“Dəmir yol sistemində alternativ şirkətlərin olması qeyri-mümkündür. Birincisi, heç bir ölkədə belə bir şey yoxdur. Dəmir yol infrastrukturu vahiddir. Bu, təbii inhisardır, sadəcə dövlətə məxsusdur. Heç kim alternativ dəmir yolu relsi çəkməyəcək, heç buna pul da qoya bilməz, çünki çox böyük məbləğ tələb olunur. Ehtiyac da yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, bəzi ölkələrdə sadəcə relslərin üzərində hərəkət edən qatarlar müxtəlif özəl şirkətlərə mənsub ola bilər: “Gəlin baxaq, Azərbaycanda hər bir halda dəmir yolu nəqliyyatı üzrə biletin qiyməti bu sahəyə çəkilən xərcdən aşağıdır. Bizdə bilet çəkilən xərclə müqayisədə ucuzdur. Özəl şirkət gəlib necə rəqabət aparsın? Bundan da ucuz edə bilər? Kimsə zərərlə işləmək istəyər? Əlbəttə, yox. “Azərbaycan Dəmir Yolları” QSC dövlətdən əlavə vəsait, dotasiya alır. Özəl şirkət bundan da ucuz etməyəcək. Sadəcə, müəyyən mənada ictimai nəzarət olmalıdır. İndiki şəraitdə hansısa rəqabətin olması mümkün deyil”.