üçün proqnozlaşdırılan xərclərin təxminən 195 milyon manatını ixtisar edib.

Ümumilikdə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə hökumətin büdcə xərcləmələrinin 3,7 faiz azaldığını vurğulamaq olar.